Bakının problemləri nə vaxt həll olunacaq?
Birbaşa mətləbə keçirəm. Bakıda bir neçə saat yağan intensiv yağış bəzi problemlər yaratdı, ciddi fəsadlara səbəb oldu.
Nəqliyyatın hərəkətində çox böyük çətinlik yarandı, avtobusların hərəkəti isə iflic oldu desək daha doğru olar. Sərnişinlər isə evinə qayıdanda saatlarla suyun içində qaldı.
Yeri gəlmişkən deyək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü yağışın yağacağını əvvəlcədən söyləmişdir.
Bu rəsmi məlumat ictimaiyyətə açıq şəkildə təqdim edilmişdir. Amma təəssüflər olsun ki, yaranmış problemlərdən, baş vermiş fəsadlardan məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti heç bir qabaqlayıcı tədbirlər görməyib.
Təəssüf hissilə söyləyək ki, neçə illərdir bəzi deputatlar və bəzi məmurlar deyir ki, Azərbaycanda çox böyük sürətlə inkişaf gedir. Sual yaranır ki, bəs hanı o inkişaf?
Xalq o sürətli inkişafı niyə görə bilmir axı?
Bir neçə saat yağan yaz yağışına görə Bakının magistral yolları, küçələri, yeraltı keçidləri, bəzi körpülər, yağış suyunun altında qaldı.
Onu da vurğulayaq ki, ötən ilin payızında – oktyabr ayında Sabunçuda yeraltı tunelin yağış suyu ilə dolması nəticəsində 2 nəfər vətəndaş həyatını itirmişdi. Ancaq çox-çox təəssüflər olsun ki, o hadisədən 6 ay vaxt keçməsinə baxmayaraq, o tuneldəki problemlər aradan qaldırılmadı, nəticədə isə həmin tunel yenə də yağış suyu ilə doldu.
Ötən il Sabunçu tunelində baş vermiş o faciəli hadisədən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında söyləmişdi ki, “axşam yığışıb müzakirə edəcəyik”.
O vaxtdan neçə ay ötsə də həmin tuneldəki problemlər hələ də həll edilməmiş qalıb. Çünki bir neçə saatlıq yağan yağış sözlərimizi bir daha sübut etdi.
İntensiv yağan yağışın nəticəsində baş vermiş xoşagəlməz hadisələrdən belə görünür ki, bu qurumun rəhbərliyi, əməkdaşları, eləcə də bu quruma tabe olan bəzi idarə və müəssisələrin rəhbərliyi də öz işinin öhdəsindən lazımınca gələ bilməkdə çətinlik çəkirlər.
Yəni bu qurumun idarə olunmasında çox böyük problem mövcuddur. Deməli, bu qurumun əməkdaşları cavabdeh olduqları işə biganəlik göstərirlər, laqeyd yanaşırlar.
Bu isə sözsüz ki, birmənalı olaraq böyük məsuliyyətsizlikdən irəli gəlir.
Eldar Əzizov və bu məsələlərlə bağlı olan aidiyyatı qurumların rəhbərləri nə vaxt yığışacaq, bax, bunu hələ ki, nə Bakı əhalisi nə biz, nə də Eldar müəllim bilir.
Şair-jurnalist kimi düşünürəm ki, görəsən vəzifəli şəxslərdə, məmurlarda bu qədər məsuliyyətsizlik hardan qaynaqlanır?
Bir daha vurğulayırıq, dəhşətlisi isə odur ki, paytaxtın əksər ərazilərində hətta yağış suyunun axması üçün drenaj sistemi, kanalizasiya xətləri yox dərəcəsindədir.
Bir çox telekanalların xəbər proqramlarında səslənmiş fikirlərə görə hətta paytaxt Bakının bəzi ərazilərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur.
Çox böyük təəssüf hissilə deyək ki, belə xoşagəlməz hallar sözün əsl mənasında biabırçılıq və utancvericidir.
Daha nə deyək ki? Görəsən nə ad vermək olar bəzi məmurların məsuliyyətsizliyinə görə yağışdan sonra yaranan biabırçılığa, utancverici hallara?
Qeyd edək ki, bir çox fərdi yaşayış evlərini, həmçinin vətəndaşların həyətyanı sahələrini yağış suyu basdı, sərnişin daşıyan avtobusların salonu yağan yağış nəticəsində yolların suyu ilə doldu, əksər yollar isə çox keçilməz olaraq gölməçələrə döndü.
Belə olan halda hansı sürətli inkişafdan danışırsınız axı cənab məmurlar?
Uzun illərdir yüksək vəzifə kreslosunda əyləşən vəzifəli şəxslər, bəlkə hansınızsa bu sualı cavablandırasınız?
Çox-çox təəssüflər olsun ki, işinə səhlənkar yanaşan hansısa məmur vəzifəsindən azad edilmədi, yaxud da cavabdeh olduğu işinə çox məsuliyyətsiz yanaşan hər hansı bir vəzifəli şəxsə hətta töhmət də verilmədi.
Eləcə də hansısa məmur istefa da vermədi.
Paytaxt Bakıda güclü, intensiv yağan bir neçə saatlıq yağışın törətdiyi fəsadlar bir daha onu sübut etdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətində çox böyük nöqsanlar var.
Şair-jurnalist kimi düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı hörmətli Eldar Əzizov bir neçə saat yağan yağışdan sonra paytaxt Bakıda, eləcə də Bakıətrafı qəsəbə və kəndlərdə baş vermiş utancgətirən, xoş olmayan hallarla bağlı nə düşünür bəs?
Sözün bitdiyi andı.
P. S. Bakı qışa, qara, yağışa niyə hazır olmur heç vaxt? Bunun səbəbləri nədir görəsən?
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist