Ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Müstəqil Azərbaycan dövləti, əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, xalqımızı uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol – bu reallıqların hər birində ulu öndər Heydər Əliyevin imzası var. Heydər Əliyev Tanrının hər xalqa min ildə yalnız bir dəfə bəxş etdiyi nadir şəxsiyyətlərdəndir. Ulu Öndərimiz özünün də söylədiyi kimi, milli mənsubiyyəti, onu yetişdirmiş xalqla fəxr edən ən böyük azərbaycanlı idi. Onun ideyaları bu həqiqətdən qida alırdı. Dahi şəxsiyyət arzularında yaşatdığı Azərbaycanı hələ respublikaya birinci rəhbərliyi dönəmindən qurmağa başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladığı ilk illərdən bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Respublikaya rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan elminin, mədəniyyətinin, iqtisadiyyatının inkişafı üçün son dərəcə əhəmiyyətli qərarlar qəbul etmişdi.
Dahi dövlət xadiminin Azərbaycanın milli-mənəvi dəyərlərinə ruhən bağlılığının sirrlərini də, görünür, elə bu məqamda axtarmaq lazım gəlir. Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi aydın xətt, atdığı addımlar göz qabağındadır. Əgər ulu öndərimiz Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan respublika kimi mövcudluğu şübhə altında qalardı.
Heydər Əliyevin elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələrdə həyata keçirdiyi məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə on ildən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna zəmin hazırlayırdı. Məhz belə bir zəmin üzərində keçmiş SSRİ-də yaranmış tarixi şəraitdən bəhrələnərək öz haqları uğrunda mübarizəyə qalxan xalqımızın mübarizə əzmi nəticəsində Azərbaycan nəhayət ki, dövlət müstəqilliyinə qovuşdu. Ulu öndərimiz Heydər Əliyev belə bir zamanda xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdaraq dövlətçiliyimizi təhlükələrdən xilas etdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə gərgin daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında isə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. O, xalqın dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Ulu Öndər çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Dahi rəhbərin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib.
Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Ümumilikdə tam əminliklə söyləyə bilərəm ki, Ulu Öndər öz həyatını məhz qurucusu olduğu müstəqil Azərbaycan naminə həsr etmişdir. Bu gün Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Xüsusilə də, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu prosesdə müstəsna rolunu xüsusi vurğulamaq gərəkdir. Ulu Öndərin zəngin mənəvi irsini, Onun Azərbaycançılıq ideyasını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir.
Heydər Əliyev siyasi məktəbi zəngin bir xəzinədir. Məhz bu siyasət Azərbaycanı dünya miqyasında tanıdır, daim irəliyə doğru aparır, xalqın həyat səviyyəsini getdikcə yüksəldir. Sevinirik ki, bu gün müstəqil dövlətimizə rəhbərlik məhz bu siyasi məktəbin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etibar edilib. Dövlətimizin başçısı cənab İlham Əliyev bu gün Azərbaycanı bütün sferalarda uğurlu inkişafın pik həddinə çatdıran müdrik siyasəti ilə eyni zamanda xalqımıza Ermənistanın uzunmüddətli işğalına son qoyan möhtəşəm Qələbə sevinci bəxş etmişdir. Azərbaycan tarixinin görkəmli şəxsiyyəti, əbədiyaşar Ulu Öndər Heydər Əliyevi dərin hörmətlə anıb, Allahdan rəhmət diləyirəm!
İlham Məmmədov,
Milli Məclisin deputatı