Misirli baş redaktor: Prezident İlham Əliyev XXI əsr İslam tarixində xilaskar sərkərdə və müdrik dövlət xadimi kimi qalacaq
Torpaqlarını düşmən tapdağından qurtarmış və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan Prezidenti İlham Əliyev XXI əsr İslam tarixində xilaskar sərkərdə və müdrik dövlət xadimi kimi qalacaq.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bu yaxınlarda Qarabağa səfər etmiş Misirin “əl-Diplomasi” portalının baş redaktoru Əşrəf Əbu Arafə söyləyib. İşğaldan azad olunmuş ərazilərə səfəri ilə bağlı təəssüratlarını bölüşən jurnalist deyib: “Ərəb ölkələrinin jurnalistlərindən ibarət qrupun tərkibində Füzuli, Ağdam və Qafqazın incisi Şuşada olduq. Füzulu Beynəlxalq Hava Limanı, yeni infrastruktur obyektlərinin inşasını öz gözlərimizlə gördük. Quruculuq işlərinin miqyası Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Biz, həmçinin işğaldan azad olunmuş torpaqlarda ermənilərin məhv etdiyi qədim abidələrin, o cümlədən İslam məbədlərinin bərpasının şahidi olduq. Ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş Azərbaycan, həm də öz resursları hesabına bütün bu bərpa-quruculuq işlərini uğurla davam etdirir. Əlbəttə, bu uğurlar xalqının böyük etimadını qazanmış, dünyada nüfuzlu siyasətçi kimi tanınan Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində mümkün olub”.
Rəhbərlik etdiyi portalın və ərəb ölkələrinin mediasının Azərbaycanın haqq işini ictimaiyyətə çatdırmasından bəhs edən Ə.Əbu Arafə qeyd edib: “Bakıda faydalı görüşlərimiz oldu. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bizi qəbul etdi və olduqca faydalı tövsiyələr verdi. Prezidentin köməkçisi diplomat kimi vaxtilə Misirdə fəaliyyət göstərdiyi üçün ərəb dünyasına və mediasına yaxşı bələddir. Biz onunla apardığımız müzakirə zamanı Azərbaycan və ərəb ölkələri jurnalistlərinin əməkdaşlığının perspektivlərini müzakirə etdik.
Bizim üçün daha bir faydalı görüş AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla oldu. Bu, mənim Azərbaycanın rəsmi dövlət agentliyində ikinci görüşüm idi. İllər öncə Misir jurnalistlərinin nümayəndə heyətinin tərkibində də AZƏRTAC-da olmuşdum və bu dəfə yeni, ən müasir standartlara cavab verən binada keçirilən görüş məndə böyük təəssürat yaratdı. Mən İdarə Heyətinin sədrinin diqqətinə çatdırdım ki, “əl-Diplomasi” portalı istər 44 günlük müharibə, istərsə də işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri haqqında AZƏRTAC-ın ərəb və ingilis dillərində olan materiallarını mütəmadi olaraq yayımlayıb. Əlbəttə, bizim üçün mühüm olan etibarlı mənbədən alınmış xəbərləri Misir ictimaiyyətinə çatdırmaqdır. Bunun ən doğru yolu rəsmi agentliyin informasiyalarından istifadə etməkdir”.
Misirli baş redaktor əlavə edib: “Bakıda Hərbi Qənimətlər Parkında da olduq və burada nümayiş etdirilən eksponatlar Azərbaycan Ordusunun qüdrətinin təzahürüdür. Mən bununla bağlı yazdığım məqalədə qeyd etmişəm ki, Ermənistan silahlı qüvvələrinin texnika və silah-sursat sarıdan itkiləri regional miqyasda aparılan hərbi əməliyyatlar üçün çox böyükdür. Darmadağın olmuş və kapitulyasiya aktı imzalamış Ermənistan bütün bunlardan nəticə çıxarmalıdır. Ermənilər dərk etməlidir ki, güclü iqtisadiyyata, qüdrətli orduya malik olan Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamaq onların yeganə xilas yoludur. Təcavüzkar siyasət isə Ermənistanın bir dövlət kimi varlığını təhlükə altında qoyacaq”.
Ə.Əbu Arafə sonda deyib: “Prezident İlham Əliyev bu ili “Şuşa İli” elan edib, həmçinin bu qədim və gözəl şəhər “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Rəhbərlik etdiyimi portalda və digər ərəb media orqanlarında bununla bağlı tədbirləri ictimaiyyətə çatdıracağam. Qoy bütün ərəb dünyası bir daha əmin olsun ki, azərbaycanlılar sülhsevər, qurub-yaradan xalqdır.