Kollec direktoru media nümayəndləri ilə görüşüb-FOTOLAR

Mingəçevir Turizm Kollecinin rəhbərliyi Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşüb.

Milli Mətbuat Günü münasibətilə Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov və rəhbər heyət şəhərdə fəaliyyət göstərən media nümayəndələri ilə səhər yeməyi süfrəsi arxasında bir araya gəlib.

Görüşdə “Kanal32” Media Şəbəkəsinin təsisçisi,telejurnalist İnqlab Şirinli, Əməkdar jurnalist Fərman Nəbiyev,”Mingəçevir” qəzetinin Baş redaktoru Mirsədi Daşdəmirov, “Azərbaycan Bələdiyyəsi” onlayın qəzetinin xüsusi müxbiri İxtiyar Həsənli, “Yeni avaz” saytının bölgə müxbiri Esmira Hidayətova, Minews.az saytının əməkdaşı Yeganə Nəbiyeva, jurnalist Mətanət Məmmədova iştirak ediblər.

Görüş zamanı MTK-nın direktoru media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək onların cəmiyyətin obyektiv məlumatlandırılması, maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik prinsiplərinin təbliğindəki mühüm rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, Bu əlamətdar günün əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr edilən “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə qoyulub. Bununla da Azərbaycan milli mətbuatının təməli atılıb və ölkəmizdə peşəkar jurnalistikanın inkişafının əsası yaradılıb.

Səmimi və mehriban ab-havada keçən görüşdə media ilə təhsil müəssisələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda  cəmiyyətin doğru,operativ və etibarlı informasiya ilə təmin olunması və kollecin mədəni-kütləvi tədbirlərində göstərdiyi dəstəyə görə media təmsilçiləri “Təşəkkürnamə” ilə təltif olunublar.

Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanına əsasən 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

     

 

İxtiyar Həsənli