Mərakeş nəşrləri: Mehriban Əliyeva müasir dövrün görkəmli siyasi və ictimai xadimidir

Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Məhəmməd Fakir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günü ilə əlaqədar təşkilatın adından Mərakeşin “Bayanealyaoume.press”, “Sijilmassapress”, “Journalaswat.com”, “Amapresse” kimi aparıcı nəşrlərində “Mehriban Əliyeva müasir dövrün görkəmli siyasi və ictimai xadimidir” sərlövhəli məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın bütün həyatını Azərbaycana və Azərbaycan xalqına xidmətə, öz ölkəsinin inkişafına və populyarlaşmasına həsr edən qadın olduğu diqqətə çatdırılır.

Mərakeş nəşrləri yazır ki, Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin idarəçilik ənənələrindən ruhlanıb və özünün böyük idarəetmə istedadını respublikanın Birinci vitse-prezidenti vəzifəsində Azərbaycanın inkişafı və xalqın sosial problemlərinin həlli üçün uğurla birləşdirib.

Məhəmməd Fakir yazır: “Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədaqətli silahdaşı kimi ölkənin və Azərbaycan xalqının maraqlarından çıxış edərək məsul vəzifələri uğurla yerinə yetirir. Mehriban Əliyeva böyük məsuliyyəti dərk edərək və bundan çəkinməyərək, xalqın inamını və ümidini doğrultmaqdan ötrü inadla çalışır. Qaçqınlar, məcburi köçkünlər, əlillər, şəhid ailələri, müharibə veteranları və başqa həssas sosial qruplara böyük diqqət ayrılır”.

Xüsusi qeyd edilir ki, Mehriban Əliyeva Qarabağ müharibəsi veteranlarının ehtiyaclarının təmin edilməsinin qayğısına qalır, Qarabağ müharibəsi şəhidlərinin və iştirakçılarının analarına, həyat yoldaşlarına və uşaqlarına daim mənəvi dəstək göstərir.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanın memarlıq və tarixi irsinin mühafizəsini Fondun prioritetlərindən biri adlandırır.

“Bayanealyaoume.press” nəşrində diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının dünya miqyasında müsbət imicinin formalaşdırılması işində Mehriban Əliyevanın xidmətləri çox dəyərlidir. Belə ki, o, inkişaf etmiş, fasiləsiz və planauyğun şəkildə inkişaf edən Azərbaycanı dünyaya nümayiş etdirməyi bacardı.

Məqalədə daha sonra deyilir: “Dünyanın siyasi elitası Mehriban Əliyevanı müasir dövrün görkəmli siyasi siması, Avropanın inkişaf və tərəqqi yolu ilə gedən və Avropa dəyərləri ilə bölüşən müsəlman ölkəsindən olan siyasətçi qadın kimi görür. Müsəlman dövlətindən olan siyasi şəxsiyyətin xristian məbədlərinə münasibəti Azərbaycanın və multikulturalizmin Azərbaycan modelinin unikallığını bütün dünya qarşısında vurğulayır. Bu, beynəlxalq birlik və dünya KİV-i tərəfindən ənənəvi olaraq yüksək dəyərləndirilir”.