Milli Qurtuluş günü-Gələcəyə açılan işıqlı yol-Səma Vahabzadə yazır

İyunun 15-i xalqımızın qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Xalqımız illərlə arzusunda olduğu və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini ötən əsrin 90-cı illərinin əvvəllərində itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikanı hakimiyyət böhranı, xaos, özbaşınalıq, anarxiya bürümüşdü. Müqəddəs və əzəli torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Daim xalqının ən ağır günündə onun imdadına yetişən əbədiyaşar lider, Türk dünyasının böyük oğlu Heydər Əliyev vətəninin imdadına yetişdi. Bütün Azərbaycan vətəndaşları əmin idi ki, xalqımızı düşdüyü mürəkkəb vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilər. Ümummilli Lider yaranmış çətin anda dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı vəonun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu və böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da Azərbaycanın müasir tarixində ən uğurlu mərhələ başladı. Azərbaycanın yeni tarixində dönüş başladı və bu tarix sözün həqiqi mənasında xalqımızın qurtuluşunun başlanğıcı oldu. Bu qayıdışla milli dövlətçiliyimiz məhv olmaqdan qurtuldu. Heydər Əliyev ilk öncə vətəndaş müharibəsinin qarşısını alaraq qısa müddət ərzində ölkəni yaranmış ictimai-siyasi böhrandan çıxardı, qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesini sürətləndirdi və dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə xidmət edən müstəsna addımlar atdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparıldı.

Bu gün 15 iyun ölkəmizdə təntənə ilə qeyd edilir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyev Ümummilli Liderimizin qoyduğu yolla davam edərək müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.  Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

Heydər Əliyev dahi şəxsiyyətdir.  Hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Səma Vahabzadə,

ADU-nun II kurs tələbəsi,gənc könüllü