İyulun 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Beynəlxalq Media Forumunun iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Əhməd İsmayılov onlara dəvəti qəbul edərək Beynəlxalq Media Forumunda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. O, bu cür forumların keçirilməsinin önəmini vurğulayıb.
Ə.İsmayılov qonaqları ölkəmizin media sahəsində aparılan islahatlar barədə məlumatlandırıb. Həmçinin bir çox beynəlxalq media orqanları ilə əlaqələrin qurulduğunu qeyd edib, türkdilli ölkələrlə media sahəsində qarşılıqlı məlumat mübadiləsi aparıldığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Beynəlxalq Media Forumunda müzakirə olunan mövzuların önəmindən bəhs edilib.
Sonda qonaqlara “Azərbaycan çap mətbuatı tarixinin inciləri” jurnalı təqdim edilib.