İraq saytı Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətlərindən yazıb

İraqın “Afkarhura.com” saytı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayətləri” sərlövhəli məqaləsini yayıb.

Məqalədə 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raketin atıldığı qeyd olunur.

Vurğulanıb ki, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yazıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 3 oktyabr 2021-ci ildə bir sıra QHT təmsilçilərinin Gəncə şəhərinə səfəri haqda məlumat verilib: “Səfərdə əsasən insan hüquqlarının müdafiəsi, habelə uşaq və qadın hüquqlarının qorunması istiqamətində fəal olan 100-ə yaxın QHT təmsilçisi iştirak edib. İlk öncə Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib ki, Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə və digər şəhər və kəndlərimizdə törətdiyi terror aktlarına, faciəyə hələ də hüquqi qiymət verilməyib”.

Məqalədə bildirilib ki, səfər çərçivəsində keçirilən konfransda QHT-lər tərəfindən Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə Gəncədə insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara, hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət qəbul olunub: “Azərbaycan dövlətinin məqsədi isə regionda sülhün və sabitliyin təmin olunmasıdır. Məhz buna görə də Azərbaycan hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də həlli üçün sülh yolunun tərəfdarı idi. Lakin işğalçı Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirdi. Azərbaycan ərazi bütövlüyünü alternativ yolla bərpa etməyə qadir olduğunu bir daha sübut etdi. Azərbaycanın Milli Ordusunun cəbhədə əldə etdiyi şanlı Zəfər bunun bariz nümunəsidir”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://afkarhura.com/?p=25532