Mərkəzi Aran Regional Təhsil İdarəsinə yeni müdir təyin edildi-FOTO+DOSYE

Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Kanal32.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, Həmid Qasımov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində “Fizika” ixtisası üzrə, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb.

2019-2021-ci illərdə Bakı Mühəndislik Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsili alıb.

O, 2008-2015-ci illərdə İsmayıllı rayonu Xəlilli kənd tam orta məktəbində müəllim, daha sonra direktor müavini, 2015-2020-ci illərdə Azərbaycan Tələbələri Birliyində sədr müavini və sədr, 2020-2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş mütəxəssis, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi vəzifələrində çalışıb.

Bu təyinatadək o, Dağlıq Şirvan Regional Təhsil İdarəsində müdir müavini işləyib.

Kanal32.az