İordaniyada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

İordaniyanın paytaxtı Əmmanda yerləşən Yeni Bədr rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan küçənin üzərindəki İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Əmman şəhər böyük bələdiyyəsinin nümayəndələri və Yeni Bədr bələdiyyəsinin rəhbər heyəti, eləcə də İordaniyada Azərbaycan Respublikası Universitet və İnstitutlarının Məzunları Klubunun İdarə Heyətinin sədri və üzvləri, ictimaiyyət nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçəyə və dostluq rəmzi olan dairəyə davamlı diqqət və maraq göstərdiklərinə görə İordaniya rəsmilərinə dərin təşəkkürünü bildirib, dövlətlərimizin liderlərini birləşdirən dostluq əlaqələrini əziz tutduğumuzu xüsusi qeyd edib.

Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən səfir Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, müasir Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi də məhz Heydər Əliyevin müdrik siyasətinin bəhrəsidir. Səfir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən də ətraflı bəhs edib.

Sonra İordaniya ilə Azərbaycan arasında dostluğun rəmzi olan dairənin yerləşdiyi yaşıllıq ərazidə şam ağacları əkilib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə