Kürdlər Trampın gözləntilərini doğrultmur-Səbəbi isə…

ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”un aparıcısı Trey İnqst ilə müsahibəsində maraqlı detallara toxunub. O, ABŞ-ın İran hökumətini iğtişaşlara təhrik etməklə devirməyə çalışan etirazçılara silah göndərdiyini təsdiqləyib.
“Biz etirazçılara silah göndərdik, onların əksəriyyətinə”, – deyə İnqst Trampdan sitat gətirib və prezidentin İraq kürdlərini nəzərdə tutduğunu vurğulayıb. Tramp əlavə edib ki, artıq kürdlərin “silahları götürdüyünü” düşünür.
Kürdlər Trampın gözləntilərini doğrultmur. Halbuki İsrail və ABŞ-ın İrana hücumu fonunda kürdlərin Tehrana qarşı silahlı toqquşmalara girəcəyi gözlənilirdi. İstisna deyil ki, Trampın dediyi kimi ABŞ kürdləri silahlandırıb. Lakin kürdlər buna baxmayaraq İranla quru döyüşlərinə girmək niyyətində deyillər. ABŞ və İsrailin İranla döyüşdə son zamanlar üzləşdiyi gözlənilməz vəziyyətlər də göstərir ki, kürdlərin ehtiyatlı davranması boşuna deyilmiş.
Buna baxmayaraq, Tramp kürdləri prosesə cəlb etməkdə qərarlıdır. Xüsusilə onun artıq kürdlərin “silahları götürdüyünü” açıq şəkildə bəyan etməsi, topu İrana atmaq məqsədi güdür. Yəni Vaşinqton “biz kürdləri silahlandırdıq” deyərək, İranın kürdlərə qarşı represiv addımlar atmasını təmin edib qarşıdurma yaradaraq kürdləri məcbur etmək istəyir.
Əgər İrana beynəlxalq koalisiya müdaxilə etsəydi və ya ABŞ quru əməliyyatlarına başlasaydı, kürdlər prosesə qoşula bilərdi. Lakin vəziyyət nə İŞİD-lə mübarizədə, nə də Suriyada vətəndaş müharibəsindəki kimi deyil. ABŞ hər iki situasiyada kürdlərdən istifadə edib yarı yolda qoydu. Ona görə də kürdlər Trampın dəstəyini alsalar belə, bu dəstəyi istifadə etməkdənsə saxlamağı, təmkinli davranmağı üstün tuturlar.
Lakin bu da həqiqətdir ki, İran zəifləsə, bundan ilk istifadə edəcək etnik azlıq kürdlərdir. Ümumiyyətlə, bu tendensiya Türkiyə, Suriya və İraq üçün də keçərlidir.
Müəllif: Turan Rzayev