Bu günlərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən xarici jurnalistlərdən ibarət qrupun üzvlərindən biri, misirli media nümayəndəsi Ayman Al-Amin Misir və Əlcəzair mətbuatında silsilə məqalələrlə çıxış edib.
Misirli jurnalist AZƏRTAC-a açıqlamasında bildirib ki, əməkdaşı olduğu “Rayetmısr” portalında səfər zamanı Xocalı soyqırımının canlı şahidləri ilə görüşündə onlardan aldığı müsahibələr dərc edilib. “Bu görüş haqqında yazdığım məqalə Misir oxucularında böyük maraq doğurub. Çalışmışam ki, ermənilərin Xocalıda törətdikləri qırğının dəhşəti barədə həqiqətləri faciənin canlı şahidlərinin dilindən çatdırım”, – deyə jurnalist qeyd edib.
A.Al-Amin, həmçinin Əlcəzairin “Əl Hərir”, Misirin “Yeni dünya xəbərləri” portallarında Şuşa və Füzuliyə səfəri barədə məqalələrlə çıxış edib. Diqqətə çatdırıb ki, o, öz yazılarında Qafqazın mədəniyyət incisi olan Şuşada ermənilərin törətdikləri dağıntıları əks etdirməyə çalışıb, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində uğurla davam edən bərpa-quruculuq işləri, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı və digər obyektlər barədə ətraflı məlumat verib.
Misirli jurnalist sonda vurğulayıb ki, Qarabağ torpağı ilə yanaşı, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı ilə tanışlıq da onda və qrupa daxil olan media nümayəndələrində böyük təəssürat yaradıb.