“Liderlik – hakimiyyət deyil, təsirdir, idarəçilik deyil, xidmət və böyük tarixi məsuliyyətdir, sınaqlara və çətinliklərə sinə gərmək, onları dəf etməkdir, milyonlarla insana nümunə olmaq, onların arzularını reallığa çevirmək və nəhayət, yeni liderlər yetişdirməkdir”.
Adını milli tariximizə qızıl hərflərlə yazdırmış dahi şəxsiyyət
Azərbaycanın son yarıməsrlik tarixində elə bir mütərəqqi hadisə, tarixin gərdişini dəyişən elə bir məqam yoxdur ki, o, müasir türk və müsəlman dünyasının ən möhtəşəm şəxsiyyətlərindən biri olan, Azərbaycan xalqının böyük oğlu Ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olmasın. Doğma xalqının və məmləkətinin taleyi, rifahı, istiqbalı və işıqlı gələcəyi haqqında daim və dərindən düşünən o dahi insan milli toplumun hərtərəfli inkişafı və onun dünya xalqları sırasında layiqli yer tutması üçün durmadan çalışırdı. O çox yaxşı bilirdi ki, şanlı keçmişi, zəngin dövlətçilik ənənələri, davamlı insan potensialı olan bir xalqın iqtisadi, siyasi və mədəni həyatını müasir dövrün tələblərinə uyğun şəkildə nizamlamaq üçün, ilk əvvəl onun intellektual elitasının formalaşdırılması başlıca şərtdir. Məhz bu səbəbdən Ümummilli liderin Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi dövründə intellektual resursların yeni inkişaf mərhələsinə çıxarılması, elmi-texniki tərəqqinin milli insan kapitalı əsasında təmin edilməsi prioritet məsələ idi. Danılmaz faktdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla çağdaş milli dövlətimizin möhtəşəm intellektual sütunlarının memarı məhz Ulu öndər Heydər Əliyev olmuşdur.
Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycan Respublikasına rəhbərliyə başladığı ilk gundən məmləkətin gələcəyi və tərəqqisi naminə atdığı birinci addım da ölkədə təhsil sistemininin keyfiyyət göstəricilərinin yüksək səviyyəyə qaldırılması ilə bağlı olmuşdu. Respublikada kadr siyasətini uğurla həyata keçirən Ümummilli Lider yaxşı başa düşürdü ki, ölkənin işıqlı gələcəyini etibarlı şəkildə təmin etmək üçün milli dəyərlərə və tarixdən gələn əxlaqi-mədəni keyfiyyətlərə sahib olan, pozitiv elmin bütün sirlərinə israrla yiyələnməyə çalışan, özündə milli mentalitetin ənənəvi komponentlərini fəxarət hissi ilə tərənnüm etməyi bacaran, Şərqin və Qərbin yüksək elmi və mədəni nailiyyətlərini, mənimsəyən, daim yeniliyə, yaradıcılğa və reformasiyaya can atan, doğma Azərbaycanı bütün varlığı ilə sevən intellektualların yetişdirilməsi təxirəsalınmaz tarixi vəzifə olmalıdır. Bu vəzifənin uğurla həyata keçirilməsində Heydər Əliyev Azərbaycan genefondunda tarixdən gələn çox zəngin potensialın olmasını bilirdi. XX əsrin 60-cı illərinin sonu, 80-ci illərinin əvvəllərində Azərbaycanda reallaşdırılan milli-mədəni inqilabın misli görünməmiş templərlə cərəyan edən dinamikasına qısaca nəzər salmaq kifayət edir ki, Azərbaycan milli ideyasının gerçəkləşməsi naminə Ümummilli lider Heydər Əliyevin möhtəşəm fəaliyyətinin və hər hansı meyara sığmayan misilsiz xidmətlərinin əsrarəngiz portretini yarada biləsən. Bu portretdə hər şey bəşəri nizama, davamlılığa, təhlükəsizliyə, yüksək tərəqqiyə və optimizmə, sonsuz ümidlər gətirən və xoş reallıqlarla tamamlanan perspektivliyə istiqamətlənmişdir.
Heydər Əliyev dühası və ekzistensiyası təkcə onun fenomen olmasına, harizmasına və varlığının fövqəlunikallığına əsaslanmırdı. O, həm də millətinin hər bir nümayəndəsinə qəlbən yaxın olan, onlara əsl atalıq qayğısı göstərən ümumxalq sevimlisi idi. Köksündə mərhəmətli ürək daşıyan Ulu öndərin dühasının və zəkasının qüdrəti məkana və zamana sığmırdı.
Böyük reformalara imza atmış Ümummilli lider
Heydər Əliyev reformist şəxsiyyət idi. Belə şəxsiyyətlər “rubikonu keçməyə” daim hazır olan möhkəm siyasi iradəyə, bir ordunun qarşısında tab gətirməyə qadir olan yenilməz qətiyyətə sahib insanlardır. Onlar mövcud situasiyaya əsla müşahidəçi qala bilmirlər və onu toplumun maraqları, ümumbəşəri dəyərlərin təntənəsi naminə dəyişməyə can atır və buna yüksək səviyyədə nail olurlar. Heydər Əiyevin tərənnüm etdiyi unikal həyat fəlsəfəsi həm də milli dəyərlərimizin, milli ruhumuzun intibahı üzərində köklənmişdi. O, XX əsrin 20-ci, 30-cu illərində bolşevik irticasının və sovet repressiya maşınının qurbanı olmuş milli genofondu bərpa etmək istiqamətində taleyüklü vəzifəni şərəflə yerinə yetirmək kimi möhtəşəm bir tarixi məsuliyyəti öz uzərinə götürmüşdü. Azərbaycana rəhbərlik etdiyi iki müxtəlif tarixi dövrdə Ümummilli lider öz adlarını Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazdırmış metrlər pleyadasının ərsəyə gəlməsi üçün münbit şərait yaratmış, elmə, tərəqqiyə və yeniliyə can atan Azərbaycan insasnına daim diqqət və qayğı göstərmişdir. Nəticədə tarixin sərt sınaqlarından keçərək formalaşmış nəcib, alicənab və intelligent azərbaycanlı genotipi yenidən dirçəlmiş və müasir Azərbaycan millətinin formalaşmasında həlledici rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi möhtəşəm tədbirlərin başlıca nəticəsi Cənubi Qafqazda və keçmiş Sovet İttifaqı məkanında azərbaycanlı passionarlığının timsalında yeni intellektual etalonun formalaşması oldu. Bu əməlləri ilə Ulu öndər həm özünün, həm də təmsil etdiyi qədim və müdrik xalqın nəcib cövhərdən, ali zatdan olduğunu bütün dünyaya sübut etdi. O, Azərbaycana birinci rəhbərliyi dövründə ölkəmizin intellektual genofondunu elə bir yüksək kürsüyə qaldırdı ki, cəmiyyət həyatının bütün sahələrində – elmdə, ədəbiyyatda, təsviri və tətbiqi incəsənətdə, kinematoqrafiyada, musiqidə və digər sahələrdə dünya miqyaslı çoxlu sayda ustadlar yetişdi. Heydər Əliyev bununla da fiziki və intellektual terrora məruz qalmış bir xalqın əsli-nəcabətini, daim tarixin yaradıcı ruhundan qidalanmış ənənəvi simasını, onun qədimliklə üzvi əlaqəsi olan tarixi yaddaşını, milli əlamətlərini və mental xüsusiyyətlərini özünə qaytardı.
Bəsit proletar kültürünün bütün məhdudiyyətlərini israrla aşaraq Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dünyanın müasir inkişaf standartları ilə rəqabət aparmağa qadir olan adekvat mədəni və intellektual şəraitin formalaşdırılmasına nail oldu. Uşaqlıq illəri II Dünya müharibəsi dövrünə təsadüf etmiş və elementar ibtidai təhsil şansından məhrum olmuş insanların təhsil almaq hüquqlarını özlərinə qaytarmaq, onların intellektual imkanlarını dövrün tələblərinə uyğun şəkildə artırmaq məqsədi ilə nəzərdə tutulmuş axşam məktəblərini təşkil etmək və bununla da yaşlı insanların obyektiv səbəblərdən itirdikləri intellektlərini bərpa etmək Heydər Əliyevin fəaliyyətində xüsusilə diqqətəlayiq hadisə idi. Bununla Ümummilli Lider millətin rifah və inkişaf meyarlarından biri olan savadlılığın və təhsilliliyin cəmiyyət həyatı üçün normaya çevrilməsini təmin etmiş oldu.
XX əsr Azərbaycan və türk passionarlığının ən parlaq siması
XX əsrin 50-60-cı illərində Ulu öndər Heydər Əliyevin qısa müddət ərzində əvvəlcə Azərbaycan miqyasında və keçmiş Sovet İttifaqı məkanında, XX əsrin 70-90-cı illərində isə planetar miqyasda bir siyasət ulduzu kimi parlaması, müdrikliyin və uzaqgörənliyin nümunəsi kimi özünü təsdiq etməsi, əslində tarixi zərurət və etnogenezein passinarlıq nəzəriyyəsinə görə, təbiətdən gələn qanunauyğunluq idi. Ümummilli liderin təqiblər altında əzilən və adekvat tarixi qiyməti verilməyən bir xalqın ikinci mövludunu və dirçəlişini təmin etməsi isə onun fəaliyyətinin pik nöqtəsi və tarixi missiyasının apogeyi sayılırdı. Etnogenezin passionarlıq nəzəriyyəsində qeyd olunur ki, ali məqsədlər naminə fədailik yolu tutmuş şəxsiyyət hər davranışında dahilik məqamına və möhtəşəmlik kürsüsünə yüksəlir. O, hələ sağlığında özünün heykəlini öz əlləri və əməlləri ilə yaradır. Canını və enerjisini sərf etdiyi toplum isə ona əbədi heykəl ucaldır, onun xatirəsini əbədi olaraq əziz tutur. Belə şəxsiyyətlərdə daim öz həyatını və təmsil etdiyi toplumun həyat ukladını, stereotiplərlə dolu konservativ mühiti, status-kvonu pozitiv məcraya dəyişməyə yönəlmiş və qarşısıalınmaz daxili bir tələbat olur. Bu zaman müəyyən olunmuş bütün hədəflər və əqidəyə çevrilmiş ideya şəxsiyyətin öz həyatından daha yüksək dəyər kəsb etməyə başlayır. Passionarlıqda yaranmış spesifik psixoloji və ruhani halət yaradıcı və reformist şəxsiyyəti, davamlı olaraq qəhrəmanlığa və qeyri-ordinar addımlar atmağa sövq edir. Bu ideya naminə şəxsiyyət əzabkeşliyə və hətta şəhidliyə də hazırdır. Lakin o, missiyasının davamlı təntənəsi və ümidlərini ona bağlayan insanların rifahı naminə hamıdan daha güclü olmağa, toplumu işıqlı gələcəyə, xoşbəxtliyə və səadətə aparmağa məhkumdur. Onun öz missiyasını yarımçıq qoymağa, mücadilə meydanını qəfil tərk etməyə, cahillərin, eqoistlərin və diletantların zəfər çalmasına, haqsızlığın, zorakılığın və özbaşınalığın bərqərar edilməsinə yol verməyə haqqı yoxdur. O, gözəgörünməz bir providensiyanın sayəsində, sanki onun himayəsi və qayğısı altında davamlı uğurlar qazanır, düşmənlərini və opponentlərini qətiyyətlə dəf edir. Onun ruhu zəfər və təntənə üzərində köklənib. Orada özgə mahiyyətə və neqativ ünsürlərə yer yoxdur. Onun bütün varlığı pozitiv mahiyyət kəsb edir, ətrafina işıq və müsbət enerji saçan aurası isə dünyanı durmadan gözəlləşdirir. O, daxil olduğu məkana yüksək pozitiv yenilik gətirir, onu möcüzəli bir şəkildə canlandırır, bütün perimetr boyunca həmin məkanın mahiyyətini dəyişir, onun məzmununa və fəlsəfəsinə fəallıq, dinamizm və yeni ölçü meyarları qatır. O, öz ətrafindakı doğma insanları və mənsub olması ilə həmişə fəxr etdiyi toplumu daim bəxtəvər, fiziki və intellektual baxımdan yüksək keyfiyyətli, həyat ruhlu, azad və müstəqil görmək istəyir. Bunun üçün o, bütün real və potensial imkanılarını səfərbər edərək durmadan və usanmadan çalışır. Göründüyü kimi qeyd olunan bütün yüksək keyfiyyətlər dahilik kürsüsünə ucalmış Ümummilli lider Heydər Əliyevin əzəmətli portretinin möhtəşəm cizgilərinin ifadəsidir.
Təhsil millətin gələcəyidir!
Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də təhsil sistemi ilə bağlı idi. Xalqın intellektual intibahı kimi bir tarixi vəzifəni öz üzərinə götürən ümummilli lider çox yaxşı bilirdi ki, milli ruhun, milli insan kapitalının öz sərhədlərini aşaraq ümumbəşəri nailiyyətə və sərvətə çevrilməsi, onun ümumdünya ruhunun nailiyyəti olması üçün müasir təhsilin yüksək məqama yetişməsi, mütərəqqi, yaradıcı və tənqidi düşünən intellektuallar ordusunun yaradılması, elm və sənət korifeylərinin yetişdirilməsi, xalqın düşünən beyni, toplumun sönməz zəkası, millətin intellektual siması sayılan şəxsiyyətlərin ərsəyə gəlməsi, cəmiyyətin əqli baxımdan avanqardları sayılan, dühasını ardıcıl və metodiki şəkildə gələcək nəsillərə ötürməyə qadir olan intellektual elitanın formalaşdırılması mütləq şərtdir. Bir tarixçi və ali səviyyəli ziyalı kimi Heydər Əliyev elmin, maarifin və intellektin necə möhtəşəm xariqələr yaratmasını çox yaxşı başa düşürdü. Xalqın intellektuaal elitasının metodiki və məqsədyönlü şəkildə məhv edilməsinin Azərbaycan tarixi üçün necə acı və faciəli nəticələr verməsini bütün detalları ilə yaxşı öyrənmiş Heydər Əliyev bilirdi ki, XX əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışının, başladığı və uğurla həyata keçirdiyi istiqlal mücadiləsinin mənbəyi məhz Azərbaycan burjua millətinin formalaşdığı dövrdə elmin və maarifçiliyin geniş vüsət almasında, yeni maarifçi ruhun qəti şəkildə ümmə ideyasından imtina edərək, ədalət və sosial tərəqqi vəd edən millət ideyasına keçməsində, istibdada, totalitarizmə və mütləqiyyətə “yox” deyərək demokratizm və parlamentarizm ideallarını seçməsində idi. Məhz bu səbəbdən Ümummilli Lider yeni və əvvəllər analoqu olmayan spesifik şəraitdə xalqın linqvistik-mədəni və intellektual intibahını elmin, təhsilin yeni inkişaf pilləsinə qaldırılmasında görürdü. Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin XX yüzilliyin 60-cı illərinin sonu, 80-ci illərinin əvvəllərində Azərbaycanda formalaşdırdığı təhsil sisteminin inkişaf templəri o qədər yüksək idi ki, o, nəin ki, milli insan kapitalının necə bir yüksək potensial imkanlara malik olmasını açıb göstərdi, həm də obyektiv səbəblər üzündən indiyədək, demək olar ki, heç vaxt təzahür etməyən “vunderkind” hadisəsinin meydana gəlməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, o dövrə qədər “vunderkind” fenomeninin artıq iki əsrlik bir tarixi var idi. Lakin təlatümlərlə və sosial kataklizmlərlə dolu olan XX əsr sübut etdi ki, onun təzahür etməsi və özünü israrla təsdiq etməsi üçün adekvat şəraitin olması şərtdir. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə bu hadisənin, kifayət qədər geniş xarakter alması belə bir şəraitin tam şəkildə mövcud olmasının sübutu idi. Onu da xüsusi olaraq vurgulamaq lazımdır ki, o dövrdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin demək olar ki, hamısında vunderkind kateqoriyasına aid edilən, yaxud, orta və ali təhsil proqramını nəzərdə tutulmuş rəsmi müddətdən xeyli tez mənimsəmiş uşaqlar və gənclər təhsil alırdılar. Hətta həmin dövrdə ölkənin orta və ali təhsil sisteminə “eksternat” adlanan vacib element də daxil edilmişdi. Sözügedən dövrdə, ölkədə hətta savant sindromu (fran. Savant – bilikli, alim, – fiziki və fizioloji, o cümlədən autistik çatışmazlıqları olan bir şəxsin bir və ya bir neçə sahədə dahilik əlamətlərinin üzə çıxması ilə müşayiət olunan nadir hadisə) hallarına da rast gəlinirdi. Bu isə ölkədə hər kəsin yüksək təhsil alması üçün adekvat şəraitin olmasından xəbər verirdi. İnsan istedadının təbiətini öyrənən elmi nəzəriyyələrdə iddia olunur ki, dühaların fövqəl qabiliyyətinin “yuxarıdan” diqtə olunan bir hadisə olmasına baxmayaraq, eyni zamanda hər bir insan özünə görə istedadlıdır. Sadəcə onun istedadını üzə çıxarmaq üçün şərait, səbəb və təkan lazımdır. Burada tale faktoru da həlledici rol oynayır. Beləliklə, Ümummilli Lider Heydər Əliyev XX yüzilliyin 60-cı illərinin sonu, 80-ci illərinin əvvəllərində xalqın intellektual obrazının dəyişdirilməsinin qayğısına qalmaq kimi bir missiyanı üzərinə götürməklə, həm də onun fərdi və qlobal taleyini dəyişmiş oldu.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyinin sonunda – XX əsrin 80-ci illərinin əvvəllərində respublikada hətta orta statistik azərbaycanlının intellekt koeffisienti kifayət qədər yüksək həddə çatmışdı. Sovet dönəmində ümumittifaq miqyasında tətbiq olunan və vahid tədris standartına uyğunlaşdırılan təhsil sistemində, xüsusilə humanitar fənlərin tədrisində ciddi boşluqların olması Heydər Əliyevi çox narahat edirdi. Ümummilli lider Azərbaycana birinci rəhbərliyi dövründə humanitar elmlərin tədrisində milli koloritə uyğun korrektivlər edilməsini tövsiyyə etmiş və bununla bağlı fndamental islahatlar keçirilmişdir. Hələ 1983-1987-ci illərdə Sovet dövlətinin rəhbərlərindən biri kimi ulu öndər çoxlu sayda sahələri kurasiya etdiyi kimi təhsil sahəsi də ona tapşırılmışdı. Məhz həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin I müavini kimi Heydər Əliyev humanitar təhsildə ciddi korrektivlərin edilməsi təklifi ilə çıxış etmişdi.
Dini dəyərlərimizin Böyük mühafizəkarı
Heydər Əliyev dini-mədəni dəyərlərə dərin inancı olan uzaqgörən şəxsiyyət idi. Onun hələ dinə qarşı ciddi təqiblərin olduğu sovet dönəmində islam dəyərlərinə və müqəddəslərə səmimi münasibəti və məhəbbəti haqqında çox maraqlı məlumatlar var. Ümummilli lider Heydər Əliyev 1993-2003-cü illərdə ikinci dəfə, artıq müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi zaman, xüsusi olaraq diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz dini ideologiya olmuşdu. O, çox yaxşı başa düşürdü ki, dini inanclardan məhrum olmuş “proletar mədəniyyətinin”, tanrısızlığı israrla təbliğ və təşviq edən utopist kommunizm ideallarının xalqa qəbul etdirilməsi yaxşı nəticələr verməyəcək. Ulu öndər yaxşı bilirdi ki, din, dini ideologiya və onun dövlət tərəfindən himayəyə götürülməsi bütün mədəni cəmiyyətlərin vacib atributudur və ruhani dəyərlərdən məhrum olmuş heç bir tanrıtanımaz və ateist cəmiyyət uzun müddət fəaliyyət göstərə bilməyib.
Sovet dönəmində Azərbaycanda dini-ruhani dəyərlərin təbliğinə qoyilmuş qadağalara tamamilə son qoyulmasının, Azərbaycanın yenidən İslam dünyası arealına qovuşmasının yekunu kimi 1994-cü ildə Heydər Əliyevin Səudiyyə Ərəbistanına rəsmi dövlət səfəri çərçivəsində Məkkədə və Mədinədə müqəddəs dini məkanları ziyarət etməsi, kiçik həcc, yaxud ümrə həyata keçirməsi XX əsrdə İslam dünyasında ən möhtəşəm hadisələrdən biri idi. Ateizmi dövlət səviyyəsində ideoloji siyasət elan etmiş bir dövlətin ən görkəmli rəhbərinin Məkkəyə üz tutması müsəlman aləminin çox möhtəşəm tarixi qələbəsi və islam həmrəyliyinin sərhədlərinin daha da genişlənməsi kimi qiymətləndirilirdi. O zaman Ümummilli lider Heydər Əliyev Mədinə şəhərində Peyğəmbər Məscidinin “Fəxri qonaqlar kitabında” aşağıdakı sözləri yazmışdı: “Mərhəmətli və Rəhm edən Allahın adına. Mən bir müsəlman kimi çox xoşbəxtəm ki, müqəddəs şəhər Mədinədə, islamın müqəddəs abidələrində, mavzoleylərdə, Məhəmməd peyğəmbərin Məscidində oldum. Allaha həmd olsun ki, uzun illər ürəyimdə yaşayan böyük arzumu və niyyətimi həyata keçirmək kimi bir xoşbəxtliyə nail oldum. Bu tarixi hadisə mənim qəlbimdə böyük təlatüm hissi və hüzur yaratdı. Mən yenidən dərk etdim ki, islami mənbələrin nə qədər ümumbəşəri, fəlsəfi və elmi əsasları var. Mən Qüdrətli Allahın böyüklüyünü bir daha dərk etdim”.
Bu gün biz tariximizin ən parlaq siması olan ulu öndər və ümummili lider Heydər Əliyevi böyük hörmətlə və sonsuz məhəbbətlə anırıq. Onun müqəddəs ruhuna dualar oxuyur, Allahdan rəhmət diləyirik. Hər bir xalqı, ilk növbədə onun rəmzləri ilə tanıyırlar. Bu rəmzlərdən biri də liderdir. Məhz liderin obrazı, onun duhası və istedadı toplum haqqında adekvat təsəvvürlər və təəssuratlar yaradır. Azərbaycan xoşbəxt məmləkətdir ki, Ulu öndər Heydər Əliyevin timsalunda onun bütün dünyaya nümunə olan möhtəşəm simvolu var və bu simvol bizi xoşbəxt gələcəyə və davamlı qələbələrə aparan müqəddəs nur mənbəyidir.
Sevinc Həsənova:
Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil sektorunun müdiri.