Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iordaniyalı məzunu, krallığın Ətraf Mühit Nazirliyinin Baş katibi Məhəmməd Xaşəşneh, həmçinin “İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubu”nun İdarə Heyətinin digər üzvləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, səfir “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalını M.Xaşəşnehə təqdim edib, O, ölkəmizdə təhsil almış məzunların iki ölkə arasında əlaqələrin qurulması və inkişafına töhfələrini qeyd edib.
M.Xaşəşneh ADNSU-də aldığı təhsilin onun gələcək karyerasında böyük rol oynadığını diqqətə çatdırıb. Baş katib deyib ki, o, Azərbaycanda tələbə olması ilə həmişə fəxr edib.
Digər tədbir iştirakçıları Azərbaycanda təhsilin hər zaman yüksək səviyyədə olduğunu bildirərək, ölkəmizin ali təhsil müəssisələrində oxumaq niyyətində olan İordaniya gənclərinin sayının çox olduğuna diqqət çəkiblər. Müstəqillik dövründə ikinci vətənləri olan Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan qonaqlar, həmçinin Azərbaycanla bağlı xoş xatirələrini bölüşüb, xalqımızın qonaqpərvərliyini daim əziz tutduqlarını və ölkəmizin əsrarəngiz təbiətinin cazibədarlığını xüsusi qeyd ediblər.