“Məhv olmuş ömür.Narkotikə YOX de!” filminin təqdimatı olub-FOTOLAR

3 oktyabr 2023-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin böyük akt zalında 205 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı keçirilmişdir. SİA xəbər verir ki, tədbiri layihənin rəhbəri Kənan Qubadzadə açaraq bildirib ki, “Layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir.

Film 4 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacaq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır”. Tədbirdə iştirak edən Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyev, Azərbaycan Milli Məclisin deputatları Müşfiq Cəfərov, Vüqar İsgəndərov, İlham Məmmədov, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Kamran Mayılov və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.

Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayına narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Eyni zamanda, sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı ümbarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Bu baxımdan, narkomaniyaya qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər.

Tədbir ərəfəsində “Narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə” AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, prorektor Orxan Naqdiyev və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən təşəkkürnamə təqdim edildi.

/sia.az/