Mingəçevirdə QİÇS və HİV-ə qarşı mübarizə tədbiri keçirilib-VİDEO+FOTOLAR

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin illik fəaliyyətlər planına uyğun olaraq qurumun tabeliyində olan Mingəçevir Regional Laboratoriyası tərəfindən genişmiqyaslı maarifləndirmə tədbiri həyata keçirilib.

Kanal32.az-ın məlumatına görə,Mingəçevir Dövlət Universitetinin akt zalında baş tutan toplantıda ali təhsil ocağının 200 nəfərdən artıq tələbəsi, müəllimlər və media nümayəndələri iştirak edib. Avropa İİV-ə testləşmə və 1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olununmuş maarifləndirmə tədbirinin məruzəçiləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyasının müdiri Yeganə Aslanova, Mingəçevir Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun qrup rəhbəri polis mayoru Emir Cavadov və Mingəçevir Narkoloji dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva olub. Toplantını giriş sözü ilə tədbirin moderatoru, EL TV-nin aparıcısı, “Kanal32” Media Şəbəkəsinin rəhbəri İnqilab Şirinli açıb. O bildirib ki, tələblərinin iştirakı ilə keçirilən bu görüşün əsas məqsədi gənclərimizi zərərli vərdişlərdən uzaq tutmaq, onları narkomaniya bəlasının, QİÇS və HİV virusunun törətdiyi ölümcül təhlükələr barədə məlumatlandırmaqdır.

Sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyasının müdiri Yeganə Aslanova İİV-İnsan İmmun virusu və QİÇS- Qazanılmış İmmun Çatışmazlığı Sindromu haqqında geniş məlumat verib. Slayd vasitəsi ilə real faktları iştirakçıların diqqətinə çatdırıb. Azərbaycanda bu sahədəki mövcud vəziyyətdən və təhlükələrdən danışan həkim onu da bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 40 milyona yaxın insan HİV virusunun daşıyıcısıdır və həmin insanların yüzdə 60-ı antiretrovirus terapiyası alır. Təhlükə bir addımlığımızda olsa da, ondan qorunmaq, onunla mübarizə aparmaq öz əlimizdədir. Ona görə də insanlarımızı, xüsusən də gənclərimizi məlumatlandırmaq, maarifləndirmək olduqca vacibdir.

Mingəçevir Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun rəhbəri  Emir Cavadov narkomaniyanın insanlarımızın həyatında törətdiyi faciələrdən, narkotik vasitələrinin qanunsuz dövriyyəsindən, cinayət faktlarından və bu sahədə həyata keçirilən mübarizə tədbirlərindən danışıb.Eyni zamanda nümayiş etdirdiyi slayd vasitəsi ilə narkotik vasitələrin cəmiyyətimiz üçün nə dərəcədə böyük təhlükələr yaradığını gənclərə nümayiş etdirib. Gənclərimizin sağlam gələcəyi naminə “Ağ ölüm”ə qarşı mübarizə çərçivəsində hər kəsi birliyə, həmrəyliyə çağırıb.

Mingəçevir Narkoloji dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva da narkomaniya bəlasından, bu öldürücü xəstəliyin proflaktikası və müalicəsindən danışıb. Narkomaniyanın insanların sağlamlığına, həyat tərzinə, psixologiyasına və ailəsinə vurdğu öldürücü zərbələri faktların dili ilə iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, QİÇS-lə Mübarizə Gününə həsr olununmuş maarifləndirmə tədbirinin informasiya dəstəyi EL TV və KanalS televiziyaları, o cümlədən “Kanal32” Media Şəbəkəsi tərəfindən həyata keçirilib.

Maarifləndirmə tədbirinin moderatoru İnqilab Şirinli maarifləndirmə tədbirinin təşkilində göstərdiyi dəstəyə görə Mingəçevir Dövlət Universitetinin rəhbərliyinə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə, Mingəçevir Şəhər Polis şöbəsinin rəisinə və Narkoloji Dispanserin rəhbərinə minnətdarlığını bildirib.

Sonda onu da bildirək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin kanalımıza verdiyi məlumata görə 2022-ci ilin 10 ayı ərizində 3 ton 180 kq narkotik vasitə müəyyən edilərək dövriyyədən çıxarılıb. Həmin narkotik vasitələrin 310 kq psixotrop maddələrdən ibarət olub. Narkotika ilə bağlı 9409 cinayət faktı üzrə 6718 nəfər cinayət məsuliyyətinə cələb olunub.

    

    

  

Kanal32.az