İordaniya mətbuatında Şuşa haqqında məqalələr yayımlanıb

İordaniyanın “Orobanews” portalında Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovun Şuşa haqqında məqalələri yayımlanıb.

AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycanın mədəniyyət paytaxtı və Qafqazın incisi Şuşa şəhərinin tarixindən, onun dünya mədəniyyətinə bəxş etdiyi görkəmli ədib və bəstəkarlardan bəhs olunub. Müəllif qeyd edib ki, təkcə XIX əsrdə 95 şair, 22 musiqiçi, 38 müğənni, 5 astronom alim, 18 heykəltaraş və 16 tanınmış həkimin yurdu olan bu qədim şəhər regionda elm, mədəniyyət və təhsil mərkəzi olub.

Məqalədə böyük fransız yazıçısı Aleksandr Dümanın Qarabağ xanının qızı, görkəmli şair Xurşidbanu Natəvanla görüşü, Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ilin fevralında Belçikanın Vaterlo şəhərində Natəvanın abidəsinin açılışı, Qarabağda abidələrə qarşı vandallıq edən ermənilərin bu heykəllə bağlı törətdikləri təxribat barədə də məlumat verilib.

Müəllif vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib və bu çərçivədə mötəbər beynəlxalq tədbirlər təşkil olunur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə