Mən, müəllimlik peşəsinə könül verəndə, bu yolun sadəcə peşə deyil, böyük və məsuliyyətli bir missiya olduğunu dərk edirdim.Çünki müəllim ailəsində dünyaya göz açmışdım. Həyatım boyu çox insanlardan təsirlənsəm də, həqiqi mənada öz yolumu müəyyənləşdirən, gələcəyimə istiqamət verən bir şəxsiyyət vardı: görkəmli dövlət xadimi Ümummilli Liderimiz Heydər Əliyev. Müəllim adını dünyadakı ən uca ad hesab edən Ulu öndər bütün fəaliyyəti boyu bu adın şərəfini qorumağı özünə borc hesab edib. O deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Onun bu qəbildən olan fikirləri, müəllim əməyinə verdiyi yüksək qiyməti, milli dəyərlərə bağlılığı mənə müəllimlikdə yalnız bilik verməyin deyil, həm də insan yetişdirməyin nə qədər önəmli olduğunu anlatdı.
“Hər birimizin qəlbində, ruhunda müəllim zəhmətindən pay, müəllim nurundan zərrə var” deyən Heydər Əliyev Azərbaycan müəllimlərini ən yüksək mənəviyyata və vətəndaşlıq hisslərinə malik olan insanlar kimi cəmiyyətimizə təqdim edirdi. Bu sözlər bir müəllim üçün sıradan bir ifadə deyil, bir yaşam amalı, bir həyat ideal idi. Mən başa düşdüm ki, hər bir şagirdə öz xalqına xidmət etməyi, Vətəninə layiq vətəndaş olmağı öyrətmək müəllimin ən ümdə vəzifəsidir.
Gənclik illərimdə televiziya ekranlarından Heydər Əliyevin çıxışlarına baxanda onun nitqindəki sözlərin nə üçün belə ürəyə təsir etdiyini tam anlamırdım. Amma yaşa dolduqca, həyatın çətin yollarını keçdikcə anladım: O, sadəcə danışmırdı, o həm də xalqının ruhunu danışdırırdı. Hər ifadəsində xalqına, dövlətinə, tariximizə olan sonsuz sevgisini hiss etdirirdi. Bu isə mənim kimi minlərlə yeniyetməyə,gəncə təsisrsiz ötüşmürdü.
Bir müəllim olaraq mən də dərslərimdə yalnız kitab biliklərini deyil, həm də bu sevgini, bu bağlılığı şagirdlərimə aşılamağa çalışıram.Axı müəllim yetirmələrinə gizlədilməsi mümkün olmayan gözəllik bəxş edir, yəni bilik öyrədir, həyat üçün zəruri olan bacarıq və vərdişlər aşılayır. İnsanın kamilləşməsi, əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı onun aldığı təlim-tərbiyədən və bu prosesi düzgün yönləndirən və həyata keçirən müəllimlərdən asılıdır.
Heydər Əliyevin istər sovetlər dönəmində, istərsə də müstəqillik dönəmində müəllim əməyinə verdiyi dəyər həmişə məni təsirləndirib, mənə ruh verib. O, müəllimi cəmiyyətin memarı hesab edirdi. Onun təşəbbüsü ilə müəllim əməyinin qiymətləndirilməsi, təhsil sistemində köklü islahatların aparılması bir gerçəyi göstərdi: güclü, qüdrətli Azərbaycanın gələcəyi savadlı, vətənpərvər gənclərin yetişdirilməsindən asılıdır. Mən hər dəfə sinfə daxil olanda, hər dəfə dərsə başlayanda bunu xatırlayıram. Çünki mən təkcə bilik öyrətmirəm, bir millətin gələcəyini formalaşdırmaq öhdəliyini, vəzifəsini yerinə yetirirəm. Bunu mənə öyrədən ən böyük müəllim isə təkrarolunmaz tarixi şəxsiyyət Heydər Əliyev olub.
Ulu öndər üçün milli-mənəvi dəyərlər sadəcə keçmişini unutmamaq və keçmişin bir xatirəsini yaşatmaq deyildi; o, onları gələcəyin əsas bünövrəsi, əsas sütunu hesab edirdi. Bunu dərk etdiyim gündən dərslərimdə Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının müqəddəsliyini sadəcə məlumat kimi yox, bir enerji kimi şagirdlərimə ötürməyə başladım. Onun “Dilini itirən xalq, özünü itirər” fikri hər zaman beynimdə səslənir. Dilə, mədəniyyətə, milli kimliyə bu qədər dərin hörmət, mənim müəllimlik görəvimi daha da rəngarəng və məsuliyyətli etdi.
Bəzən çətinliklərlə qarşılaşanda, yorulanda və ya ümidsizlik duyanda Heydər Əliyevin həyat yolunu xatırlayıram. O, qarşısına çıxan hər maneəni xalqı üçün aşırdı. O, heç vaxt öz yolundan dönmədi. Bu düşüncə mənim üçün bir çağırışdır: “Daha çox çalış! Daha çox sev! Daha çox inan və inandır!” Çünki müəllim də, Heydər Əliyev kimi, millətinə xidmət edən səssiz qəhrəmandır.
Öz uzaqgörən addımları ilə tarix yaradan dahi şəxsiyyət Heydər Əliyev həmişə müəllimlərin dərin еlmi-pеdаqоji biliklərə yiyələnməsini, mükəmməl ixtisas biliyinə sahib olmasını, yüksək pedaqoji səriştəliliyə malik olmasını tələb edib. O həmişə xüsusi vurğulayırdı ki,hər bir müəllim bilməlidir ki, оnun üzərinə düşən vəzifə, оnun dövlət üçün, millət üçün, Аzərbаycаn хаlqı üçün gördüyü iş bütün bаşqа sаhələrdə fəаliyyət göstərən insаnlаrın hаmısının işindən ən gərəklisidir, ən lаzımlısıdır.
Vurğulamaq yerinə düşər ki,ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları, qəbul edilən mühüm qərarlar bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirildi.
1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.
1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev ana dilində söylədiyi nitqində ali təhsil sahəsində qarşıda duran vəzifələri yaxın gələcək üçün hədəf olaraq ortaya qoydu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Butün bunlar həm də müəllimlərə olan yüksək qiymətin əyani təzahürü idi.
Məhz Heydər Əliyevin təşəbbüsü və himayəsi sayəsində milli kadr potensialının gücləndirilməsi məqsədi ilə 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı.
“Təhsil millətin gələcəyidir”, – deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.
1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi.
“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb.
Görkəmli dövlət adamı Heydər Əliyev istər ölkəmizə birinci rəhbərliyi, istərsə də ikinci rəhbərliyi dönəmində respublikanın bütün bölgələrinə səfərlər edib,müxtəlif təyinatlı müəssisələrinin açılışlarında şəxsən iştirak edib. Onun doğma sovetlər dönəmində Yevlaxa dörd dəfə, müstəqillik dönəmində isə bir dəfə(1998-ci ildə) səfər etməsi rayonun iqtisadi, mədəni və təhsil sahəsində inkişafına mühüm töhfələr verib.
Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə çağdaş yanaşmaların tətbiqidir. Son 22 ildə həyata keçirilən təhsil layihələri, yenilənən təhsil strategiyaları onu göstərir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə və sürətlə inkişaf edən qabaqcıl dünya təhsilinə inteqrasiya olunmağa hesablanıb.
50 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olan mərhum atam Məzahir müəllim Heydər Əliyevin pedaqoqlara və müəllimlik peşəsinə оlаn münаsibətindən danışarkən deyirdi:” Onun hər bir davranışında müəllimə qarşı müdrikliyi, qаyğıkеşliyi, müəllimlik peşəsinə sonsuz sayğısı və ehtiramı aydın şəkildə görünürdü. Bu, bir tərəfdən оnun dövlət bаşçısı kimi ölkənin hərtərəfli inkişafı naminə həyata keçirdiyi fəaliyyətlərdən irəli gəlsə də, digər tərəfdən оnun iхtisаscа müəllim оlmаsı ilə bаğlı idi. Heydər Əliyevin insanlara yanaşma tərzi, mükəmməl ünsiyyət bacarığı, “hər kəs öz dilində danışsın” prinsipini üstün tutması Ulu Öndərin pedaqoji məharətindən, psixoloji, etik biliklərə dərindən yiyələnməsindən, geniş dünyagörüşünə malik olmasından və nəhayət, “Heydər Əliyev pedaqogikası”ndan xəbər verirdi. Ulu Öndərin səlis və aydın nitqi, humanistliyi, demokratik düşüncələri, tolerantlığı, əzmkarlığı, peşə fədakarlığı, dərin zəkası, incə yumoru, dəmir iradəsi, habelə səliqəli geyimi, vüqarlı yerişi, danışan baxışları, özünəməxsus davranış və hərəkətləri hər bir müəllimin peşə fəaliyyəti üçün bariz nümunə olub. O, müəllimlik peşəsini ürəkdən sevib, müəllim əməyinə yüksək qiymət verib. Heç də təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanda ona təklif olunan çoxsaylı fəxri adlardan yalnız “Xalq müəllimi” fəxri adını məmnuniyyətlə qəbul edib”.
Dahi şəxsiyyət Heydər Əliyev müəllim adını çox yüksəkdə tutub və ona müqəddəs bir peşə kimi baxıb: “…Mən Аzərbаycаnın sаdə vətəndаşıyаm. Bu аddаn yük¬sək аd yохdur. Аncаq bundаn dа yüksək аd müəllimlikdir…” Bu fikirlər dahi və uzaqgörən dövlət adamının ülvi, müqəddəs həyat amalı, həyat ide¬ya¬ları, həyat fəaliyyə¬tinin meyarı, ölçüsü olub.
Bir sözlə,Türk dünyasının böyük oğlu Heydər Əliyev mənim üçün təkcə böyük dövlət xadimi deyil, həm də qutsal müəllimlik peşəsində bir mayakdır. O, öz həyat yolu ilə mənə və mənim kimi yüzlərlə müəllimə öyrətdi ki, ideallar uğrunda mübarizə aparmaq, sevərək işləmək, öyrətmək və öz milli kökünə bağlı yaşamaq ən böyük şərəfdir.
Bu gün də sinfə daxil olanda, dərsə başlayanda, şagirdlərimin işıq saçan gözlərinə baxanda, içimdə bir minnətdarlıq hissi duyuram: “Təşəkkür edirəm, Heydər Əliyev,təşəkkür edirəm, Böyük Müəllim! Mənə ən layiqli, ən işıqlı yolu göstərdiyiniz üçün. Mənə xalqıma, Vətənimə, gələcəyimə sonsuz sevgi və inam aşıladığınız üçün. Ruhunuz şad olsun!”.

Həsənova Jalə,
M.Ə.Sabir adına Yevlax şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi