2026-cı il sentyabrın 15-də – Bilik Günündə Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının (MSU Language Excellence Laboratory) açılışı olub.
KANAL32.az-a verilən məlumata görə,açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və şəhərin digər rəhbər şəxsləri iştirak ediblər.
Laboratoriyanın fəaliyyət mexanizmini təqdim edən MDU-nun Rəqəmsal inkişaf və informasiya texnologiyaları mərkəzinin müdiri Elçin Tağıyev bildirib ki, yeni yaradılan mühit tələbələrin danışıq, dinləmə, oxu, yazı, söz ehtiyatı və tələffüz bacarıqlarının süni intellekt əsaslı alətlər vasitəsilə qiymətləndirilməsinə, fərdi inkişaf dinamikasının izlənilməsinə və əldə olunan nəticələr əsasında fərdiləşdirilmiş öyrənmə imkanlarının formalaşdırılmasına xidmət edəcək.
Laboratoriyada tələbələrin ilkin dil səviyyəsinin müəyyən edilməsi və sonrakı mərhələlərdə əldə etdikləri nəticələrlə müqayisə olunması nəzərdə tutulur. Qiymətləndirmənin “CEFR” meyarları əsasında aparılması tələbənin müəyyən dövr ərzində dil bacarıqları üzrə real inkişafının ölçülməsinə imkan yaradacaq.
Platforma süni intellekt vasitəsilə dərsin video qeydini, sillabusu və tədris materiallarını təhlil edir, müxtəlif göstəricilər üzrə qiymətləndirmə aparır, nəticələri sistemləşdirərək strukturlaşdırılmış hesabat hazırlayır. Həftə ərzində müəllimin keçdiyi dərslərin ümumi təhlili əsasında tədrisin təkmilləşdirilməsinə və müəllimin peşəkar inkişafına yönəlmiş konkret tövsiyələr təqdim olunur.
Platformanın 2027-ci ilin mart ayınadək Mingəçevir Dövlət Universitetinin əsas tədris binasındakı bütün auditoriyalarda tətbiqi nəzərdə tutulur. Hazırda prosesə xarici dillər üzrə tədris olunan fənlərdən başlanılıb.
Bu təşəbbüs MDU-nun yeni inkişaf strategiyası çərçivəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, dərslərin daha obyektiv və sistemli təhlili, eləcə də müəllimlərin davamlı peşəkar inkişafının dəstəklənməsi məqsədilə tətbiq edilən süni intellekt əsaslı alətlərdən biridir.
Qeyd edək ki, sözügedən proqram təminatı ABŞ, Kanada və Türkiyənin bir sıra qabaqcıl ali təhsil müəssisələrində istifadə edilir.
Sistem tələbənin yalnız yekun nəticəsini deyil, bütövlükdə öyrənmə prosesini və inkişaf trayektoriyasını izləməyə imkan verəcək. Tələbənin laboratoriyada fəaliyyətə başladığı zaman müəyyən edilən ilkin göstəricilər sonrakı nəticələrlə müqayisə olunacaq, fərdi elektron profil formalaşdırılacaq və inkişaf dinamikası mərhələli şəkildə təhlil ediləcək.
Laboratoriyada istifadə olunan süni intellekt əsaslı dil qiymətləndirmə vasitələri tələbələrin “pronunciation”, “fluency”, “vocabulary”, “grammar”, “listening” və “speaking” göstəricilərinin ayrıca təhlil edilməsinə imkan verəcək. Bununla tələbənin hansı dil bacarıqlarında irəliləyiş əldə etdiyi, hansı istiqamətlərdə isə əlavə dəstəyə ehtiyac duyduğu daha dəqiq müəyyənləşdirilə biləcək.
Texnoloji infrastrukturun qurulmasında İsveçin “AXIS Communications” şirkətinin ağıllı audio, süni intellekt əsaslı analitika və inteqrasiya olunan rəqəmsal sistemlər sahəsində texnoloji həllərindən, eyni zamanda Türkiyənin qabaqcıl universitetlərinin xarici dil tədrisi və rəqəmsal pedaqogika sahəsində tətbiq etdiyi yanaşmalardan istifadə edilib.
Laboratoriyada tətbiq edilən texnoloji model məlumatların mümkün qədər “edge computing” prinsipi əsasında, yəni məlumatın yarandığı cihaz səviyyəsində emal edilməsinə imkan yaradır. Süni intellekt əsaslı “Audio Analytics” texnologiyası nitqin və müxtəlif səs hadisələrinin müəyyənləşdirilməsi, səs səviyyəsinin ölçülməsi və əldə olunan göstəricilərin analitik sistemlərə ötürülməsi kimi funksiyaları dəstəkləyir. Bu yanaşma böyük həcmdə xam audio məlumatının daimi saxlanılması ehtiyacını azaltmaqla məlumatların daha səmərəli və təhlükəsiz idarə edilməsinə də şərait yaradır.
Laboratoriyanın açıq və inteqrasiya oluna bilən texnoloji arxitekturası burada istifadə edilən audio, süni intellekt və digər rəqəmsal həllərin gələcəkdə müxtəlif proqram təminatları, analitik platformalar və universitetin digər rəqəmsal sistemləri ilə əlaqələndirilməsinə imkan verəcək.
Yeni laboratoriyanın mühüm istiqamətlərindən biri də burada dərs deyəcək müəllimlərin süni intellekt və rəqəmsal pedaqogika üzrə kompetensiyalarının inkişaf etdirilməsi, həmçinin tədris fəaliyyətinin məlumat əsaslı qiymətləndirilməsidir. Bu zaman yalnız bir göstəriciyə deyil, tələbələrin inkişaf dinamikasına, dərsin metodiki keyfiyyətinə, rəqəmsal və süni intellekt alətlərindən istifadə səviyyəsinə, tələbələrin tədris prosesinə cəlb olunmasına, ekspert müşahidələrinə və tələbə rəylərinə əsaslanan kompleks yanaşmanın tətbiqi nəzərdə tutulur.
Beləliklə, laboratoriyada formalaşdırılan sistem tələbə, müəllim və tədris prosesini vahid məlumat əsaslı qiymətləndirmə mühitində birləşdirəcək. Əldə olunan nəticələr tələbələrin fərdi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və xarici dil tədrisinin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün istifadə oluna biləcək.
Perspektivdə Dil Mükəmməlliyi Laboratoriyasının yalnız xarici dil dərslərinin keçirildiyi tədris məkanı deyil, tələbələrin dil kompetensiyalarının ölçüldüyü, müəllimlərin peşəkar inkişafının dəstəkləndiyi, süni intellekt əsaslı tədris metodlarının sınaqdan keçirildiyi və əldə olunan məlumatların sistemli şəkildə təhlil edildiyi süni intellekt əsaslı Dil Öyrənmə və Qiymətləndirmə Mərkəzinə (AI-based Language Learning and Assessment Center) çevrilməsi hədəflənir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində yaradılan yeni laboratoriya beynəlxalq texnoloji yanaşmaların universitet mühitinə uyğunlaşdırılması, süni intellektin xarici dil tədrisinə sistemli inteqrasiyası, fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsi və məlumat əsaslı keyfiyyət təminatı mexanizmlərinin formalaşdırılması baxımından yeni imkanlar yaradacaq.







