Mingəçevirdə Korrupsiyaya qarşı mübarizə yolları müzakirə olunub

Mingəçevir Media Mərkəzində media nümayəndələri və QHT üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Görüşün mövzusu korrupsiyaya qarşı mübarizə yolları və bu sahədə tədbirlər planının həyata keçirilməsi olub. Tədbiri “Mingəçevir İşıqları” qəzetinin baş redaktoru, əməkdar jurnalist Fərman Nəbiyev açıb. Vəıtəndaş cəmiyyəti təmsilçiləri  mövzu ilə bağlı fikirlərini bölüşüb, problemləri müzakirə edib və təkliflər irəli sürüblər.

İcra Hakimiyyətinin hüquq şöbəsinin rəhbəri Mehman Şükürov korrupsiyanın əsas səbəbləri kimi zəif idarəetməni,  qeyri-şəffaflığı, vətəndaş nəzarətinin  və hüquqi mexanizmlərin çatışmazlığını qeyd edib. O bildirib ki, cəmiyyətin müxtəlif təbəqələrində korrupsiyaya qarşı həssaslığın olmaması (xüsusilə təhsil, səhiyyə və hüquq-mühafizə sahələrində) bu problemin dərinləşməsinə gətirib çıxarır. Mehman Şükürov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə ölkənin əsas prioritetlərindən biridir və bu istiqamətdə irəliləyiş  cəmiyyətin kollektiv səyi ilə mümkündür.

“Kanal32” Media Şəbəkəsinin təsisçisi,telejurnalist  İnqilab Şirinli korrupsiyaya qarşı mübarizəyə üç kontekstdən — mənəvi, ictimai və hüquqi baxımdan yanaşmağın vacibliyini qeyd edib. O bildirib ki, mənəvi və ictimai aspektlər tənzimlənmədikcə, hüquqi tədbirlər effektiv olmayacaq. Şirinli diqqətə çatdırıb ki, korrupsiyaya qarşı real nailiyyətlər sözlə deyil, əməli fəaliyyətlə ölçülməlidir.

“Mingəçevir İşıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev media nümayəndələrinin problemləri işıqlandırmaq və ictimaiyyətə çatdırmaqda mühüm rol oynadığını deyib. O, əlavə edib  ki, jurnalistlər yalnız tədbirlərdən sonra deyil, istənilən vaxt ortaya çıxan problemləri araşdırıb işıqlandırmalıdırlar.

mi-news.az saytının redaktoru Yeganə Nəbiyeva  jurnalistlərin korrupsiya mövzusunda sərbəst çıxış edə bilməsi üçün onları müdafiə edən təşkilatların olmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, işlək mexanizmlər olmadıqda, qanunlar qəbul edilsə də, kağız üzərində qalır. Qanunların effektiv olması üçün onların icrasına  nəzarət edən mexanizm yaradılmalıdır.

“Azərbaycan Bələdiyyəsi” qəzetinin bölgə müxbiri İxtiyar Həsənli korrupsiyaya qarşı təbliğatın bağça və məktəblərdə aparılmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, fond pulu adı altında uşaqlardan pul yığılması kimi hallar geniş yayılıb. Yeganə Nəbiyeva da İxtiyar Həsənlinin fikirlərinə qoşularaq, bir neçə il əvvəl məktəblərdə korrupsiyaya qarşı layihə həyata keçirdiklərini və bu təşəbbüsə bəzi direktorların qarşı çıxdığını söyləyib.

Elastik MMC-nin direktoru Vaqif Həsənov sahibkarların üzləşdiyi korrupsiya hallarından danışıb. O qeyd edib ki, torpaq sahəsini özəlləşdirmək istəyən sahibkarlar tez-tez müxtəlif qurumlar tərəfindən yaradılan süni maneələrlə qarşılaşırlar.

Mingəçevir Resurs Mərkəzinin hüquqşünası İsmayıl İsmayılov korrupsiyaya şərait yaradan amillərdən biri kimi əmək haqlarının aşağı olmasından bəhs edib.  Onin fikrincə,  insanlar layiqli maaş almalıdırlar ki, dolanışıq üçün rüşvətə əl atmağa ehtiyac qalmasın: “Yalnız rüşvət verənləri deyil, rüşvət alanları və buna şərait yaradanları da ifşa etmək lazımdır”.

“Günboyu” saytının rəhbəri və “Azərbaycan müəllimi” qəzetinin region təmsilçisi Aynur Quliyeva isə  bildirib ki, korrupsiyaya qarşı mübarizə vicdan məsələsidir: “Dövlətə vicdanla xidmət edənlər rüşvətə yol açmazlar”.

Mənbə: “Mingəçevir işıqları”