Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarının müdavimi, Qahirə Universitetinin tələbəsi Fatima Şaker Əlcəzairin “Əl Hərir” qəzetində böyük qəzəl ustası Əliağa Vahidin yaradıcılığı haqqında məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın klassik poeziya nümunələri və görkəmli şairlərinin yaradıcılığından ətraflı bəhs olunub. Müəllif qeyd edib ki, Şərq və İslam ədəbiyyatına misilsiz töhfələr vermiş azərbaycanlı söz ustaları, eyni zamanda, ərəb nəzminin formalaşmasında da mühüm rol oynayıblar. Nizami Gəncəvi və Füzulu kimi dahi şair və mütəfəkkirlər Şərq poeziyasının və fəlsəfi fikrinin görkəmli nümayəndələri kimi tanınırlar.
Məqalədə ərəb sözü olan “qəzəl” haqqında da məlumat verilir, Azərbaycanda bu janrın ən görkəmli nümayəndəsinin böyük söz ustası Əliağa Vahid olduğu qeyd olunur. F.Şaker diqqətə çatdırır ki, orta əsr klassik ədəbiyyatının bu aparıcı janrı Vahid poeziyasının timsalında XX əsr Azərbaycanında yaşadılıb və şair öz qəzəllərində romantizm ənənələrini davam etdirib.
Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin kurslarında dilimizi öyrənən tələbələr müntəzəm olaraq ərəb mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edirlər.