Quba Soyqırımı Memorial Kompleksi 2021–ci ildə 20 mindən çox ziyarətçi qəbul edib. Ziyarətçilər arasında dünyanın bir çox ölkələrinin vətəndaşları yer alıb.
AZƏRTAC– xəbər verir ki, Kompleks Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejiminin qaydalarına uyğun fəaliyyətini davam etdirir.
Sosial şəbəkələrdə Quba Soyqırımı Memorial Kompleksinə aid səhifə və profillərdə mütamadi olaraq təbliğat xarakterli layihələr həyata keçirilir. Kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) ziyarətçilərə, həmçinin izləyicilərə canlı bağlantılar qurularaq onlayn məlumatlar verilir.
İl ərzində Kompleksin əməkdaşları bir sıra uğurlar əldə edib. Ukraynada nəşr olunan “Humanitar elmlərin aktual məsələləri” adlı elmi jurnalda kompleksin direktoru, tarix üzrə fələfə doktoru Rəxşəndə Bayramovanın “Quba qəzasında soyqırımının törədilməsi və onun nəticələri” adlı elmi məqaləsi nəşr olunub. Bundan başqa kompleksin əməkdaşı, tarix üzrə fələfə doktoru, dosent Sübhan Talıblının yerli və xarici mətbuat oraqanlarında 15 dən çox, Abutalib Turabovun isə “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” adlı elmi məqalələri dərc edilib.
Milli-mənəvi dəyərlərin təbliğində fərqləndiyinə görə Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Abutalib Turabov “Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində keçirilən “İlin aktiv gənci” nominasiyasında diplom, Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə və gənclər arasında partiyanın təbliği, sosial şəbəkələrdə aktiv iştirakı, partiya işindəki səmərəli fəaliyyətinə görə isə fəxri fərmanla təltif olunub.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar kompleksin əməkdaşlarının Gəncə şəhərinə səfər təşkil olunub. Səfər çərçivəsində Nizami Gəncəvi Məqbərəsi ziyarət edilib.
“Nizami Gəncəvi İli ”çərçivəsində il boyu onlayn elmi-praktik konfranslar təşkil edilib.. Konfranslarda əməkdaşlar Mehriban Əliyeva, Lətafət Beybutova, Sübhan Talıblı, Aygün Ağamirzəyeva, Ülkər Zeynalova, Səriyyə Abidova, Nazilə Məmmədova, Orxan Hüseynov, Seyid Cabbarov, və Emin Ulubəyov Nizami Gəncəvi haqqında müxtəlif məzmunlu məqalələri ilə çıxışlar ediblər.