“Milli qanunvericilikdə sanksiyaların sərtləşdirilməsi labüd idi”-Komitə sədri

Respublikamızda ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi daim dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edib. Bu sahədə qanunvericiliyin mütəmadi təkmilləşdirilməsi, dövlət proqramlarının qəbul olunması, “yaşıl enerji”yə keçid Azərbaycanda ekoloji təhlükəsizliyin prioritet məqsədlərdən biri olduğunu göstərir.

Torpaqlarımızın işğaldan azad edilməsi isə ekoloji sahədə yeni çağırışlar formalaşdırıb. Çünki işğal dövründə düşmən Qarabağ və Şərqi Zəngəzurun ekologiyasına da qənim kəsilmişdi. Respublikamızda ekoloji vəziyyətə dair suallarımızı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova ünvanladıq. İlk sualımız da işğal dövründə Azərbaycana dəyən ekoloji zərərlə bağlı oldu.

– Sadiq müəllim, ermənilərin işğal dövründə Azərbaycana vurduğu ekoloji zərər hansı məbləğlə ölçülür? Həmin zərərə görə kompensasiya ödənilməsi tələbi hansısa platformalarda qaldırılıbmı?

– Torpaqlarımızın işğalı təbii yaşayış mühitinə, eləcə də bütün canlı növlərinə ciddi ziyan vurulmaqla, Qarabağ və Şərqi Zəngəzurda təbii ehtiyatların tükənməsinə və biomüxtəlifliyin məhvinə səbəb olmuşdur. Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi və işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması nəticəsində ərazilərin çirklənməsi Azərbaycanda 500-dən çox vəhşi təbiət növünü təhlükə altında qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 22 dekabr tarixli sərəncamı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin işğalı nəticəsində dəymiş zərərin qiymətləndirilməsi məqsədilə komissiya yaradılmışdır. Həmin komissiya tərəfindən tələb olunan bütün sənədlər, məlumatlar, o cümlədən “Meşə fondu”, “Qeyri-meşə fondu”, “Xüsusi mühafizə olunan təbiət əraziləri”, “Təbiət abidəsi (qədim ağaclar)”, “Təbiət abidəsi (xüsusi qiymətli meşə sahələri)” və “Faydalı qazıntı yataqlarının istismarı” üzrə milli qanunvericiliyə uyğun olaraq aparılmış qiymətləndirmə materialları aidiyyəti üzrə təqdim olunmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılmış ilkin qiymətləndirmələrə əsasən, erməni təcavüzü nəticəsində ətraf mühitə (yuxarıda qeyd olunmuş 6 sahə üzrə) dəymiş zərərin məbləği ümumilikdə 10 milyardlarla ölçülür. Eyni zamanda Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesinə başlamışdır. Arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanın ölkəmizin ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.

Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlanmışdır. İşğal dövründə Ermənistan Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxışı və onları inkişaf etdirmək imkanlarından məhrum etmiş, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün istifadə etmişdir.

– Sərsəng su anbarı ermənilərin işğalı altında olanda suyun səviyyəsi xeyli azalmışdı. İndi anbarda vəziyyət necədir?

– Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Tərtərçayın üzərində Bərdə, Ağdam, Ağdərə, Tərtər, Ağcabədi, Yevlax və Goranboy rayonlarının 100 min hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin etmək məqsədilə inşa edilmişdir. Anbarın ümumi həcmi 560 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetr, ölü həcmi isə 60 milyon kubmetrdir. Su anbarında yığılan su daha sonra Suqovuşan su anbarında nizamlanaraq Tərtərçay Sol Sahil və Tərtərçay Sağ Sahil magistral kanalları vasitəsilə 96 min hektar ərazinin suvarılmasını təmin etmişdir. Eyni zamanda su anbarı bəndində ümumi gücü 50 mVt olan su-slektrik stansiyası mövcuddur. İşğal dövründə iqlim amilləri nəzərə alınmadan, heç bir əsaslı təmir işləri aparılmadan Sərsəng su anbarının ehtiyatları ermənilər tərəfindən uğursuz, səmərəsiz şəkildə enerji istehsalı məqsədilə istifadə edilmişdir. 2023-cü ildə aparılmış lokal xarakterli antiterror əməliyyatlarından sonra nəzarətə götürülmüş su anbarının vəziyyəti kompleks qiymətləndirilmişdir. Sərsəng su anbarı suvarma suyu təminatı, elektrik enerji istehsalı və ekoloji tarazlığın qorunması baxımından Qarabağ regionu və ümumilikdə ölkə üçün önəmli su təsərrüfatı obyektidir. Bu səbəbdən su anbarının əlaqədar qurumlar tərəfindən təmir-bərpa və yaxşılaşdırma işlərinin kompleks şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiyanın tapşırığına əsasən, Sərsəng su anbarında su ehtiyatlarının toplanması və idarə olunması üzrə nəzarətin həyata keçirilməsi məqsədilə qeyd olunan su anbarının tövsiyə olunan aylıq iş rejimi hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılır. Eyni zamanda su anbarının müasir tələblərə uyğun olaraq istismarının təmin edilməsi üçün təmir-bərpa işlərinin aparılması məqsədəmüvafiq hesab edilmişdir. Hazırda bu istiqamətdə işlər görülür, həmçinin “Sərsəng” Su-Elektrik stansiyasında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

– Bəs Azərbaycanda içməli su ehtiyatı ilə bağlı proqnozlar hər hansı təhlükə vəd edirmi? Yəni gələcəkdə içməli su qıtlığı yaşaya bilərikmi?

– Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas bir ölkədir və iqlim dəyişmələrinin mənfi təsirləri – daşqınlar, sellər, quraqlıq, istilik stresləri və sairə kimi təbiət hadisələri müşahidə edilir. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalmışdır və beynəlxalq iqlim modellərinə əsasən suyun gələcəkdə də azalma ehtimalı var. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, buzlaqlar təşkil edir. Yerüstü şirin su ehtiyatlarının təxminən 70 faizə yaxın hissəsi ölkə hüdudlarından kənarda formalaşır. İqlim dəyişmələrinin mənfi təsirləri digər ekosistem komponentləri ilə yanaşı, su ehtiyatlarının azalması ilə müşahidə edilir.

Aparılan qiymətləndirmələrə əsasən, 1961-1990-cı illərə nisbətən 1991-2023-cü illərdə ölkə ərazisində temperaturun yüksəlməsi və yağıntının azalması səbəbindən daxili çayların əksəriyyətində və transsərhəd çaylarda orta illik su sərfində azalma müşahidə edilmişdir. Ölkə üzrə 2023-cü ildə 26,2 milyard kubmetr su ehtiyatı formalaşıb ki, ondan 17,8 milyard kubmetri yerüstü, 8,4 milyard kubmetr isə yeraltı su ehtiyatlarına aid edilib. Yerüstü formalaşan su ehtiyatlarının 4,6 milyard kubmetr hissəsi ölkə ərazisində, 13,1 milyard kubmetr hissəsi isə qonşu ölkələrin ərazisində formalaşmışdır. 2023-cü il ərzində su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr təşkil etmiş, bundan 3,2 milyard kubmetr hissəsi suyun mənbədən təsərrüfatlara çatdırılması zamanı infrastruktur, buxarlanma, sudan səmərəsiz istifadə və qanunsuz qoşulmalar səbəbindən itkiyə gedib.

Respublika ərazisinin təxminən 3/4 hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın qonşu dövlətlərin ərazilərində çirklənməsi ekoloji gərginlik yaradır. Qonşu ölkələr tərəfindən təmizlənməmiş tullantı sularının Kür və Araz çaylarına axıdılması onun hidrokimyəvi rejiminə və suyunun keyfiyyətinə mənfi təsir göstərir. Regiondakı qonşu ölkələr BMT-nin Avropa İqtisadi Komissiyasının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” üzrə Konvensiyasına qoşulmamışdır. Bu da transsərhəd su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edir.

Beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyinin tətbiq olunması ilə problemin həllinə nail olmaq mümkündür. Buraya suyun mənbədən götürülməsindən ətraf mühitə qaytarılmasınadək dəqiq uçotunun aparılması, itkilərin azaldılması, suya qənaətedici texnologiyalardan istifadə edilməsi, kollektor-drenaj və təmizlənmiş tullantı sularından suvarmada təkrar istifadə olunması, kiçik su tutarlarının yaradılması, eləcə də sudan səmərəli istifadənin stimullaşdırılması məqsədilə istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin və digər iqtisadi alətlərin (subsidiya, imtiyaz, güzəşt və s.) tətbiq edilməsi və sairə daxildir. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə komissiya yaradılmışdır.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024-2040-cı illəri əhatə etməklə 2027-ci ilədək qısamüddətli strateji baxış, 2030-cu ilədək ortamüddətli strateji inkişaf baxışı, 2040-cı ilədək uzunmüddətli strateji hədəf baxışı olmaqla üç mərhələdə həyata keçiriləcəkdir. Su ehtiyatları ilə bağlı informasiyanın yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılması məqsədilə “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılmışdır. Qeyd olunan tədbirlərlə yanaşı, Şirvan və Qarabağ kanallarının, həmçinin 20 ədəd magistral suvarma kanalının yenidən qurulması, Qarabağ və Şərqi Zəngəzurun su potensialından səmərəli istifadə üçün su infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən respublikanın müxtəlif rayonları ərazisində dağ çaylarından səmərəli istifadə məqsədilə 10 ədəd yeni su anbarının yaradılması işləri hazırda həyata keçirilməkdədir.

Görülən tədbirlər artıq beynəlxalq ictimaiyyət arasında da öz təsdiqini tapmaqdadır. Belə ki, Dünya Ehtiyatlar İnstitutunun (World Resource Institute) 2020-ci ildəki araşdırmalarına əsasən, Azərbaycan 2040-cı ildə su qıtlığı ilə üzləşə biləcək ölkələr arasında 18-ci yerdə qərarlaşmış və çox yüksək su stresi kateqoriyasına (>80 %) aid edilmişdir. Lakin II Qarabağ müharibəsində əldə edilən müzəffər qələbə ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları üzərində idarəetmənin bərpasından, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri və dəniz, təmizlənmiş tullantı və digər alternativ su mənbələrindən istifadə ilə bağlı gələcək layihələrin elan edilməsindən sonra qeyd edilmiş siyahıda Azərbaycan çox yüksək su stresli ölkələr (>80 %) sırasından orta stresli ölkələr sırasına (40-60 %) dəyişdirilmişdir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda içməli su ehtiyatı ilə bağlı proqnozlar hər hansı təhlükə vəd etmir. Çünki Azərbaycan dövləti və onun Prezidenti bu sahəyə xüsusi diqqət ayırır.

– Azərbaycanda adambaşına düşən meşə sahələrinin normadan 4 dəfə az olduğu bildirilir. Bu problemin həllini görürsünüzmü, onu aradan qaldırmaq mümkündürmü?

– Azərbaycanın meşə fondunun sahəsi 1213,7 min hektar olmaqla, ümumi ərazinin 14 faizini, meşə ilə örtülü sahələr isə 1046,128 min hektar olmaqla ölkə ərazisinin 12,08 faizini təşkil edir. Meşələrin mövcud sahəsi respublikamızda ekoloji tarazlığın və ekosistemlərin qorunub saxlanılması üçün heç də yetərli deyil. Bu səbəbdən meşələr ciddi şəkildə mühafizə olunmalı, qorunmalı və onların sahəsi artırılmalıdır. Hazırda meşə sektorunun gücləndirilməsi sahəsində tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional mexanizmlərin təkmilləşdirilməsi, meşə ehtiyatlarından daha da səmərəli istifadə olunması istiqamətində kompleks tədbirlər görülür. Həmçinin mövcud meşələrin yaxşılaşdırılması və meşə ərazilərinin genişləndirilməsi yaxın dövr üçün əsas prioritetlərdəndir. Hazırda meşə ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə meşə əkinləri işləri həyata keçirilir.

Son illər ərzində (2018-2024-cü illər) meşə fondunun açıq ərazilərində müxtəlif cinslərdən ibarət 11 milyondan artıq ağac əkilməklə 12,6 min hektar ərazidə yeni meşə sahələri salınmışdır. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində əvvəlki illərlə müqayisədə özbaşına (qanunsuz) qırıntının həcminin azalmasına nail olunmuş, yanğına qarşı görülmüş səmərəli mübarizə tədbirləri nəticəsində meşə yanğınlarının başvermə halları və əhatə etdiyi sahə kəskin surətdə azalmışdır. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” beş prioritetdən biri olaraq yüksəkkeyfiyyətli təmiz ətraf mühitin formalaşdırılması istiqamətində meşə ehtiyatlarının və yaşıllıq sahələrinin genişləndirilməsi kimi mühüm tədbirlər diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” üzrə strateji çərçivəsində ölkə üzrə ümumi ərazidə yaşıllığın payının 12 faizdən 12,3 faizə çatdırılması, meşə fondunun 65 faizinin inventarlaşdırılmasının təmin olunacağı hədəf olaraq müəyyən edilmişdir.

Dövlət başçısının 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda meşə fondunun inventarlaşdırılması və qiymətləndirilməsi, məhv olmuş meşə sahələrinin bərpası və artırılması məqsədilə 1150 ha sahədə meşəbərpa və meşəsalma işlərinin aparılması, ərazinin bərpasında lazım olan əkin materialına tələbatın ödənilməsi, meşəçi mütəxəssislərə ixtisası üzrə təlimlərin keçirilməsi, meşəçilik sahəsində müasir, qapalı kök sistemli tingliyin, toxum genbankının yaradılması, meşə əkinləri və yaşıllıq sahələrinin salınması üçün tinglərin yetişdirilməsi məqsədilə Cəbrayıl rayonunda “Azərbaycan – Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması kimi tədbirlər nəzərdə tutulmuşdur. Sözügedən layihə meşəçilik sahəsində kadrların hazırlanmasında və ixtisaslarının artırılmasında əhəmiyyətli rol oynamaqla yanaşı, iki dövlət arasında strateji əməkdaşlığın daha geniş formatda inkişaf etdirilməsinə də öz töhfəsini verəcəkdir. Ölkədə meşə ehtiyatlarının artırılması və ondan rasional istifadə sahəsində davamlı inkişafın təmin olunması, potensial imkanlardan səmərəli istifadə edilməsi, dövlət dəstəyinin gücləndirilməsi və investisiyaların cəlb edilməsi, həmçinin meşə sektoruna hərtərəfli marağın artırılması məqsədilə “Azərbaycan Respublikasında meşələrin davamlı inkişafına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” hazırlanmışdır.

Eyni zamanda məlumata görə, Meşə Məcəlləsinə dəyişiklik layihəsi də hazırlanmışdır.

– Sadiq müəllim, respublikamız COP29 ərəfəsindədir. Bu tədbir ölkəmizə nə qazandıracaq? COP29 zamanı hansı qərarların qəbul edilməsi gözlənilir?

– COP29-un Azərbaycanda keçirilməsinə ölkəmizin innovativ inkişafının və yüksəlişinin nəticəsi kimi baxmaq lazımdır. COP29-a evsahibliyi üçün Bakının seçilməsi ölkəmizdə ekoloji təhlükəsizliklə bağlı həyata keçirilən nümunəvi siyasətin, bu sahədə ardıcıl və uğurlu fəaliyyətin, davamlı inkişafın, düzgün proqnozların və onların əsasında uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinin nəticəsidir.

Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanı COP29-a aparan yolun ilk əsası 21 il öncə atılıb. Buna misal olaraq Prezident İlham Əliyevin 21 oktyabr 2004-ci il tarixli sərəncamını göstərmək olar. Həmin sərəncamla Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramı təsdiq edilib. Bu o zaman idi ki, torpaqlarımızın 20 faizi işğalda idi, ölkəmizdə yoxsulluq 35 faiz təşkil edirdi, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Bütün bunları ona görə deyirəm ki, Ali Baş Komandanın uzaqgörən siyasətinin bir daha şahidi olasınız. Prezident İlham Əliyevin alternativ və bərpaolunan enerji ilə məşğul olması onun dünyada gedən prosesin aktuallığını hər kəsdən qabaq vahid kompleks şəklində görməsindən irəli gəlirdi. Sessiya çərçivəsində iqlim dəyişikliyindən yaranan risklərin maliyyə institutlarının dayanıqlılığına təsirinin neytrallaşdırılması üzrə tənzimləyici və nəzarət çərçivəsinin formalaşdırılması, dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, maliyyə institutları tərəfindən kredit və investisiyaların iqtisadi sahələrin dekarbonizasiyasını dəstəkləyən layihələrə yönəldilməsi üzrə könüllü maliyyə öhdəliklərinin götürülməsi istiqamətində müzakirələr aparılacaqdır. COP29-un bizə nə qazandıracağına gəldikdə, deyə bilərəm ki, 200-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri, nazirlər, 3 mindən çox dünyanın aparıcı media təmsilçiləri ölkəmizdə olmaqla bizim iqlim müzakirələrinə liderlik etmək, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəmizlə tanış olacaqlar. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması üçün bu sahədə digər qabaqcıl təcrübələrin mənimsənilməsində ölkəmizə kömək edəcək və bu təcrübələrin Azərbaycana inteqrasiya olunması asanlaşacaq.

– Ekologiya sahəsində qanunvericiliklə bağlı nə deyə bilərsiniz?

– Bu sahədə mükəmməl qanunlarımız var və onlara dövrün tələblərinə uyğun olaraq dəyişikliklər edilir. Eyni zamanda hazırda Milli Məclis bir sıra ekoloji qanun layihələri müzakirə edilməkdədir. Paytaxtımızın iqlimi əsasən mülayim isti və quru subtropikdir. Bu baxımdan yaşıllıq faizinin artırılması olduqca vacibdir. Bununla əlaqədar yaşıllıqların qanunsuz götürülməsi (kəsilməsi) ilə bağlı mövcud qanunvericilikdə mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutan hüquq normalarının effektiv tətbiq edilməsi mexanizminin müəyyənləşdirilməsi məqsədilə bir sıra qanunlara və qərarlara dəyişikliklər barədə qanun layihələri hazırlanmışdır və onlar hazırda Milli Məclisdə müzakirə olunur. Qanunvericiliyin ədalətlilik prinsipi nöqteyi-nəzərindən Cinayət Məcəlləsinin 259-cu maddəsini sanksiyasında olan cərimə cəzaları manatla deyil, yaşıllıqların məhvinə görə təbiətə dəymiş ziyanın misli miqdarda müəyyən edilməsi təklif edilir.

Bununla yanaşı, heyvanlarla bağlı yanaşmanı müəyyən edən layihələr də müzakirədədir. İnkişaf etmiş ölkələrdə itlərin zəncirdə saxlanılması, şirlərin sirkdə istifadə olunması, it və pişik balalarının zoomağazalarda cansıxıcı qəfəslərdə saxlanılması cinayət məsuliyyətinə cəlb olunmaq üçün əsasdır. İspaniya, Fransa, Xorvatiya, Kanada, Finlandiya, Litva, Ukrayna, Latviya, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə bu cür əməllərə görə həmin ölkələrin cinayət məcəllələrində cəzalar nəzərdə tutulub. Gürcüstanda heyvanlarla amansız davranışa görə 1 ilədək islah işləri cəzası müəyyən olunub. Rusiyada analoji cinayətə görə 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə cəzası və iri məbləğdə cərimə tətbiq edilir. Türkiyədə heyvanlara işgəncəyə, amansız rəftara görə 6 aydan 3 ilədək, qəsdən öldürüldükdə 6 aydan 4 ilədək, döyüşdürənlərə 3 aydan 2 ilədək, nəsli təhlükə altında olan bir heyvanı öldürənə 1 ildən 5 ilədək, bir heyvanın nəslinin kəsilməsinə görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilir.

Heyvanlarla rəhmsiz rəftar edilməsi halı eyni qaydada ümumi formada nəzərdə tutulmuş və inzibati tənbeh növünün ağırlıq dərəcəsi və bu dərəcələrə uyğun sanksiyalar fərqləndirilməmişdir. Belə bir fərqləndirilmənin mövcudluğu, heyvanlarla rəhmsizcəsinə davranış, bu davranışı özündə əks etdirən materialların əyləncə və ya kommersiya məqsədləri üçün istifadə edilməsi hərəkətinin (hərəkətsizlik) fərqləndirilməsi gələcəkdə eyni inzibati xətanın törədilməsinin qarşısının alınmasında təsirli olacaqdır. 274-cü maddə bu hallar nəzərə alınaraq genişləndirilmiş və 274-1-ci maddə əlavə edilmişdir.

Yeni dəyişikliyə görə, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə, bu əməlin heyvanın şikəst edilməsinə səbəb olması, o cümlədən heyvanların tələf edilməsinə səbəb olmaqla törədilməsi hərəkətləri müəyyənləşdirməklə sanksiyalar diferensiasiya edilmişdir. Eyni zamanda digər təklif olaraq heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsi, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsi məsuliyyət yaratmış olacaqdır. Beləliklə, İnzibati Xətalar Məcəlləsində maddələr anlaşılmaz olduğu üçün maddələrin daha da təkmilləşdirilməsi, ağırlaşdırıcı halların nəzərdə tutulması, eyni zamanda praktika zamanı ortaya çıxan və məcəllədə nəzərdə tutulmayan halların hüquqi tənzimlənməsinə şərait yaradan yeni müddəaların layihədə göstərilməsi hüquqi tənzimləmədə effektivliyin daha da artırılmasında əhəmiyyətli rol oynayacaq və praktikada hüquqi tənzimləmənin müsbət yönümlü inkişafına şərait yaradacaq.

Tullantıların (tikinti tullantılarının, tibbi tullantıların, plastik tullantıların) idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Qeyd olunan idarəetmə sahəsində yeni mexanizmlərin tətbiqi tullantılara münasibətin dəyişdirilməsinin, onların dövri iqtisadiyyata cəlb olunmasının, təbii ehtiyatlardan səmərəli istifadə ilə ətraf mühitin çirklənməsinin qarşısının alınmasına hədəflənir.

– Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə də cərimələr artırılır. Bunun fayda verəcəyini düşünürsünüzmü?

– Qüvvədə olan qanunvericiliyə görə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. Bu məbləğ kifayət qədər azdır. Digər ölkələrdə qanunvericilik kifayət qədər sərt cəzalar müəyyənləşdirib.

Avropa ölkələrində heç kəs adıçəkilən hərəkətləri etmir və orada, ümumiyyətlə, belə şeylərə dözümlük yoxdur. Almaniyada buna görə çox ciddi cəzalar var. Yaponiyada isə tullantı probleminə görə hətta cinayət işi də açıla bilər.

Almaniyada siqaret kötüyünün ictimai yerə atılmasına görə Kölndə 150 avroya qədər cərimə, Berlində 120 avroya qədər cərimə, Essendə 100 avroya qədər cərimə müəyyən edilib. Latviyada yolların və onların komponentlərinin tullantılarla çirkləndirilməsi faktları ilə bağlı fiziki şəxslər üçün 70 – 350 avro, hüquqi şəxslər üçün isə 700 – 2900 avro cərimə nəzərdə tutulur. İsveçdə ictimaiyyətə açıq olan yerlərdə tullantı atılmasına görə cərimə və 1 ilə qədər həbs nəzərdə tutulub. Bu səbəbdən milli qanunvericilikdə də sanksiyaların sərtləşdirilməsi labüd idi.

Ağırlaşdırıcı halların qanunvericiliyə əlavə edilməsi insanları daha da məsuliyyətli edəcək, ətraf mühitin qorunmasında, təmizliyin bərpasında mühüm rol oynayacaqdır. Bu cərimələrin müəyyənləşməsində əsas hədəf və məqsəd insanları bu cür əməllərdən çəkindirməkdir. Yəni insanlar çalışmalıdırlar ki, bu cür əməllərdən uzaq olsunlar. Təcrübə onu göstərir ki, cərimələr aşağı olanda insanlar daha rahat şəkildə davranırlar. Bu cərimələrin artırılmasında məqsəd həmin o inzibati pozulmaların qarşısının alınması, yəni ətraf mühitə atılan tullantıların miqdarının azaldılması olmuşdur.

Eyni zamanda aidiyyəti qurumların da üzərinə vəzifələr düşür. Onlar da yeni təklifə əsasən məişət tullantılarını vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə məsuliyyət daşımış olacaqlar. Bununla yanaşı, ekoloji mədəniyyət də yüksəldilməli, ictimai qınaq artırılmalıdır.

Müsahibəni apardı:

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”