Millət vəkili Şəhid Solnçyev Dmitriyevin ailəsini ziyarət edib-FOTO

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Bakının Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Solnçyev Dmitriyevin ailəsini ziyarət edib.

 Kanal32.az “yenigündəm”ə istinadla xəbər verir ki, Milli Məclisin deputatı şəhidin ailə üzviləri ilə söhbətləşib, onların dərdlərinə şərik olub. Məalahət İbrahimqızı bildirib ki, Solnçyev Dmitriyev kimi igid Vətən oğulları daim xalqımızın yaddaşında yaşayacaq, onların göstərdiyi şücaət isə tarixə əbədi həkk olunacaq.

Deputat qeyd edib ki, Azərbaycan dünyada multikultural dəyərlərinin zənginliyi və tolerantlığı ilə dünyanın nadir ölkələrindəndir və biz bununla fəxr edirik. Bu mənada tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqı üzləşdiyi təhlükələri ölkəmizdə yaşayan bütün xalqların, etnik və milli azlıqların monolit birliyi ilə və həmrəyliyi ilə dəf edildir. Dəmir Yumruğa çevrilmiş bu qranit kimi möhkəm və sarsılmaz birliyin gücünün biz 44 günlük Vətən müharibəsində də şahidi olduq. Bu monolit Birlik 30 illik işğala son qoyaraq, xalqımıza qarşı üç yüz ilə yaxın müddətdə qərəzli və əsassız düşmənçilik siyasəti həyata keçirən dünya erməniliyi üzərində möhtəşəm zəfər qazandı. Müstəqil Respublikamızın ərazi bütövlüyü və suverenliyi bərpa oldu. Ölkəmizdə olan bütün xalqların nümayəndələri bir an belə göz qırpmadan Haqq və ədalət uğrundakı bu mübarizəyə qoşuldular. Canlarından, həyatlarından və sağlamlıqlarından keçdilər. Xalqımıza əbədi Qələbə sevinci bəxş etdilər.

Tariximizin qəhrəmanlıq, rəşadət və şücaət salnaməsinə çevrilmiş Vətən savaşında təmsil etdiyim Nəsimi rayonun sakini, milliyyətcə rus olan Azərbaycan sevdalısı, Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitirmiş Solnçyev Dmitriy idi. O da suyunu içdiyi, havasını udduğu, çörəyini yediyi və üzərində gəzdiyi Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün gedən cəsur və qorxmaz könüllülərdən idi. Dima Vətən uğrunda müqəddəs borcunu yerinə yetirərkən canından və həyatından keçdi və Şəhidlik zirvəsinə ucaldı. Bugün Dima Azərbaycan xalqının əbədiyaşar oğluna çevrilmişdir. O, hər bir Azərbaycan ailəsinin oğludur, əzizidir. Dima erkən yaşlarından atasını və anasını itirmişdi. Onun bugün hamının bacısı olan Yuliya xanım və onun iki oğlu bizlərə əmanətdir. Yuliya xanımın oğlu Anar da qəhrəman dayısı Dima kimi qorxmaz və fədakardır. Anar müharibə bitəndən sonra Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə getdi. Bugünlərdə əziz Şəhid oğlumuz Dimanın bacısıgili ziyarət edərkən bizim üçün bir surpriz də oldu. Anar bir neçə gün öncə hərbi xidmətini bitirib evə dönmüşdü. Çox sevindik, gözəl görüşümüz oldu. Dimanı, onun gənclər üçün örnək olan qəhrəmanlığını, əfsanəyə çevrilmiş həyat yolunu xatırladıq. Anar isə gələcək planlarından danışdı. Şəhidlərimizin ailə üzvləri və sağlamlığından keçən qəhrəman Qazilərimizlə vaxtaşırı görüşmək artıq bizim üçün borc olmaqla yanaşı, həm də həyat tərzinə çevrilmişdir. Onların problemi bizim problem, sevinci sevincimizdir. Yuliya bacımız, Siz tək deyilsiz..

Bugün Azərbaycanın bütün gəncləri Dimanı və Dima kimi qəhrəman oğulları özünün amalı hesab edirlər. Azərbaycan Xalqı bu gün də, gələcəkdə də cənnət Vətənimizin müdafiəsinə, Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına görə əziz Şəhidlərimizə, Qazilərimizə, Müzəffər Ali Baş Komandana və Qəhrəman Milli Ordumuza borcludur və borclu olacaq.

Allah bütün Şəhidlərimizə rəhmət etsin. Amin!

Unutmayacağıq, Unutdurmayacağıq!
Şəhidlər ölməz, Vətən bölünməz!…