Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbdə uşaq yazıçısı, şairə Sevinc Nuruqızı ilə görüş keçiririlib.
Kanal32.az-ın məlumatına görə məktəbdə Sevinc Nuruqızının yaradıcılığına həsr olunmuş “Zəfər Nəğməsi Şuşa”adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gültəkin Quliyeva Sevinc Nuruqızının yaradıcılığı haqqında geniş məlumat verib. Direktor eyni zamanda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qədim, dəyərli və zəngin olduğunu vurğulayıb. Həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə bağlı olaraq böyüməsində uşaq ədəbiyyatı sahəsində çalışan ədiblərimizin böyük rolundan, uşaqların şəxsiyyət kimi formalaşmasında uşaq ədəbiyyatının önəmindən bəhs edərək bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra videoçarx nümayiş olunub.Şagirdlər şeir dəqiqələrində ədibin şeirlərini səsləndiriblər. Məktəbin şagirdi Rəsul Əzizov “Vətən”,Səfərli Ümid “Arzular” mahnısını ifa ediblər. Uşaqlar Xudayar hekayəsi,”Ağabəyim ağa” kompozisiyalarını ,kiçik nağıllardan ibarət tamaşaları böyük məharətlə iştirakçılara çatdırıblar. Tədbir boyunca şagirdlərin bir-birindən rəngarəng rəqs nömrələri alqışlarla qarşılanıb.
Tədbirdə iştirak edən məktəb direktorları gələn qonaqları salamlayıb və öz çıxışlarında tədbir haqqında müsbət fikirlərini bildiriblər. Tədbirdə Sevinc Nuruqızı iştirak edən məktəblilərə yeni nəşr olunmuş “Duman pəriləri ŞU-ŞA” kitabının əsas qəhrəmanları haqqında məlumat verməklə yanaşı yaradıcılığında uşaqlar üçün yazdığı nağıl, hekayə və şeirləri haqqında ətraflı danışıb. Həmçinin tədbiri izləyən şairə xanım uşaqların onu sevdiyini bir daha şahidi olduğunu və bu görüşdən mənunluq hissini ifadə etdi.
Sonda Sevinc xanım uşaqların ona ünvanlanan suallarını cavablandırıb. Qonağa xatirə hədiyyəsi təqdim olunub.
Esmira Hidayətova,
Mingəçevir