Bu günlərdə Azərbaycan prezidenti “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı təsdiqlədi. Sənəddə deyilir ki, Milli Fəaliyyət Planı müxtəlif qurumların korrupsiya ilə mübarizə səylərini birləşdirməyə xidmət edir. Eləcə də vurğulandığına görə, plan korrupsiya ilə mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Fəaliyyət Planında nəzərdə tutulan 60-dək tədbirin təxminən üçdə biri dövlət sektorunda rəqəmsallaşma ilə bağlıdır. Korrupsiya ilə mübarizədə səylərin birləşdirilməsi baxımından başqa tədbirlər də orada yer alır.
Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, deputat Arzu Nağıyev “Turan”a deyib ki, həmin sənəd çox mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə bütün sahələrdə davam edir”.
“Bundan sonra mübarizə daha ciddi həyata keçiriləcək”
Onun sözlərinə görə, iqtisadi islahatların qarşısını alan əsas meyarlardan biri də məhz korrupsiyadır. Deputatın fikrincə, sözügedən Fəaliyyət Planının təsdiqi Azərbaycanda korrupsiyaya ilə mübarizənin yeni mərhələyə daxil olması kimi dəyərləndirilə bilər: “İnamla demək olar ki, bundan sonra korrupsiyaya qarşı mübarizə daha ciddi şəkildə həyata keçiriləcək. Hər bir məmur bu məsələdə öz məsuliyyətini dərk etməli, hər bir Azərbaycan vətəndaşı ictimai nəzarətçi kimi aktiv olmalı, neqativ halların qarşısının alınmasında dövlətin, hüquq-mühafizə orqanlarının yanında olmalıdır”.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, korrupsiya ilə mübarizə üçün hər zaman cəhdlər olur: “Burada beynəlxalq situasiya, geosiyasi vəziyyət, o cümlədən də yerli vətəndaşların narazılığı nəzərə alınır. O cümlədən də rüşvətxorluğun qarşısına yönəlmiş elektronlaşma ilə bağlı proseslər gedir”.
“Bizi narahat edən böyük korrupsiya hallarıdır”
Hüquq müdafiəçisi hesab edir ki, bu cəhdlər müəyyən miqdarda kiçik məmur heyətinin vətəndaşlarla birbaşa ünsiyyətinin aradan qaldırılması üçün nəzərdə tutulub: “Bu təmaslarda vətəndaşlardan rüşvət almaq mümkün idi. Proses rəqəmsallaşdırıldıqdan, məmurla vətəndaş arasında birbaşa ünsiyyət minimuma endirildikdən sonra rüşvət hallarının sayı azalıb”.
Lakin ekspertə görə, məsələ bu kiçik problemin həlli ilə bağlı deyil: “Bizi narahat edən böyük korrupsiya hallarıdır, hansılar ki ümumi proseslərə çox ciddi təsir edir. Məsələn, dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafına külli miqdarda vəsait ayrılır, amma həmin rayonların yalnız mərkəzi hissəsi abadlaşdırılır. Yəni, vəsaitin böyük hissəsi korrupsiyaya uğrayır. Ümumiyyətlə, ölkənin bütün idarəetməsi bu yanaşma üzərində qurulub”.
“Müstəqil media, vətəndaş cəmiyyəti yox səviyyəsindədir”
Bəşir Süleymanlının sözlərinə görə, bu vəziyyətdən çıxmaq üçün ictimai nəzarət təmin olunmalıdır: “Qanunvericilik bazası hazırlanır, sənədlər qəbul olunur, amma onun icrası ilə bağlı heç bir ictimai nəzarət yoxdur. Müstəqil media, vətəndaş cəmiyyəti yox səviyyəsindədir. Müstəqil məhkəmə sistemi bu prosesin əsas bazasıdır. Amma o da yoxdur”.
Hüquq müdafiəçisi hesab edir ki, azad media və müstəqil məhkəmə olmadan mübarizə ciddi effekt verəsi deyil.