Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Azərbaycanda 21 Azər hərəkatının 80 illiyinə həsr olunan tədbir keçirilib.
KANAL32.az-a verilən məlumata görə,tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Milli Azərbaycan Tarixi Muzeyi İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açılış nitqi ilə çıxış edərək tədbirin məqsədi və proqramı barədə məlumat verib.
Daha sonra “21 Azər hərəkatı” adlı sənədli film nümayiş etdirilib.
Proqram çərçivəsində bir sıra elmi məruzələr təqdim olunub. AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Azərbaycan Milli Hökumətinin qurulmasında Seyid Cəfər Pişəvərinin rolu (1945–1946-cı illər)” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli “S.C. Pişəvərinin ölümünə dair mayor Həsən Nəzərinin xatirələri”nə həsr olunan məruzəsini təqdim edib.
MATM-nin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsinin “Azərbaycan muzeylərində Cənubi Azərbaycanın irsi” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə həmçinin MATM Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov “Azərbaycan” qəzeti: Cənubdan Şimala mədəniyyət körpüsü” mövzusunda çıxış edib.
Ədəbi və ictimai xadimlərin çıxışları da tədbirdə yer alıb. Şair və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, AYB sədrinin müşaviri, Güney Azərbaycan İcmasının sədri Sayman Aruz çıxış edib. Ardınca İranlı Mühacirlər Cəmiyyətinin sədri Firudin İbrahimi çıxış edib.

Sonra AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə və S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının
Tərbiyə-təşkilat işləri üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək tədbir və mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.
Tədbirdə tarixçilər, muzey əməkdaşları, S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri və müxtəlif qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947–1949) publisistika, mədəniyyət və ictimai-siyasi, iqtisadi məsələlər” (Bakı, 2024) adlı kitabının təqdimatı keçirilib.
Həmçinin Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmiş və 21 Azər hərəkatı ilə bağlı eksponatlar ilk dəfə olaraq nümayiş etdirilib.


