Kəndləri gəzərək pulsuz kitab paylayan müəllim-FOTOLAR

İcbari olması Azərbaycan təhsilinin ən müsbət cəhətlərindən biridir.

Şagirdlərdə isə təhsilə maraq, sevgi oyadan məktəb, müəllimlər və valideyndir.

Məhz bu məqsədlə onlar əlindən gələni etməlidirlər ki, övladları savadsız olmasın, təhsil alsın. Bir çox müəllimlərimiz var ki, bu işin öhdəsindən layiqincə gəlir.

“Cümhuriyət” qəzetinin müsahibi belə fədakar müəllimlərdən biri, Yardımlı rayonu Vərgədüz kənd tam orta məktəbinin müəllimi Türkel Tağızadədir:

– Sizin fəaliyyətiniz əsasən “şagirdlərə kitab sevdirən müəllim”kimi qiymətləndirilir. Ümumiyyətlə, bu gün şagirdlərdə kitab sevgisinin azaldığı deyilir. Ucqar kənd məktəbindəki şagirdlərdə kitaba necə maraq yaratmısınız?

– Yardımlı rayon Vərgədüz kəndində orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. 2016-cı ildə MİQ imtahanında 52 bal toplayaraq işə qəbul olmuşam və 6 ildir ki, pedoqoji fəaliyyətlə məşğul oluram. 2020-ci ildən Vərgədüz kənd tam orta məktəbinə yerdəyişmə etmişəm. Fəaliyyətimiz daha çox bu yerdəyişmədən sonra başlayıb. Kənddə ilk olaraq “Hərəyə bir kitab” adlı layihə başlatmışıq. Burada məqsədimiz məktəblilər, şagirdlər arasında mütaliə vərdişlərini artırmaq, kitaba həvəsi olan şagirdləri kitabla təmin etmək idi. Kifayət qədər uğurlu oldu. Məktəblər tez bir zamanda ətrafımızda cəmləşdi, getdikcə işlərimiz daha da çoxaldı, komandamız artdı.  Artıq biz kitab klubları, dərnəkləri yaratdıq. Ətrafımızda kitab oxuyan şagirdlərin sayı çoxaldı. Ən zəif kitab oxuyan şagirdimiz 50-yə yaxın kitab oxuyub. Bundan başqa biz rayonda kitab sərgisini təşkil etdik. Oktyabr ayının 2-də təşkil olunan bu sərgi Yardımlı rayonunda bir ilk idi. Müxtəlif qələm adamları iştirak etdi, 100-dən artıq kitab hədiyyə etdik. Bununla yanaşı, biz həm də Vərgədüz kəndində tam könüllü əsaslarla Kitab klubu, İncəsənət Klubu təsis etmişik, 40 nəfərdən artıq üzvü var. Biz burada məktəbliləri, şagirdləri istədikləri kitablarla təmənnasız təmin edirik. İncəsənət klubumuzun da 30-a yaxın üzvü var. Burada da şagirdlər könüllü şəkildə rəqs, toxuculuqla məşğul olurlar və biz onları təmənnasız olaraq bütün ləvazimatlarla təmin edirik.

Toxuculuq klubuna 200 manatlıq toxuma ləvazimatı almışıq və şagirdlər orada toxuculuqla məşğul olur ki, müxtəlif əl işlərinin satışını həyata keçiririk. Həmin gəlirdən bir qismini klubun digər işlərini həyata keçirmək üçün ayırırıq, digər qismini isə toxuculuq və rəsmlə məşğul olan uşaqlara veririk. Bütün bunlar könüllü olur. Marağı, istedadı, bacarığı olan  uşaqları fəaliyyəti zamanı istədikləri ləvazimatla təmin edirik. Bundan başqa müxtəlif  kitab blogerlərlə, yazıçılarla şagirdlərin görüşlərini təşkil edirik. Bizim şagirdlərdən kitab oxumaqdan əlavə “youtube” kanalında, “intagram”da kitabla bağlı blogerliklə məşğul olanlar var. Kitabla bağlı rayonda, kənddə çox işlər görmüşük. Rayonda kitab deyiləndə ilk növbədə Vərgədüz şagirdləri yada düşür. Bu gün 200-300 kitab oxuyan şagirdlərimiz var. Gənc yazıçılardan bəziləri məktəblərə kitablar göndərir. Psixoloqlarla şagirdlərin “online” görüşünü keçiririk. Mart ayında Yardımlıda ikinci böyük kitab sərgisi planlaşdırırıq. Bundan əlavə müxtəlif kəndlərə kitablar aparıb paylayırıq. Sonra biz o kitabları alıb başqa kəndlərə paylayırıq. “Kitablarla inkişaf edək” layihəsi var. Həmin layihə çərçivəsində məktəbimizə 30-a yaxın kitab paylanılıb. Həmin layihənin rəhbəri məktəblilərlə görüşə gəlib. Eləcə də “Kitab gəzər” layihəsi ilə bağlı 50 kitab məktəbimizə verilib.

-Məktəblərə, şagirdlərə çox sayda, hətta səyyar şəkildə  kitablar təqdim edirsiniz.  Bu kitabların əldə olunmasında sizə dövlət səviyyəsində dəstək varmı?

– Şagirdlərə verdiyim həmin kitabların əksəriyyəti öz şəxsi kitabxanamdandır. Müxtəlif bölgələrdə təşkil olunan kitab sərgilərində iştirak edirəm və ordan alıram. Maddi dəstəyim yoxdur. Məktəblərə apardığım kitablar ya şəxsi kitabxanam, ya da bizə hədiyyə edilən kitablar olur. Tam könüllülük prinsipi əsasında bunları həyata keçiririk.

-Bir vaxtlar əksər bölgələrdə, hətta kəndlərdə kitabxanalar vardı. Hazırda bu kitabxanaların fəaliyyəti qənaətbəxş deyilmi ki, siz belə layihələrlə kitab çatdırırsınız?

-Bizim kənd kitabxanamız, məktəbin də öz kitabxanası var. Məktəbin kitabxanasının ən fəal oxucuları yenə bizim şagirdlərdir. Kitabxanada da kifayət qədər kitab var. Mən kitaba həvəs oyadandan sonra bizim kitabxanada hər zaman qələbəlik olur. Kənd kitabxanasının da oxucuları bizim şagirdlərdir. Mən də yaz aylarında məktəbin həyətində öz büdcəmizlə kiçik kitabxana yaratmaq istəyirəm. Şagirdlərimiz rayonda təşkil olunan intellektual yarışlarda iştirak edirlər. Komanda olaraq rayonda qalib olub, zona turuna getmişik. Bundan başqa Zəfər Günü ilə bağlı keçirilən intellektual yarışda bizim məktəb rayonda 1-ci yerin qalibi olub. Hər ayın sonu məktəbimizdə də intellektual yarış keçiririk və qalib seçirik. Daha çox aktiv olan, kitab oxuyan şagirdlərimizlə “YouTube” kanalında müsahibələr təşkil edirik.

-Bu gün müəllimlər əməkhaqqının o qədər də yüksək olmadığını deyirlər. Belə olduğu təqdirdə, sizin bu istiqamətdə fəaliyyət göstərməyə  maddi gücünüz çatırmı?

-Əməkhaqqım o qədər də yüksək deyil. Əlavə olaraq repetitorluqla məşğul oluram. Ancaq, məsələn, kitab sərgisi keçirmişəm və 500-ə yaxın kitab təqdim etmişəm ki, onlardan 300-ə yaxını öz kitabxanamdandır. Digər kitabları isə dostlar göndərdilər. Başqa kəndlərə kitab aparıb paylayanda isə bu, tam öz hesabıma olur. Belə ki, öz maşınım var və kitabların daşınmasında bu baxımdan əziyyət çəkmirəm. Kitabların əldə edilməsi ilə bağlı da ciddi sıxıntı yaşamıram. İncəsənət klubuna da maddi dəstəyin bir hissəsini mən, digər qismini isə Bakıdan könüllüər verib.

-Siz bölgədə qızların da təhsilə cəlb edilməsi istiqamətində təşəbbüsünüzlə də tanınırsınız. Bəzi bölgələrdə qızların təhsildə yayınmasını müxtəlif amillərlə izah edirlər. Sizcə onların təhsildən yayınmasına valideynlərmi, yoxsa məktəbdə təhsilin zəif olmasımı səbəb olur?

-Biz qızları da kitab oxumağa cəlb etmişik. Mən imkan daxilində həm məktəbdə, həm hazırlıqda qızlara təmənnasız kömək etməyə çalışıram. Qızlar da oxuyurlar, həvəslənirlər. Məktəbdən yayınan, təhsilə marağı olmayan qızlarımız incənət klubumuzda sifarişlə toxuculuq işləri həyata keçirirlər. Biz onlara maddi və mənəvi dəstək oluruq. Onlar heç bir maddi sıxıntı yaşamadan şəhərdən, kənddən papaq, şərf, əlcək kimi sifarişlər alırlar. Onlara bu sahədə dəstək oluruq. Ancaq oxumaq istəyənlərə, təhsilə marağı olan qız uşaqlarına həm məktəbdə, həm də hazırlıqda təmənnasız kömək etməyə çalışıram. Qızların təhsildən yayınmasında valideynlərin də rolu var. Bizim ucqar ərazilərdə də psixologiya bir qədər fərqlidir. Şərait, mühit başqadır. Bizim kənddə gördüyümüz işlər də bəzi valideynlərdə narahatlıq doğurur. Ancaq təbii ki, zaman, dövr əvvəlki deyil. Ətrafa, oxuyan uşaqlara baxırlar. Bəzi valideynlərin təhsillə bağlı sıxıntısı yalnız qızlar deyil, oğlan uşaqları ilə də bağlı olur. Düşünürəm ki, valideynin, mühitin təsiri çoxdur. Ancaq bacardıqca valideynlərlə müəyyən iş görməyə, söhbətlər etməyə çalışırıq. Bunun nəticəsi də olur. Mənim qız şagirdlərimdən biri Bakı Slavyan Universiteti, digəri Lənkəran Dövlət Universitetində təhsil alır, ötən il 10-a yaxın şagirdim müxtəlif ali məktəblərə qəbul oldu.  Valideynlərlə görüşlərin müəyyən təsiri olur. Ancaq valideynin təsiri də danılmazdır. Həm qızların təhsili, həm oğlanların peşə seçməsində təsirləri olur.

– Valideynlərin övladlarını təhsildən yayındırmaqda məqsədi nədir?

-Bəzi bölgələrdə psixologiya, düşüncə fərqlidir. Məsələn, yol, gediş-gəliş problemimiz var. Kəndlərin əksəriyyəti ucqar ərazilərdədir. Şəhər, kəndlərarası marşrurlar işləmir. Valideyn də narahat olur ki, qız uşağı hazılığa gedir, məşğələdən gec çıxır, taksi ilə sərbəst gələ bilməz, kənd yeridir, qız uşağı oxuyub neynəyəcək. Yəni bu psixologiyada olan insanlarımız var. Yaxud iqtisadi baxımdan da rayonumuz zərif inkişaf edib.  Zavodlarımız yoxdur, musiqi məktəblərimiz effektli deyil, futbol akademiyamız yoxdur. Valideynlər də istəyir ki, şagirdlər hazırlığa, repetitor yanına getsin, universitetə qəbul olsun. Hər uşaq da universitetə qəbul ola bilmir. Bəziləri çox yaxşı futbol oynayır, bəziləri yaxşı rəsm çəkir. Bu sahədə bəzi valideynlər savadsız, maarifçiliyi zəif olduğu, eləcə də sosial məsələlərlə bağlı çalışır ki, uşaq hazırlıqla universitetə qəbul olsun. İstedadının qarşısına xətt çəkilən uşaq isə təhsildən də yayınır, istedadının arxasınca gedə bilmir. Yaxşı rəssam olacaqdısa ola bilmir, heykəltəraş olardısa olmur və beləliklə, əlimizdən çıxır.

-Bu gün bir çox müəllimlər kimi siz də repetitorluqla məşğul olursuz. Repetitorluq fəaliyyəti  olmasaydı, uşaqlar təhsildən kənardamı qalacaq?

-Ola bilərdi. Mən məktəbdə dərs dediyim heç bir uşağa əlavə hazırlıq keçmirəm. Hazırlığımda olan uşaqlar mənin sinfimdə olmayan, yaxud kənar məktəbdə oxuyanlardır. Repetitorluq DİM-in proqramı ilə ETN-in proqramı fərqli olduğu üçün bir növ günün zərurətidir. Mən məktəbdə şagirdə şəxsiyyət kimi yetişdirirəm, onlara film izlədirəm, psixoloji söhbətlər edirəm, əxlaqi dəyərlər aşılayıram, kitaba mütaliəyə həvəsləndirirəm. Bu məktəbin işidir. Şagirdi şəxsiyyət kimi yetişdirir. Ancaq repetitorluq birbaşa şagirdə fənni öyrədib universitetə “salmaqdır”.

-Bu gün ucqar kənd məktəbində həllini gözləyən probleminiz varmı?

-Hazırda ciddi problemim yoxdur. Ancaq bizim rayonda həllini gözləyən işlər yalnız mən, yaxud 5-10 nəfərin görəcəyi iş deyil. Dövlət, Mədəniyyət Nazirliyi, ETN səviyyəsində işlər görülməlidir. Mənim istəyim rayon üçün böyük işlərin görülməsidir. Mənim keçirdiyim kitab sərgisi öz təşəbbüsümlə olur. Ancaq növbəti sərgimizə istərdim ki, müəyyən nəşriyyatlar iştirak etsin, öz kitablarını təqdim etsinlər. Mən hər kəsin kitab ehtiyacını qarşılaya bilmirəm. Ancaq bu nazirlik, nəşriyyatlar səviyyəsində həyata keçirilsə  daha yaxşı olar. Çox istərdim ki, bizim kəndlərdə, məktəblərdə teatrlar olsun, şagirdlərimiz arasından istedadı olanları müəyyən edənlər olsun. Qızların təhsili ilə bağlı müəyyən işlər görmək olar. Bizim rayonda da böyük işlər görmək mümkündür. Mən iki ildir ki, fəaliyyətim sosial şəbəkələrdə paylaşıram, daha çox əlimdən gələni etməyə çalışıram. Ancaq tək əldən səs çıxmır.

Cebhe.info