Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq əlaqələrini gündən-günə daha da genişləndirir. Qonşu dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi isə dövlət siyasətində prioritet təşkil edir. Bu günlərdə cənub qonşumuz İran İslam Respublikasının anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmadı. Geniş oxucu auditoriyasının bu mövzu ilə bağlı marağını nəzərə alaraq AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının İran-Azərbaycan münasibətlərindən bəhs edən elmi-tədqiqat xarakterli məqaləsini oxucularımıza təqdim edirik.
İranda 1978-1979-cu illər inqilabından sonra daxili siyasi, sosial, mədəni münasibətlərin və xarici əlaqələr sisteminin dəyişməsi yeni yaranan İran İslam Respublikası rejimi ilə bağlı olan beynəlxalq və regional münasibətlərin də dəyişməsinə səbəb oldu. Meydana gəlmiş və formalaşmış müasir beynəlxalq münasibətlər sistemində İran öz xarici siyasət kursunun istiqamət və vəzifələrinə yenidən baxmalı oldu. Teokratik rejim özünü qorumaq üçün beynəlxalq miqyasda “özünütəcrid”, İran körfəzi regionunda isə “inqilab ixracı” siyasəti yeritməyə başladı. Yeni siyasi kurs rejimin stabilləşməsinə yardım etsə də, İranın dünya və region dövlətləri ilə normal siyasi münasibətlər qurmasına maneələr yaratmış oldu. İran İslam Respublikası əvvəlki şahlıq rejiminin xarici siyasət kursundan tamamilə imtina edərək özünün yeni xarici siyasətini İran İslam Respublikasının maraqlarına uyğun şəkildə aparmağa başladı.
Müstəqil dövlətlərin yarandığı bir regiona çevrilmiş Cənubi Qafqazın Qərb ilə Şərq, Şimal ilə Cənub dəhlizində birləşdirici rolu və strateji əhəmiyyəti, eyni zamanda SSRİ-nin dağılması ilə burada yaranmış boşluq, ərazi iddiaları, separatizm zəminində baş verən silahlı toqquşmalar dünya və region dövlətlərinin, o cümlədən İran İslam Respublikasının həmin regiona nüfuz etməsi, orada möhkəmlənməsi istəyini şərtləndirdi. SSRİ-nin dağılması ilə Cənubi Qafqazda baş verən hadisələr bu istəklərin həyata keçməsi üçün münasib şəraitin də yaranmasına səbəb oldu. Qafqaz regionu ilə həmsərhəd olan İran İslam Respublikası (İİR) öz milli təhlükəsizliyi və milli maraqlarını təmin etmək üçün həmin regiondan həm birləşdirici, həm də ayırıcı vasitə kimi istifadə etməyə çalışırdı. Bununla da İİR-in Qafqaz regionunda ikili xarici siyasətinin əsası qoyulmuş oldu. İranın Qafqaz siyasətinin həmin cəhəti Dağlıq Qarabağ probleminə münasibətdə özünü daha aydın şəkildə göstərdi. Həmin siyasətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etmək imkanları İİR-in Qafqaz siyasətində Dağlıq Qarabağ probleminin rolunu ayrıca tədqiq etməyi zəruri edir.
SSRİ dağıldıqdan sonra İran Cənubi Qafqazda baş verən hadisələri diqqətlə izləməyə başladı. Təsadüfi deyil ki, Tehran öz milli təhlükəsizliyi baxımından Cənubi Qafqazda mövcud problemlərin həllində vasitəçilik missiyası göstərmək təşəbbüsü ilə dəfələrlə çıxış etmişdi. Lakin böyük dövlətlərin müqaviməti ilə üzləşən İranın bu cəhdləri uğursuzluqla bitmişdi. Bununla belə, İran həm Azərbaycanda, həm Ermənistan, həm də Gürcüstanda da cərəyan edən hadisələri diqqətlə izləyir və Cənubi Qafqaza özünün milli maraqlarına daxil olan zona kimi baxırdı. Eyni zamanda, Tehran Qərblə Şərqi birləsdirən nəqliyyat dəhlizinə çox maraq və həssaslıqla yanaşırdı.
Qacarlar hökumətinin AXC-nin müstəqilliyinə “münasibəti”
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də, XX əsr Azərbaycanın dövlətçilik tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublikada milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atıldı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. İstiqlal Bəyannaməsindəki müstəqil və qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin qurulması zərurəti prinsipləri Azərbaycanın cənub qonşusu olan İranla da normal münasibətlərin yaranmasını tələb edirdi.
İranın rəsmi diplomatik nümayəndələri “Azərbaycan” adına etiraz etməklə yanaşı, İranın şimalında müstəqil dövlətlərin, xüsusən müsəlman dövlətlərinin yaranmasını İranın mənafeyinə uyğun hesab edirdilər.
Qeyd edək ki, Qacar İran dövlətinin bir sıra dövlətlər kimi, uzun müddət Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etməsi, ona ərazi iddiaları irəli sürməsi və bunun üçün Paris sülh konfransına səy göstərməsi, yalnız müttəfiqlər tərəfindən Azərbaycanın rəsmən tanınmasından sonra İranın Azərbaycan Xalq Cümhuriyyətini tanıması faktı, Müsavat hökumətinin çıxış yolunu İranla həmrəylikdə görməsi, ölkəmizin “Muxtar Cümhuriyyət” adlandırılması və s. məsələlərə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Sənədlər və Diplomatiya Tarixi Mərkəzinin nəşr etdirdiyi sənədlər toplusu kitabında tam aydınlıq gətirilmişdir.
Paris sülh konfransında təqdim etdiyi memorandumda İran demək olar ki, bütün keçmiş Azərbaycan xanlıqları ərazisinə iddia irəli sürdü. Lakin get-gedə İran Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddialarının perspektivsizliyini başa düşdü və siyasi reallıqlarla razılaşmaq məcburiyyətində qaldı.
Azərbaycanda beynəlxalq şəraitdəki mürəkkəblik və ziddiyyətlilik AXC hökumətindən çox çevik xarici siyasət həyata keçirməyi tələb edirdi. Bu xarici siyasətin başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini qorumaq və inkişaf etdirmək, Xarici İşlər Nazirliyinin yaranmasına və onun işinin təkmilləşməsinə xüsusi diqqət təşkil edirdi. Bu baxımdan İranla münasibətlərə, İranın Azərbaycana qarşı yönəlik siyasətinə, İranın AXC-nin de-yure tanınmasına nail olmaq, İrandakı azərbaycanlıların vəziyyətini öyrənmək və s. məsələlər AXC-nin İran siyasətində önəmli idi.
İsmayıl xanın Tehrana səfəri, İranda aparılan danışıqlarda sərhəd məsələsi, ticari-iqtisadi əlaqələr və s. məsələlər haqqında Kavə Bəyat “Qafqaz üzərində tufan, müstəqilliyin ilk dövründə, 1918-1921-ci illərdə İranın Azərbaycan Respublikası, Ermənistan və Gürcüstan arasında regional münasibətlərinə baxış” adlı əsərində qeyd edir ki, “1919-cu ilin yanvar ayının sonu (1338-ci il Rəbiüssani ayının axırları) Fətəli xan Xoyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş Adil xanın qardaşı İsmayıl xan Ziyadxanlının başçılığı ilə əhalinin hissiyyatını təbliğ etmək üçün Tehrana bir heyət göndərmək qərarına gəldilər. Bununla da o, qarşılıqlı anlaşma üçün bir addım atırdı. İsmayıl xan Ziyadxanlı həmin il, yəni 1919-cu il aprel ayının ortalarında Ənzəli yolu ilə İrana daxil oldu. Yarı rəsmi “İran” qəzeti “Qonaq bizdəndir” adlı dərc etdiyi bir məqalədə “Qafqaz islam millətinin” nümayəndəsinin İrana gəlişindən məmnunluğunu bildirərək yazır ki, “Bu möhtərəm qonaq bizdəndir, yəni o tayfadandır ki, İranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında, İran dövlətinin və millətinin nümayəndəsidir. Cənab İsmayıl xan Ziyadxanlı tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq etmişlər”. Xarici İşlər Nazirliyinin rəsmiləri ilə İsmayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə İran təbəələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, poçt və ticarət sahəsindəki problemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi. Bu arada Tehranda İsmayıl xan Ziyadxanlı ilə İran Xarici İşlər Nazirliyi arasında cərəyan edən müzakirələr Bakı mühitindən uzaq olduğuna görə nisbi nailiyyətlərlə nəticələndi. Müzakirə mövzusu olan məsələlər haqqında müəyyən razılışmalar əldə edildi və 4 iyun 1919-cu ildə İsmayıl xan Ziyadxanlı ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı. Bu müqavilədə Respublikanın tanınması mövzusu, yaxud da iki dövlət arasında müştərək sərhədlər məsələsi müzakirə obyekti olmalı idi. Daha doğrusu, iki dövlət arasında ticari münasibətlərlə bağlı mövcud problemlərin təcili aradan qaldırılması və iki dövlət vətəndaşlarının mütərəqqi olaraq hüququnun qorunması məsələsi əsas müzakirə obyekti oldu. Bununla belə, işin nəticəsi təsdiqlənib qəbul məsələsinə çatan kimi o da ləğv edildi. Belə nəzərə çarpır ki, Bakı hökuməti bu razılaşmanın tənzimlənməsi prosesindən xəbərsiz olmuşdur, çünki şaban ayının ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi İsmayıl xanın qayıdış vaxtını öyrənərkən qeyd etmişdir ki, onun hərəkət etdiyi gündən məlumatsız olmuşdur. Elə buna görə də sonrakı mərhələlərdə Bakıda bu razılaşma haqqında söhbət getdiyində bu mövzu nəticəsiz qaldı”.
İki qonşu ölkə arasında diplomatik münasibətlərin yaradılması asan başa gəlmirdi; İran hakim dairələri 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın itirilməsi ilə razılaşmaq istəmirdilər. O vaxt Paris sülh konfransında İranın çar Rusiyası tərəfindən işğal edilmiş torpaqları tələb etməsi təsadüfi deyildi. Belə bir vaxtda Azərbaycan suveren bir dövlət kimi dünya siyasi səhnəsinə qədəm qoymuşdu və bu, İran hakim dairələri üçün də gözlənilməz bir hadisə idi.
1919-cu il iyulun 16-da AXC-nin Nazirlər Şurası İran hökuməti yanında diplomatik nümayəndəliyin təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr tarixli qərar ilə hökumət Tehranda nümayəndəlik yaratdı və nümayəndəliyin başçısı isə Adil xan Ziyadxanlı təsdiq edildi. Çar Rusiyasının keçmiş səfiri, general Etter Azərbaycan nümayəndəsinin İrana gəlməsinə hər vasitə ilə mane olmasına baxmayaraq, lakin rus səfirinin sözünə İran hökuməti tərəfindən əhəmiyyət verilmədi. Azərbaycan nümayəndəsi Tehran hökuməti və İran şahı tərəfindən iltifatla qəbul edildi. İran şahı Tehran, Təbriz və başqa şəhərlərdə AXC-nin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Yerli azərbaycanlılar diplomatik heyətin gəlişi münasibətilə ziyafət verdilər.
Azərbaycanla İran arasında qarşılıqlı anlaşma yaranmağa başladı. Bu işdə Avropaya çıxan İran şahının 1919-cu il avqust ayının 16-da yolüstü Bakıda dayanması müsbət rol oynadı. Şah “mehriban qonaqpərvərlik üçün Azərbaycan hökumətinə minnətdarlıq” bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanlı Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanlının İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə ilə də söhbətləri oldu. İran şahının Bakıda gördükləri, eşitdikləri, Ziyadxanlının İran naziri ilə söhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yaratmağa təsir göstərdi.
A.Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı. Adil xana səfirliyin açılması üçün 50 min manat, özünün yaşaması üçün isə 25 min manat pul ayrılmışdı. 1920-ci il yanvar ayının 4-də AXC-nin İrandakı ilk səfiri A.Ziyadxanlının Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə başladı. Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə yanaşı, A.Ziyadxanlının başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım edirdilər.
Azərbaycanla İran arasında diplomatik danışıqlar, teleqraf, ticarət-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyalarının və s. məsələlər ilə bağlı 8 müqavilənin imzalanması da məhz Adil xan Ziyadxanlının səfirlik etdiyi dövrə – 1920-ci il martın 20-nə təsadüf edir. Məlum olduğu kimi, İrandakı Azərbaycan səfirliyi 28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərmişdi. Azərbaycanı bolşeviklər işğal edəndən sonra A.Ziyadxanlı vəzifəsindən kənarda qaldı, İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Çünki Azərbaycana qayıdacağı təqdirdə onu da qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər.
AXC sovet işğalına məruz qaldıqdan sonra Adil xanın İranda qalması çox təbii görünməlidir. Çünki o zaman bir çox ölkələrdəki Azərbaycan səfirliyi, konsulları, müxtəlif siyasi nümayəndələri doğru addım atıb, akkreditə olunduqları ölkələrdən sığınacaq alaraq bolşeviklərin bütün azadlıq mübarizlərinə divan tutduğu Azərbaycan Sovet Sosialist Respublikasına qayıtmadılar.
Siyasi-diplomatik münasibətlər
Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri Yaxın və Orta Şərq, o cümlədən geosiyasi, dini və etnik cəhətdən ona yaxın olan ölkələrlə əməkdaşlıq və mehriban qonşuluq əlaqələrini inkişaf etdirməkdir. Bu baxımdan, Azərbaycan dövlətinin xarici siyasi fəaliyyətində, iqtisadi, mədəni və digər əlaqələrinin inkişafında İran İslam Respublikası özünəməxsus yer tutur. Hər iki ölkə xalqlarının uzun zamanlardan bəri din və dil kimi müştərək ilişkilərə malik olması, adət-ənənələrdə oxşarlıq və ən başlıcası İran ərazisində azərbaycanlıların yaşaması faktı İranla Azərbaycan arasında münasibətlərin inkişafı üçün əlverişli stimul yaradır.
İran İslam Respublikası 15 ölkə ilə həmsərhəd və qonşu olduğu üçün özünün strateji mövqeyini, daxili və xarici, eləcə də sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə çevik, fəal, ehtiyatlı xarici siyasət yürüdür. Cənubi Qafqazda böyük maraqlara malik olmaq uğrunda mübarizə aparan Tehran bölgədə öz xarici siyasətinin perspektivlərini müəyyənləşdirərkən Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan Respublikası ilə münasibətlərinə xüsusi önəm verirdi. Tehran yaxşı başa düşür ki, Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq və səmərəli münasibətlər qurmadan Cənubi Qafqazda uğurlu siyasət yeritmək mümkün deyil. Eyni zamanda, öz mövqeyindən səmərəli və beynəlxalq hüquq normalarına uyğun şəkildə istifadə edən Azərbaycan Respublikası regionda sülh uğrunda mübarizədə sadəcə bəyanatlarla, bəyannamələrlə kifayətlənmir, eyni zamanda, lazım olan səviyyədə siyasi gedişlər edir, qonşu dövlətlərlə, xüsusilə də İİR-ə münasibətdə balanslaşdırılmış siyasət yeridir və bu istiqamətdə həm də əməli addımlar atır. Müstəqil Azərbaycan Respublikası İranla bağlı siyasətində həmişə həm imzaladığı sənədlərdə etibarlı tərəfdaş olmuş, həm də mehriban qonşuluq siyasəti yürütmüşdür.
İran İslam Respublikası özünün şimal qonşusu olan SSRİ-yə münasibətində həmişə ehtiyatlı siyasət yürütdüyündən onun dağılmasına da olduqca həssaslıqla və ehtiyatla yanaşdı. Təsadüfi deyil ki, Tehran müəyyən bir müddət öz müstəqilliyini elan etmiş respublikaları tanımaqdan belə çəkindi. Hətta bu ərəfədə Moskvaya səfər etmiş İran rəsmiləri, xüsusilə sabiq xarici işlər naziri Ə.Ə.Vilayəti özünün sovet həmkarına SSRİ sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildirmişdi.
İİR və Azərbaycan Respublikası arasında əlaqələrin inkişafını zəruri edən amillər bunlardır: Qafqaz xalqları içərisində sayına görə azərbaycanlıların üstünlük təşkil etməsi, qarşılıqlı münasibətlərdə bu əhalinin başlıca amil kimi mühüm rol oynaması; Azərbaycan Respublikasının əlverişli geosiyasi mövqeyə malik olması, Transqafqaz yolunun Azərbaycandan keçməsi, onun iqtisadi və siyasi təsir gücünün artması; Azərbaycanın zəngin resurslara malik olması, iqtisadi resursların xalqları və ölkələri bir-birinə yaxınlaşdıran mühüm amil olması.
Vasitəçilik missiyası
İran-Azərbaycan siyasi münasibətlərinin inkişaf edib formalaşmasına çox böyük təsir edən amillərdən biri də Dağlıq Qarabağ münaqişəsinin daha geniş bir miqyasda Ermənistan-Azərbaycan müharibəsinə çevrilməsi idi. Məlum səbəblərə görə, öz dövlət sərhədləri yaxınlığında silahlı münaqişənin güclənməsini istəməyən İran İslam Respublikası 1992-ci ilin əvvəllərindən Dağlıq Qarabağ probleminin həll edilməsi üçün müəyyən vasitəçilik missiyasını icra etmək və bu istiqamətdə müəyyən işlər görməyə cəhdlər etsə də, uğursuzluqla nəticələnmişdir.
İran rəhbərliyi Cənubi Qafqazda gedən hərbi-siyasi prosesləri diqqətlə izləyirdi. 7 may 1992-ci ildə İİR-in sabiq prezidenti H.Rəfsancaninin vasitəçiliyi ilə Y.Məmmədov və L.Ter-Petrosyan arasında sülh sazişi haqqında danışıqlar aparıldı. Təəssüf ki, bu vasitəçilik uğursuzluqla nətcələndi. Belə ki, bu danışıqların gedişi zamanı təcavüzkar Ermənistan həmin il may ayının 9-da Şuşanı, 19-da isə Laçını işğal etdi. Həmin vaxt İranla Ermənistan arasında 21 maddədən ibarət saziş imzalanmış və Araz çayı üstündə tikilmiş Mehri-Nouduz körpüsünün rəsmi açılış mərasimi keçirilmişdir.
Həmin fəaliyyətlərin nəticəsində 1992-ci il may ayının 5-dən 8-nə qədər Tehranda İran, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə danışıqlar keçirildi. Bu üçtərəfli danışıqlarda ölkə başçıları atəşin dayandırılması, kommunikasiya xətlərinin açılması haqqında məsələləri müzakirə edib Tehran Bəyannaməsini imzaladılar. Həmin sənəd İranın Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilik səylərində dönüş nöqtəsi olmalı idi. Amma bir sıra xarici dövlətlər və regionun müxtəlif siyasi qruplaşmaları İranın Cənubi Qafqazda nüfuzunun artması və möhkəmlənməsini özlərinin bu regionda mənafelərinə zərər gətirəcək təsirli bir amil kimi gördükləri üçün həmin bəyannamənin uğursuzluqla nəticələnməsi üçün fəaliyyətə başladılar. Nəticədə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Y.Məmmədov hələ Tehran aeroportunda olarkən məlum oldu ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağda Şuşa şəhərini işğal etmişlər. Beləliklə, aydın oldu ki, Tehran Bəyannaməsinin heç bir əhəmiyyəti yoxdur. İran İslam Respublikasının göstərdiyi vasitəçilik cəhdləri iflasa uğradı. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasında İran tərəfinin verdiyi bəyanatlar təsirsiz qaldı.
Lakin bütün səylərə baxmayaraq, İranın vasitəçilik missiyası Dağlıq Qarabağ probleminin həlli yolunda uğur qazana bilmədi. Çünki birincisi, Ermənistan tərəfi heç vaxt İranın vasitəçiliyini ciddi qəbul etmədi. İkincisi, İranın Qafqaz regionunda nüfuzunun artması ABŞ və Rusiyanın bölgədə mövqelərinin itirilməsi ilə nəticələnə bilərdi. Məhz elə bu səbəbdən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanmasında İranın göstərdiyi vasitəçilik səyləri və bu sahədə fəaliyyəti uğur qazana bilmirdi. Belə ki, İranın regionda nüfuzunun artmasında nə Qərb ölkələri, nə də Rusiya maraqlı deyildilər. Faktiki olaraq Qərb dövlətləri və Rusiya Ermənistanı dəstəkləyirdilər. (ardı var)
Sübhan Talıblı,
Tarix üzrə fəlsəfə doktoru, dosent