Bir də görürsən səfehin biri durub deyir ki, mən Napaleonu sərkərdə hesab etmirəm. Deyirlər ay qardaş, axı sən deyəsən bir az çox getdin. Qayıdıb deyir ki, əşi mənim Napaleon adlı problemim yoxdur. Yaxud ata-babasını dəqiq tanımayan biri qayıdıb deyir ki, flankəs mənim mənəvi atamdır.
Son dövrlər bir qrup sərsəm, iddiaları ilə müddəaları uyğun gəlməyən “siyasətçi” və “şairlər” Azərbaycan xalqının milli-mədəni dəyərlər sisteminə daxil olmuş şəxsiyyətləri sağına-soluna təhqir və təftiş etməyə cəhd edirlər. Sonra da üzr istəmək məcburiyyətində qalırlar. Beləsinə deyirlər, üzürü qəbahətindən böyük!
Tənqid etmək hər bir insanın hüququdur. Etsinlər nə gözəl. Bu hüquqa hörmətlə yanaşmaq lazımdır. Amma unutmaq olmaz ki, tənqid etmək hüquq olmaqla bərabər həm də mədəniyyətdir. Tənqid etmək ifadə azadlığı və hüquq mədəniyyətinin ən vacib komponentlərindən biridir. Hər halda biz polemika və tənqid etmə mədəniyyətimizin yüskək olmasını iddia edə bilmərik.
Bir hədisdə deyilir ki, bir nəfər Məhəmməd Peyğəmbərin yanına gəlib zina etdiyi üçün daş-qalaq olunmasını istəyir. Peyğəmbərin ətrafındakılar onu möhkəm qınayırlar. Peyğəmbər deyir ki, zinanın cəzası daş-qalaq edilməkdir. Həmin adamın daş-qalaq edilməsi məqamı çatanda Peyğəmbər o şəxsə ilk daşı zina etməyən şəxsin atmalı olduğunu deyir. Bu sözdən sonra hamı kənara çəkilir.
Əlbəttə hər bir şəxsi tənqid etmək olar. Amma tənqid etmək üçün mənəvi haqq deyilən nəsnə də olmalıdır axı. Nizami Gəncəvi tənqid etmənin formulunun poetik dildə belə ifadə edir.
Əvvəl gör özünün nə nöqsanı var,
Sonra sən başqasında eyib axtar.
Ancaq son dövrün populist özündənrazı “tənqidçilərini”nin yazdıqlarına baxanda adamın yadına klassik bir el əhvalatı düşür. Ovçu güllə ilə maralı yaralayır. Maral yaralı-yaralı qaçıb gedəndə, gölməçədə quruldayan bir qurbağa maraldan soruşur ki, ay Maral qardaş nə olub, niyə qaçırsan? Maral deyir ki, ovçu məni güllə ilə yaralayıb. Ona görə qaçıram. Qurbağa deyir: “Maral qardaş, bilmirəm bu ovçu sən maralnan mən maraldan nə istəyir?”. Maral deyir: “Ay qurbağa, ovçunun gülləsi məni öldürməzdi, sənin bu sözlərin məni öldürəcək”.
Səməd Vəkilov,
hüquqşünas