Misir mətbuatında Azərbaycanın bu ölkədəki səfirinin 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Misirin “Cümhuriyyə”, “Əxbar Əl Yom”, “Əl Qərar Əl Ərəbi”, “Əl Diplomasi”, “Yeni dünya xəbərləri”, “Asiaelyom” və digər mətbu orqanlarında Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, bütün xalqların tarixində hüznlü faciələr və xoşbəxt hadisələrin olduğunu diqqətə çatdıran müəllif hazırda mühüm regional və beynəlxalq nüfuza malik olan, misilsiz siyasi, iqtisadi və sosial nailiyyətlər qazanmış Azərbaycanın da tarixində kədərli səhifələrin olduğunu yazıb. O qeyd edib ki, azərbaycanlılar XX əsrdə ermənilərin çoxlu sayda qırğınlarına məruz qalıb. Bu faciələrin ən dəhşətlilərindən biri isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda silahsız dinc insanlara qarşı törətdiyi qətliamdır. Həmin vaxt kommunist rejimi təcavüzkar Ermənistanı dəstəkləyib və Bakıda dəhşətli cinayət törədib. Paradoksaldır ki, bu cinayətdə əsas təqsirkar olan və Qərbin “demokrat”, “sülhpərvər” adlandırdığı SSRİ Prezidenti Mixail Qorbaçov 1990-cı ilin oktyabrında Nobel mükafatına namizəd göstərilib. Halbuki, Human Rights Watch təşkilatı öz hesabatında sovet ordusunun həmin vaxt Bakıda törətdiyi zorakılığı azərbaycanlıların müqavimətinə adekvat olmadığını və kollektiv cəzalandırma praktikasına çevrildiyini yazırdı.

Misir oxucularına məlumat verilib ki, ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü də güclənirdi. İşğalçı ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi və BMT TŞ-in həmin ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsinə dair dörd qətnaməsinə də əməl etmək istəmirdi. Rəsmi Bakının problemin danışıqlar yolu ilə həll edilməsi səyləri də Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qalmışdı. Ermənilər işğal etdikləri torpaqlarda etnik təmizləmə siyasəti aparır, talançılıq və barbarlıqla məşğul olurdular. Azərbaycan kimi qüdrətli ölkə bu vəziyyətlə barışa bilməzdi. Ölkəmizin rəhbərliyi qısa müddətdə problemi həll etdi və şanlı Ordumuz cəmi 44 gün ərzində ərazilərin böyük hissəsini düşmən tapdağından azad etdi. Kapitulyasiya etmiş Ermənistan isə qalan əraziləri də döyüşsüz, diplomatik yolla boşaltmağa məcbur oldu.

“Azərbaycan xalqı hər il Ümumxalq Hüzn Günündə Bakıdakı Şəhidlər xiyabanına gələrək, Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsini yad edir”, -deyə məqalənin sonunda qeyd olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə