Macarıstanda gənclər evləri mərkəzlərinin əməkdaşları üçün təlim təşkil ediləcək

İyulun 18-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdə gənclər evləri mərkəzlərinin əməkdaşları üçün təlim təşkil ediləcək.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Avropa Gənclər Mərkəzində keçiriləcək təlim-seminarda Azərbaycanın gənclər evlərinin əməkdaşları Avropa Şurasının gənclər mərkəzlərinin fəaliyyətinə dair yanaşmaları və standartları, insan hüquqları və vətəndaşlıq təhsili sahəsində maarifləndirici tədbirlərin planlaşdırılması və Avropa Şurasının Gənclər Mərkəzlərinə verdiyi keyfiyyət etiketinin əldə edilməsinin meyarları ilə tanış olacaqlar.

Təlimə qoşulmaq üçün namizədlər gənclər evinin əməkdaşı olmalı, təlim-seminardan əldə edəcəyi biliyi öz işində istifadə etməyə motivasiyalı olmalıdır. Həmçinin digər iştirakçılarla əlaqə qurmaqda maraqlı olmalı, namizədin iştirakı çalışdığı müəssisə tərəfindən dəstəklənməli və bunun üçün tövsiyə məktubu təqdim edilməli, təlim-seminar müddətində sessiya və məşğələlərə aktiv qatılmalı və Azərbaycan vətəndaşı olmalıdır.

Təlimdə iştirak etmək üçün son müraciət tarixi iyunun 10-udur.