Onlar Mingəçevir gənclərinə Qələbəmizin təməlindən danışdılar-FOTOLAR

Mingəçevir şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib.
Kanal32.az bildirir ki, şəhər gənclərinin, şəhid ailələrinin üzvlərinin, qazilərin, müharibə veteranlarının, ictimaiyyət və media nümayəndələrinin iştirak ediiyi Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Qələbəmizin təməli” adlı tədbiri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıb.
Torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Geniş nitqlə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında qəhrəmanlıq göstərən şəhidlərimizə Tanrıdan  rəhmət diləyib və dövlətimizin inkişafı yolunda ölkə Prezidentinə uğurlar arzulamaqla hər kəsi onun ətrafında sıx birləşməyə, gəncləri vətənpərvər olmağa çağırıb.
Eyni zamanda tədbirdə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli, “Mingəçevir Gənclər evi” Sosial Xidmət Müəssisəsinin dərnək rəhbəri Humay Baxışova, şəhid atası Oruc Əhmədov, 20 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki hazırlıq rəhbəri, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Ramiz Quliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Mingəçevir sektorunun baş məsləhətçisi Xəyal Hətəmov, şəhid anası Gülnarə Abdullayeva da çıxış ediblər.
Telejurnalist, siyasi şərhçi  İnqilab Şirinli çıxışı zamanı 1994-cü ildən başalanan ordu quruculuğunun hərbi-strateji məqsədlərindən, eyni zamanda 4 günlük Aprel döyüşlərinin siyasi-ideoloji və hərbi-siyasi əhəmiyyətindən danışıb. Hazırkı dönəmdə gənclərimizin informasiya savaşında aktiv olmasını, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bütün imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

 

                                   

Esmira Hidayətova