Misirdəki Azərbaycan icması Ermənistan silahlı qüvvələrinin ölkəmizlə sərhəddə törətdiyi təxribatlarla bağlı bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Biz, Misirdə yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri Ermənistanın sülh danışıqlarına növbəti zərbə vurmasından dərin narahatlıq hissi keçirdiyimizi bəyan edir və beynəlxalq birlikdən bu cür təxribatların qarşısının alınması üçün Ermənistana təzyiqlərin gücləndirilməsini tələb edirik.
Bildiririk ki, 2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə, Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib”.
Bəyanatda qeyd olunub ki, Azərbaycanın təşəbbüsü ilə başlanan iki ölkə arasında sülhyaratma prosesinə Ermənistanın təxribatla cavab verməsi ilk dəfə deyil. Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü 5 təklifdən ibarət sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi, üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir”.
Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycanın gördüyü əks tədbirlər lokal xarakterli olub, hərbi hədəflərə qarşı yönəlib. Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.
Azərbaycan icmasının bəyanatı Misir, Əlcəzair və Sudan KİV-də yayımlanıb.