Müəllim ömrü-Düyərlidən Qazaxstana, oradan isə Mingəçevirə…-VİDEO+FOTO

Təqaüddə olan müəllim:” Heç bir fəxri ad almasam da şagirdlərin və valideyinlərin məhəbbətini qazandım,bu mənim üçün hər şeydən üstündür”.

Müəllim ömrünü şama bənzədirlər. Şam yanaraq ətrafını işıqlandırdığı kimi, müəllim də cəmiyyətə nur, işıq saçır. Ömrünün 45 ilini təhsilin inkişafına, şagirdlərin təlim-tərbiyəsinə həsr etmiş, pedaqoq, dövrünün tanınmış ziyalısı Məhəbbət Süleymanova.

Məhəbbət xanım hal-hazırda təqaüddə olan bir pedaqoqdur.O, sevimli bir müəllimi kimi şagirdlərinin və valideynlərin hörməti qazanıb. Belə insanları xatırlamaq,cəmiyyətə tanıtmaq media işçilərinin üzərinə düşür. Hər kim olur olsun,işindən,peşəsindən asılı olmayaraq uzun illər fəaliyyətindən sonra onunla həmsöhbət olmaq həmin insanlara necə xoş təsir bağışladığının şahidi olmuşam.Müsahibə zamanı onlar gah uşaqlaşır,gah kövrəlir,gah sevinir sanki unudalmadıqlarını bir daha cəmiyyət arasında olduqlarına sevinirlər.Ona görə də biz unutmayaq ki,unudulmayaq.

Müsahibimiz Məhəbbət Süleymanova müəllim ailəsində dünyaya göz açıb.Elə müəllimlik peşəsini də ona atası sevdirib.Məhəbbət xanım əslən Şəmkir rayonunun Düyərli kəndindəndir. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin  ibtidai metodika və pedaqogika fakultəsini bitirib.İlk təyinatını da həmin kəndə müəllim kimi gedib.Atası da Düyərli kəndində müəllim olaraq çalışıb.

Müəllimə deyir ki,ailədə 8 övlad olmuşuq. 6 bacı 2 qardaş (qardaşlar rəhmətə gedib)tək bir bacımdan savayı(o tez ailə qurdu)valideyinlərim hamımıza ali təhsil veriblər.

Bu arada xanım müəllimə kövrələrək anasının arzusunu dilə gətirdi:”Anamın ən böyük arzusu məni atamla çiyin-çiyinə birlikdə işləməyimi istəyirdi. Yaşadığım kənddə bir il işlədikdən sonra ailə həyatı qurdum və Qazaxstana köcdük. Beş il ordada yaşadıq ,yoldaşım öz sahəsi üzrə, mən də uşaq bağçasında 15 gün işlədikdən sonra məni bağça müdirəsi təyin etdilər. 1988-ci ildə Azərbaycana qayıtdıq və Mingəçevir şəhərində yaşamalı olduq. Yoldaşım uzun müddət öz ixtisası üzrə rəhbər işlərdə çalışdı..

Mən həmişə anamgilə gedəndə anam mənim necə bir müəllim olduğumu soruşurdu.Mən ona sanki öz müəllimlik fəaliyyətimlə bağlı hesabat verirdim. Mən də ailəmdə gördüyümü öz həyatımda,ailəm də davam etdirmişəm.İki övladım bir qızım,bir oğlum var,gözümün işığı iki də nəvəm var. Biz də rəhmətlik yoldaşım Vidadi Osmanovla övladlarımıza alı təhsil verdik. Hazırda iki gözəl nəvəm var. Böyük nəvəm Xumarə İqtisad Universitetinin Qida Mühəndisliyi fakultəsində oxuyur. Oğlum da müxtəlif sahələrdə çalışıb.

Yoldaşım Vidadi Mingəçevirin sayılıb -seçilən energetiklərindən olub. Uzun müddət Mingəçevirdə  “Azərenerji”nin satış şöbəsinin rəisi vəzifəsində çalışıb.

Onu da deyim ki,1989-cu ildə iş üçün Mingəçevir şəhər təhsil şöbəsinə müraciət etdim. Həmin dövrdə təhsil şöbəsinin müdiri Validə xanım Əlizadə idi.O, məni təmənnasız 2 nömrəli məktəbə müəllim təyin etdi. O vaxtlar çox gözəl vaxtlar idi,hər şey asan, rahat, sözsüz-söhbətsiz.  Elə o vxtdan İ.Zeynalov adına 2 nömrəli məktəbdə təqaüd yaşına qədər işləmişəm. İşlədiyim müddətdə özümü tərifləmək olmasın, xoşluyurdum ki,dərs dediyim şagirdlərin ailəsi ilə maraqlanım. İnandırım sizi elə şagirdlərim olub ki,yaşayışı çox acınacaqlı idi. Mən yoldaşımla bərabər həmin ailəyə lazım olan ev əşyalarından tutmuş,ərzaq bağlamalarına qədər aparmışam.Şagirdlərimə tək müəllim yox həm də mənəvi ana olmuşam.

https://youtu.be/4qYrjB-S3UY?si=OY2qFgVE_Ea53Ike

Yeri gəlmişkən deyim ki,iki şagirdim Mədinə Rzayeva və Nərmin Əliyeva Mingəçevir Dövlət Universitetində çalışır. Hətta onların mənəvi anaları kimi xeyir işlərində də iştirak edirəm”. İbtidai sinif müəllimi olmağın nə kimi çətinlikləri və üstünlükləri var? Sualına Məhəbbət müəllim “ fikrimcə, işini sevən biri üçün peşəsindən asılı olmayaraq heç bir fərqi yoxdur. Bizim dövrümüzdə müasir ifrastruktur olmasada çalışırdıq ki,şagirdlərimiz yetərincə yüksək biliyə sahib olsunlar. Bir müəllim kimi yetirmələrimin səsini yaxşı yerlərdən eşidəndə elə bilirəm bütün dünyanı mənə bağışlayırlar. Onlar məni harda görsələr mənimlə hal-əhval tutmaları,öz sevinclərini mənimlə bölüşmələri mənə dünyadır”.

Həmsöhbətimiz bir az da universitet illərindən,hələ də tələbə yoldaşları ilə bir-birlərlərinin əlaqələrindən danışdı:”Mənim evimdə kiçik kitabxanam var. İşlədiyim dövrlərdə şəkilli albomlarım,oxuduğum kitablar və mənə tələbə yoldaşlarım tərəfindən bağışlanan kitabları həmin rəflərdən götürüb sevə-sevə oxuyuram”. Dünyaya bir daha gəlsəniz yenə müəllimlik peşəsini sevərdiniz? -Əlbəttə, Müəllim ömrü bir şama bənzər. O, şagirdinin sabahı üçün zərrə-zərrə əriyir.İndi bilmirəm necədir biz şagirdlərə mütailə etməyi,qəzet,jurnal oxumağı sevdirirdik.Yadımdadı Tumurcuq qəzeti vardı.Həmişə şagirdlərimin şeirləri,məqalələri orada çap olunurdu.Amma indiki uşaqların əlindən mobil telefon düşmür”.

-Məhəbbət müəllimə, Siz şagirdlərinizə hər zaman anlayışlı, səmimi və xeyirxah hisslərlə yanaşmısınız. Ümumiyyətlə, bu günün şagirdini təbəssümlə, sevgi ilə ələ almaq, qəlbinə yol tapmaq asandırmı?

-Qeyd edim ki, müəllim şagirdini sevməsə, özünü də sevdirə bilməz. Əvvəl sevgi- sonra tələbkarlıq, düzgün istiqamətə yönəltmək, məsuliyyət hissini artırmaq, dərin biliyə nail olmağı aşılamaq- bu kimi meyyarlarla yaxşı nəticə əldə etmək mümkündür. Müəllim vətənpərvərliyi, insansevərliyi, dürüstlüyü və vicdanlı münasibəti ilə şagirdinə bir nümunə olmalıdır və hətta müəllim şəxsi fəaliyyəti ilə nəinki şagirdinə, bütünlükdə cəmiyyətə nümunə olmalıdır. Yəni biz belə görmüşük…

-Boş vaxtlarınızı necə və harda keçirirsiz?

-Boş vaxtımın çox hissəsini məktəbli nəvəmlə keçirirəm. Daha sonra Mingəçevirdə fəaliyyət göstərən Yaşa mərkəzinə gedirəm .Orada əl işləri,müxtəlif dərnəklər üzrə çalışırıq. Çalışıram ki,ömrümün qalan hissəsini səmərəli keçirim.

-Son olaraq arzu və diləklərinizi…

-Hamı kimi mən də Vətənimi, torpağımı, millətimi çox sevirəm. Hər kəsin uğurlarına sevinirəm. Dövlətimin, insanların firavanlığını, xoşbəxtliyini istəyirəm.

Məllimə ilə müsahibənin tam versiyasını bu videodan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=4qYrjB-S3UY

                                     

 

Esmira Hidayətova,

Mingəçevir