AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində “İz Azerbaydjana na front” (Azərbaycandan cəbhəyə) və “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” adlı nəşrlər təqdim edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, hər iki kitab Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü ilə MEK-ə təqdim olunub.
“Azərbaycandan cəbhəyə” kitabı 1941-1945-ci illərdə lend-liz proqramı çərçivəsində İran və Azərbaycan vasitəsilə ABŞ-dan SSRİ-yə hərbi texnikanın tədarükü və tranzit yüklərin daşınmasının təşkilinə dair tarixi-publisistik nəşrdir. Kitabın müəllifi aviasiya tarixçisi Vyaçeslav Filippovdur.
Ölkəmizin Küveytdəki səfirliyinin I katib-konsulu Mirdavud Sultanovun müəllifi olduğu “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” kitabında Azərbaycan diplomatiyasının müstəqillik dövründə əsas vəzifə və prioritetləri, dünya ölkələri ilə münasibətləri və digər məlumatlar öz əksini tapıb.