Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılan 20 Yanvar, eyni zamanda, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsinin yazıldığı gündür. Bəşər tarixində insanlığa qarşı törədilən cinayətlərdən biri olan 20 Yanvar faciəsini hüzn və matəm günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 yanvar faciəsi – 32 illik qanayan bir yara , dinməyən ağrımız, xalqımızın şanlı və qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.
Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 19 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Bakıda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərar qəbul etdi. Qərar 20 yanvar 00:00-dan etibarən qüvvədə olacaqdı. Lakin yanvarın 19-u saat 19:27-də Azərbaycan televiziyasının enerji təminatçısının Sovet kəşfiyyatı tərəfindən partladılması səbəbiylə xalq fövqəladə vəziyyətdən xəbərdar ola bilmədi. Halbuki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri DmitriYazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini FilipBabkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir.
Belə ağır vaxtda Ulu öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Zəngin dövləti idarəetmə təcrübəsinə malik olan xalqımızın vətənpərvər oğlu bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünya səviyyəsində rəsmiləşdirdi, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla Ulu Öndər bütün dünya qarşısında 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin təməlini qoydu. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”- deyə Ulu öndər Heydər Əliyev Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqe nümayiş etdirdi.
Ulu öndərin xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin lazımınca dəyərləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Hələ 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etmişdi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə gəlişindən sonra isə bu faciəyə hüquqi qiymət verildi. Ulu öndər 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.
Üzərindən 32 il keçməsindən asılı olmayaraq, o qanlı şənbə gecəsində azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divanı xalq heç vaxt unutmur. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı,müstəqilliyi üçün yol açdılar. İllər keçir, nəsillər dəyişir, qanımıza, canımıza hopmuş vətənpərvərlik azərbaycançılıq ideologiyası isə dəyişməz qalır. 2020-ci ilə qədər hər birimizin Qarabağ adlı ağrılı dərdimiz var idi. 30 il ərzində xalqımız mənfur düşmənin işğalı ilə barışmadı, doğma torpaqlara, yurd-yuvamıza qovuşmaq arzusu ilə yaşadı. 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfinin hücüm cəhdi məsələnin sülh yolu ilə həllini səbrlə gözləyən Azərbaycan ücün səbr kasasını daşıran son damla oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbəliyi ilə müzəffər Ordumuz 44 gün ərzində illərlə davam edən işğala son qoydu. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan Qarabağ zəfəri Azərbaycan xalqının igidliyinin, mərdliyinin, heç bir işğalla barışmazlığının baraz nümunəsi oldu.
20 Yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə kimi hadisələr, xalqımızın Vətən, millət sevgisinin, milli ideallar üçün birləşməsinin əvəzsiz nümunələr nəsildən-nəsilə ötürüləcək, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü əbədi edəcək.
Pərvin Kərimzadə,
Millət vəkili