Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AIPCE) Avropa Jurnalistlər Federasiyası (EFJ) ilə birgə icra etdiyi “Media şuraları rəqəmsal dövrdə” adlı layihə çərçivəsində mətbuat şuralarının inkişafını ehtiva edən konsepsiya hazırlanır. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihəyə UNESCO da dəstək verir.
Kanal32.az xəbər verir ki,Azərbaycan Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli Trend-ə bildirib ki, layihənin əsas məqsədi internet medianın inkişaf etdiyi bu dövrdə mətbuat şuralarının rolunu müəyyənləşdirməkdən, onların rəqəmsal dövrə trasformasiyasını təşviq etməkdən ibarətdir: “Media şuralarının rəqəmsal dövrə transformasiyasını ehtiva edən yeni konsepsiya hazırda tədqiqatlar və təhlillər mərhələsindədir. AIPCE-yə üzv olan mətbuat şuralarının vəziyyətləri araşdırılır, rəy və təklifləri öyrənilir. Əldə edilən nəticələr təhlil olunur, yeni konsepsiya üçün baza yaradılır”.
Müşfiq Ələsgərli qeyd edib ki, AIPCE-nin üzvü olaraq Azərbaycan Mətbuat Şurası da tədqiqatlara cəlb edilib, fikirləri, təklifləri dinlənilib: “Azərbaycan Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyası olaraq, biz prosesin uğurla tamamlanmasına töhfələr veririk. Mövzu üzrə debatlara qatılaraq, Azərbaycan Mətbuat Şurasının mövcud durumunu təsvir etmişik, qurumun adından təklif və rəylərimizi çatdırmışıq. Mən, eyni zamanda, komissiyanın üzvləri Azər Həsrət və Fərid Pərdəşünas da müzakirələrə, debat və sorğulara qatılmışıq. Onlar AIPCE tədqiqatçıları David Puertas Graell, Luc De Smet ilə müsahibələr əsnasında mətbuat şuraları üzrə yeni çağırışlar barədə fikirlərini səsləndiriblər”.
/trend.az/