Mayın 29-da İordaniyanın paytaxtı Əmmanda yerləşən “Grand Hyatt” mehmanxanasının konfrans zalında 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əksər ölkələrin İordaniyada akkreditə olunmuş diplomatik missiya rəhbərləri və diplomatlarının, eləcə də bu ölkənin mənzil inşaatı və ictimai əmək naziri Yəhyə əl-Kəsbinin, ölkədə böyük nüfuz sahibi olan, sabiq Baş nazir Əbdülrauf ər-Ravabidehin, Nümayəndələr Palatasında Asiya və Okeaniya ölkələri ilə dostluq assosiasiyasının rəhbəri və üzvlərinin, Palatanın Xarici Əlaqələr Komitəsinin sədri və üzvlərinin, senatorların, İordaniya İş Adamları Assosiasiyasının sədri və təmsilçilərinin, digər hökumət nümayəndələrinin, habelə rəsmi “Petra” agentliyinin, “əl-Ğad” və “əl-Ənbat” rəsmi qəzetlərinin, elektron xəbər resurslarının redaktor və jurnalistlərinin, Azərbaycan diasporunun nümayəndələrinin qatıldıqları tədbir İordaniya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən səfir Eldar Səlimov 1918-ci il mayın 28-də Azərbaycan ziyalılarının Şərqdə ilk demokratik respublika yaratdıqları barədə məlumat verib, cəmi 23 ay yaşamış bu gənc dövlətin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.
Sovet İttifaqının süqutu ərəfəsində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın fiziki məhv təhlükəsi ilə yenidən üz-üzə qaldığını xüsusi qeyd edən səfir vurğulayıb ki, həqiqi müstəqilliyimizin bərqərar olması məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb, O, Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi uğurlu siyasi kursun bəhrələri üzərində ətraflı dayanıb. Səfir E.Səlimov həmin bəhrələrin ən parlağının məhz ikinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər olduğuna diqqət çəkərək, bu gün azad edilmiş torpaqlarımızda geniş bərpa-tikinti işlərinin aparıldığını söyləyib.
Dost İordaniya ilə ikitərəfli əlaqələrdən danışan diplomatımız bu əlaqələrin möhkəm təməlinin məhz ulu öndər Heydər Əliyev və Kral Əl-Hüseyn ibn Talanın Kasablanka Zirvə görüşündəki tarixi görüşündə qoyulduğunu, bu gün həmin əlaqələrin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olduğunu diqqətə çatdırıb.
Sonda səfir E.Səlimov Azərbaycanın təkcə regionda deyil, beynəlxalq aləmdə də müstəqil daxili və xarici siyasət yeritdiyini, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyən edilmiş və düşünülmüş, müdrik çoxşaxəli siyasət nəticəsində xalqımızın qanı bahasına qazanılmış müstəqilliyin əbədi olacağını əminliklə deməyə əsas verdiyini vurğulayıb və “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı” şüarlarını səsləndirib.
Tədbirdə əsas qonaq qismində iştirak edən Nazirlər Kabineti işləri üzrə dövlət naziri İbrahim əl-Cazi çıxışında Azərbaycan Prezidenti İlham Əliyevi və qardaş Azərbaycan xalqını bu mötəbər tarixi gün münasibətilə İordaniya hökuməti adından təbrik edib, ən xoş arzularını çatdırıb, qardaş ölkəmizə müdrik dövlətimizin başçısının rəhbərliyi altında yeni böyük uğurlar, sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Ziyafətdə Müstəqillik Gününə, Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına və “TEKNOFEST Azərbaycan” haqqında videoçarxlar nümayiş etdirilib.