Yevgeni Priqojinin məlum hərbi qiyamından sonra Putinin onsuz da zəifləmiş nüfuzunun ciddi şəkildə zədə aldığını onun ən qatı tərəfdarları da etiraf etməkdədirlər. Maraqlıdır ki, bir yandan bu qiyamda az qala Putin hakimiyyətinin xilaskarı kimi çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko da digər yandan Putinə növbəti “reputasiya zərbələri” endirməkdə davam edir.
Belarus Prezidenti elə qiyamdan sonrakı ilk açıqlamasındaca Putinin düşdüyü aciz durumu hamıya bəyan etdi.
Priqojinlə söhbəti barədə danışan Lukaşenko bundan öncə “Vaqner”in rəhbərinin Putinin zənglərinə cavab vermədiyini söylədi: “O, (Putin) mənə dedi ki, Saşa, mənası yoxdur. O, (Priqojin) dəstəyi götürmür, heç kimlə danışmaq istəmir”.
Bu, o deməkdir ki, Priqojin həmin gün Putini saymayıb, onunla danışmaq istəməyib. Buna qədər kimsə şəxsən Putinin Priqojinlə əlaqə yaratmaq, yəqin ki, ondan dayanmasını xahiş etmək istədiyini, lakin rədd edildiyini bilmirdi. Luakşenko isə bunu açıqladı və “Ali Baş komandan”ın nə qədər çətin duruma düşdüyünü ilk növbədə rusiyalılara çatdırdı.
Ancaq Lukaşenkonun Putinə zərbələri bununla yekunlaşmır. Növbəti açıqlamasında Lukaşenko bir qədər də irəli gedərək, qiyam günü baş verən daha bir sirri açdı. Belə ki, həmin gün Putinin ətrafının ona biganə münasibətini və onu dəstəkləməyi heç ağlından da keçirmədiyini bəyan etdi: “Qarışıqlıq başlayanda nədənsə hamı süpürgənin altında oturdu. Matviyenko cəsarət göstərdi, Volodin, Patriarx Kirill, bir cüt adam vəssalam”.
Bu açıqlama Rusiya siyasi elitasının Putinə münasibətini bütün çılpaqlığı ilə ortaya qoydu. Məlum oldu ki, Duma, Federasiya Şurası sədrləri və Rusiyada kifayət qədər ləkəli reputasiyaya malik olan Patriarxdan başqa heç kim Putini dəstəkləməyib. Bu siyahıya olsa-olsa bir də anormal davranışları və açıqlamaları ilə seçilən, siyasi karyerası və fiziki həyatı birbaşa Putindən asılı olan Dmitri Medvedevi əlavə etmək olar. Vəssalam.
Onu da xatırladaq ki, qiyam günü Rusiya Təhlükəsizlik Şurasının 12 üzvündən yalnız beşi Putini dəstəkləyən “ala-yarımçıq” bəyanatlar vermişdilər.
Daha sonra Lukaşenko Putinin qiyam qarşısında hərbi güc sarıdan da aciz olduğunu bəyan etdi. O, dolayısı ilə dedi ki, həmin gün Putinin Moskvaya yürüş edən “vaqnerçilərin” qarşısına çıxaracaq hərbi qüvvəsi olmayıb. Belə ki, bu qüvvə cəmi 10 minə yaxın polis və kursantlardan ibarət olub. Bununla 25 minlik “Vaqner” ordusunu dayandırmaq isə mümkünsüz idi.
Əlbəttə ki, Putin bu biabırçı durumun bütün çılpaqlığı ilə, özü də Lukaşenko səviyyəsində açıqlanmasını qətiyyən istəməzdi. Ancaq göründüyü kimi, Putinin nüfuz və reputasiya qayğıları artıq Lukaşenkonu az maraqlandırır.
Əvəzində, Lukaşenko öz nüfuzunu artırmaq barədə daha çox düşünürmüş kimi görünür. O, bir tərəfdən deyir ki, bu hadisədə “qəhrəman” yoxdur və özünün tərif edilməsinə qarşı çıxır, digər yandan isə özü öz xidmətlərini göylərə qaldırır və minnət qoyur: “Bəli, biz Rusiyadakı proseslərin təhlükəli məcraya keçməsinin qarşısını aldıq. Bəlkə də dəhşətli hadisələrin qarşısını aldıq. Biz müttəfiqik, kənarda qala bilməzdik”.
Daha sonra Lukaşenko açıq şəkildə Putinin dövrünün bitdiyinə eyham vuraraq, deyib: “Nəzərə alın ki, bu hələ başlanğıcdır. Hansınız qalxıb deyə bilərsiniz ki, hər şey bitdi? Heç kim deyə bilməz. Bizi çox ağır zaman gözləyir. Mən və Putin getməkdə olan siyatçilər nəslini təmsil edirik…”
Əlbəttə, Lukaşenko o qədər ağılsız və təcrübəsiz deyil ki, belə ifadələri təsadüfən, yaxud sadəlövhlükdən işlətsin. Uzun illərdir Putin onu müxtəlif metodlarla aşağılayır, ələ salır, Bealrusu Rusiyanın kiçikdən də kiçik “qardaşı” kimi qələmə verir, minnət qoyur, Kreml təmsilçilərinin, siyasətçilərin dili ilə Lukaşenkonu müftəxorluqda, Rusiyanın hesabına yaşamaqda günahlandırır. Rusiya xüsusi xidmət orqanlarının əli ilə barəsində kompramatlar toplayır, paylaşır və sair.Hələ 2020-ci ildəki məlum etirazlar zamanı Minskdə peyda olan “vaqnerçiləri” demirik.
Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra isə Putinin Lukaşenkoya təzyiqləri daha da artdı. Məhz Putinin təzyiqləri nəticəsində Lukaşenko Qərblə münasibətlərini və əlaqələrini “bütün körpülərin yandırılması” səviyyəsinə qədər endirməli oldu. Eyni zamanda, Rusiya tərəfindən Belarusun anbarlarından daşınan silah-sursatın sayı-hesabı yoxdur. Bütün bunlar Lukaşenkonun Belarus ordusunun müharibəyə cəlb olunmaması qarşılığında ödədiyi təzminatdır. Hansı ki, ordunun bu savaşa qoşulması Lukaşenkonun hakimiyyəti itirməsi demək olacaqdı.
İndi isə Lukaşenkonun Putinin uzun illər onu məruz qoyduğu“dost atəşi”nə layiqli cavab verməsi üçün unikal şans yarandı və o da bu şansdan istifadə etdi.
Nəhayət, Lukaşenkonun Putini “xilas etməsi” əhvalatı daha çox məşhur “Xaç atası” filmindəki bir epizodu – mafiyanın başında duran Vito Karleonenin oğluna nəsihətini xatırladır. Orada təcrübəli ata mafiyanın başına yeni keçən oğluna ailə daxilindəki xaini müəyyən etməyi öyrədərək deyir: “Yadında saxla, kim sənə Barzininin (ailənin düşməni) adından gəlsə (razılaşma təklif etsə), xain odur”.
Bu qiyamda Barzini rolunda Priqojin çıxış etdi, Putini onunla razılaşmaya gətirən isə hamıya məlumdur…
“AzPolitika.info”