İran Hörmüzlə bağlı çətin seçim qarşısında

İranın Hörmüz boğazını bağlamağa çalışdığı barədə məlumatlar var. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) radio rabitəsi vasitəsilə gəmilərin Hörmüz boğazını keçməsinin qadağan edildiyini elan edib və boğazı bağlayıb. Bundan əvvəl iri neft şirkətlərinin Hörmüz boğazı vasitəsilə xam neft, yanacaq və mayeləşdirilmiş təbii qaz tədarükünü dayandırdığı barədə məlumatlar yayılıb. Lakin hələlik İran ali rəhbərliyi səviyyəsində boğazın bağlandığı barədə rəsmi bəyanat verilməyib.

Məsələ ondadır ki, Hörmüz boğazının bağlanması İranın özü üçün də ciddi zərbə ola bilər. Qlobal neft istehlakının təxminən 20%-i və mayeləşdirilmiş təbii qazın 20%-i bu boğazdan keçir. Boğazdan gündə təxminən 17-19 milyon barrel neft daşınır. Onun bağlanması regiondakı bütün neft və qaz istehsalçılarını (Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İraq, Qətər) və ən əsası bütün qlobal istehlakçıları (Avropa, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və s.) narahat edir, çətin vəziyyətdə qoyur. Bu, həm də İranın böyük maliyyə vəsaitlərindən məhrum olması deməkdir.

İranın Hörmüz boğazının bütün döngəsi boyunca sahil xətti var. Bu ərazidəki Əbu Musa və Böyük Tunb adalarında raket batareyaları, kiçik qayıqlardan ibarət donanma və sualtı qayıqlar var. İran buradan boğazı minalamağa və tankerlərə dronlarla hücum etməyə cəhd edə bilər. Bir neçə tankeri yandırmaq boğazdan keçən nəqliyyatın dayandırılması üçün kifayət edərdi.

Lakin ABŞ və İsrail hərbi strateqlərinin bu təhlükəni nəzərə almaması mümkünsüz görünür. Ona görə də, qarşı tərəfin daha üstün hərbi qüvvəyə malik olduğu nəzərə alınsa, boğazı uzun müddətə bağlamaq üçün edilən hər hansı bir cəhdin uğursuzluğa düçar olma ehtimalı yüksəkdir.

Üstəlik, İranın özü hücumlara qarşı olduqca həssasdır. Mütəxəssislər bildirir ki, əgər İran boğazı bağlayıb tankerləri batırsa, neft və qaz nəqlini əngəlləsə, onun özünün neft-qaz infrastrukturuna ağır zərbələr endirilə bilər. Onların fikrincə, İrana cavab zərbəsi üçün potensial hədəflər isə çoxdan hazırdır:

1. İranın Xarq adasındakı ən böyük neft terminalı. İranın bütün neft və neft məhsulları ixracının təxminən 90%-ni bu terminal idarə edir. Bura dünyanın ən böyük neft tankerlərini qəbul edə bilən azsaylı neft terminallarından biridir. Müxtəlif tonnajlı doqquz tanker eyni vaxtda bu terminalda lövbər sala bilər. Xarq adasındakı neft anbarları istehlakçılara gündəlik 10 milyon barreldən çox neft göndərməyə imkan verir.

2. Kenqan Qaz Emalı Zavodu. İran dünyanın ən böyük qaz istehlakçılarından biri olaraq qalır. Ölkədəki bütün elektrik enerjisinin üçdə ikisi onun vasitəsilə istehsal olunur. Bu resursun İran üçün böyük əhəmiyyətinə baxmayaraq, ölkədə yalnız Kenqan şəhərində yerləşən bir emal zavodu var. Bu zavod sıradan çıxsa, İran bir neçə gün ərzində özünü minimal elektrik enerjisi ilə belə təmin etmək qabiliyyətini itirəcək.

3. Bəndər Abbasdakı Şəhid Rəcai limanı. İranın okeanlara çıxışını təmin edən yeganə dərin su limanı olan bu liman bütün İran idxalının və ixracının təxminən 40%-ni təmin edir. Bunun böyük hissəsi Tehran da daxil olmaqla mərkəzi İrana gedir. Onun sıradan çıxması ölkəni qida, sənaye malları və avadanlıqların təchizatında görünməmiş çətinliklər yaradar.

Göründüyü kimi, İranın manevr imkanları getdikcə daralır və təkcə bu 3 hədəfin vurulması İranın Hörmüz boğazını real olaraq uzun müddətə bağlamaq planlarına ağır və sarsıdıcı cavab ola bilər.

 

“AzPolitika.info”