Misirdə keçirilən beynəlxalq konfransda Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri barədə məlumat verilib
Misirin Fətva Evlərinin nəzdində fəaliyyət göstərən “Salam” ekstremizmlə mübarizə mərkəzinin təşkilatçılığı ilə 42 ölkədən din xadimləri, ilahiyyatçı alimlər və şeyxlərin iştirakı ilə “Dini ekstremizmə qarşı intellektual mübarizə və əks strategiya” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycandakı dini və irqi zəmində tolerantlıq və multikulturalizm ənənələri barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı tədqiqatçı-alim, Dünya Fətva Evləri və Heyətləri Baş katibliyinin müşaviri Seymur Nəsirov Misirin nüfuzlu Birinci kanalı, “Nile” və Saad Əl Balad” telekanalları və qəzetlərinə geniş müsahibəsində ölkəmizdə dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanların bərabər hüquqlara malik olması, dövlətimiz tərəfindən xristian kilsələri və yəhudi sinaqoqlarının qorunması və bərpası barədə ətraflı məlumat verib. O vurğulayıb ki, Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan həmin ərazilərdə ermənilər tərəfindən dağıdılmış İslam abidələri və məscidlərin bərpası ilə yanaşı, xristian məbədlərinin də qorunmasını diqqət mərkəzində saxlayır.
Dini ekstremizmin təkcə İslam deyil, bütün dinlərdə mövcud olduğunu təəssüflə qeyd edən azərbaycanlı alim diqqətə çatdırıb ki, Azərbaycan dövləti intellektual səviyyədə bu cür mənfi təzahürlərə qarşı ardıcıl tədbirlər görür. Təsadüfi deyil ki, sivilizasiyalararası dialoq və multikulturalizmin qlobal mərkəzlərindən birinə çevrilən ölkəmizdə bu sahədə bir çox mötəbər forumlar və beynəlxalq konfranslar təşkil edilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin də sədri olan S.Nəsirov Misir-Azərbaycan əlaqələrinin tarixindən və hazırkı yüksək səviyyəsindən bəhs edib.