Mingəçevir Bələdiyyəsi sahibkarlara müraciət etdi-FOTO

Mingəçevir  Bələdiyyəsinin  sədri Ramiz Əliyev  sentyabrın 9-da şəhərdə   fəaliyyət  göstərən  sahibkarlara müraciət ünvanlayıb.

Kanal32.az həmin müraciəti olduğu kimi təqdim edir:

Hörmətli sahibkarlar, bilirsiniz ki, respublikamızda hökm sürən ictimai-siyasi sabitlik sahibkarlıq üçün münbit şərait yaradır. Cənab Prezidentimizin sahibkarlara göstərdiyi qayğı və diqqət sizin fəaliyyətinizi stimullaşdırır. Eləcə də Mingəçevirdə sahibkarlar üçün hər cür şərait yaradılıb və son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayının artması buna sübutdur.

Mingəçevir bələdiyyəsi  də sizi dəstəkləyir, fəaliyyətinizə diqqət göstərir.

Amma müraciətimizin məqsədlərindən biri budur ki, son vaxtlar qanunvericiliyin tələblərini pozan  sahibkarlarla tez-tez üzləşirik.

Sahibkarlar qanunu bilməli və ona tabe olmalıdır. Bilməlisiniz ki, “Bələdiyyə  torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamənin 5-ci maddəsində göstərildiyi kimi, ilk növbədə sahibkarlıq fəaliyyəti üçün bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmalıdır.

Sahibkar icarəyə və ya mülkiyyətə götürdüyü torpaq sahəsində hər hansı obyekt tikməmişdən əvvəl Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsində göstərilən tikinti obyektinə dair tələblərə əməl etməlidir. Eyni zamanda həmin məcəllənin 64-cü maddəsinin tələblərini – tikinti obyektlərinin təhkükəsiz istismarı ilə bağlı tələbləri bilməlidir.

Hər hansı obyektin tikintisini aparmaqdan əvvəl Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmalıdır. Komitədən müsbət rəy alındıqdan sonra şəhər İcra Hakimiyyəti “Memarlıq və Tikinti” şöbəsinə sənədlər təqdim olunmalıdır.Şöbə tərəfindən tikintiyə icazə verildikdə sahibkar tikintiyə başlaya bilər.

Hörmətli sahibkarlar! Sizə hər cür şərait yaratmağa hazırıq. Lakin Siz bəzən qanunun tələblərini bilə-bilə qəsdən pozursunuz. Bilirsiniz ki, sizinlə ildə bir dəfə bələdiyyə mövsümü sahibkarlıqla məşğul olmaq üçün 4 aylıq (1 may-1 sentyabr) müqavilə bağlayır. Müqavilədə göstərilir ki, heç bir tikinti-quraşdırma işləri aparıla bilməz. Amma Siz, sahibkarlar həm müddətə əməl etmirsiniz, həm də quraşdırma işləri aparmağa cəhd göstərirsiniz.

Son günlər icarəsiz, qanuna zidd şəkildə ictimai-iaşə obyektlərinin quraşdırılmasına tez-tez rast gəlirik. Sözsüz ki, dərhal rəsmi etiraz bildirilir və obyektlərin fəaliyyəti dayandırılır.

Sahibkarlar, Sizi dəstəkləməyimiz o anlama gəlmir ki, Siz qanunvericiliyin tələblərini poza bilərsiniz. Hamı Qanun qarşısında birdir və bilməlisiniz ki, qanundan kənar görülən işlərin perespektivi yoxdur.

Sizə tövsiyəmiz odur ki, şəhərimizin baş planına uyğun, şəhərin gözəlliyinə xələl gətirməyən, qanunvericiliyin tələblərini pozmayan işlərlə məşğul olmaqla fəaliyyətinizi genişləndirin. Fəaliyyətini qanunu şəkildə quranların daim yanındayıq, onların problemlərinin həllinə daim hazırıq.

Hörmətlə,

sədr Ramiz Əliyev

Kanal32.az