MDU və Düzcə Universiteti I Beynəlxalq Enerji Forumu keçirdi-FOTO

 Mingəçevir Dövlət Universiteti və Türkiyənin Düzcə Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq Enerji Forum keçirilib.

Kanal32.az-a verilən məlumata görə Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Düzcə Universitetinin birgə təşkilatçılığı və Düzcə Universitetinin ev sahibliyi ilə I Beynəlxalq Enerji Forumu  baş tutub. İki gün davam edən Forumun əsas məqsədi enerji istehsalı sahəsindəki innovasiyaların müzakirəsi, təmiz enerjiyə keçid proseslərinin təhlili və bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılmasıdır.

Forumun açılış hissəsində Düzcə Universitetinin rektoru Nedim Sözbir və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış ediblər.

Çıxışı zamanı rektor Anar Eminov Düzcə Universitetinə ev sahibliyinə görə təşəkkürünü bildirib və forum iştirakçılarını salamlayaraq, bu cür nüfuzlu beynəlxalq tədbirdə MDU-nun həm təşkilatçı, həm də iştirakçı kimi çıxış etməsini universitet üçün əlamətdar hadisə kimi dəyərləndirib. Rektor Anar Eminov universitetlərarası əməkdaşlıq imkanlarının daha da genişlənməsinə ümid etdiyini bildirərək, növbəti – II Beynəlxalq Enerji Forumunun Mingəçevirdə keçirilməsinin məmnunluq doğuracağını qeyd edib.


Düzcə Universitetinin rektoru Nedim Sözbir Forumun işinə uğurlar arzulayaraq, belə bir Forumun keçirilməsini iki universitet arasında əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.
Açılış mərasimindən sonra Forum plenar iclaslarla davam edib. Tədbirdə Düzcə Universiteti və Mingəçevir Dövlət Universitetinin alimləri ilə yanaşı, müxtəlif yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin Türkiyənin aparıcı enerji şirkətlərinin rəhbərləri məruzələrlə çıxış ediblər.

Mingəçevir Dövlət Universitetinin dörd əməkdaşı Forum çərçivəsində Azərbaycanla bağlı müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. Məruzələrdə ölkəmizin enerji istehsalı və ixracatı, bərpa olunan enerji resurslarının inkişafı, eləcə də işğaldan azad olunmuş ərazilərin enerji potensialı kimi aktual məsələlər əhatə olunub.

Kanal32.az