İordaniyanın “Nəbd əl Balad”, “Şaab”, “Cohina” və “Əl Ənbat” qəzetlərində “Azərbaycan Ermənistanın yeni təcavüzünün qarşısını aldı” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi, iordaniyalı jurnalist Mərvan Suda Ermənistanın Azərbaycanla sərhəddə təxribatları barədə məlumat verib, Ordumuzun erməni silahlı qüvvələrinin hücumlarının qarşısını qətiyyətlə aldığını diqqətə çatdırıb. O vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Elektron Media Birliyi bu təxribatı pisləyən bəyanatlar yayıblar.
Yazıda qeyd olunub ki, Azərbaycanın dayanıqlı sülh və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi səylərin fonunda Ermənistanın yeni təxribatlar törətməsi ciddi narahatlıq doğurur və danışıqlar prosesinə zərbə vurur. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, bu insidentə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür.
Məqalənin sonunda Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması istiqamətində döyüşlərdə şəhid olmuş azərbaycanlı əsgərlərin ailələrinə, Azərbaycan dövlətinə və xalqına başsağlığı verilir.