İordaniya mətbuatı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı və ikitərəfli əlaqələrin inkişafından yazıb
İordaniyanın “Əl Ənbat”, “Cohina”, “Şaab” qəzetlərində, həmçinin Əlcəzairin “Əl Hərir” portalında Qoşulmama Hərəkatının Bakı konfransı və İordaniya-Azərbaycan əlaqələrinin inkişafı barədə silsilə məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalələrin müəllifi iordaniyalı akademik Mərvan Suda Bakı konfransının əhəmiyyətindən bəhs edib, bu mötəbər tədbir çərçivəsində İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əbdülkərim Feysəl Deyfullah əd-Duğmi və Senatın sədri Feysəl Akif əl-Fayezin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov və xarici işlər naziri Ceyhun Bayramovla keçirdikləri görüşlərdə müzakirə olunan məsələləri diqqətə çatdırıb. O qeyd edib ki, İordaniya parlamentinin hər iki palatasının sədrləri ölkəmizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ilə bağlı təşəbbüsünün və Bakı konfransı çərçivəsində müzakirə olunan məsələlərin vacibliyindən danışıblar, eyni zamanda, İordaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd ediblər. Onlar dövlətlərarası əlaqələrin möhkəmlənməsində İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasındakı dostluq münasibətlərinin rolunu vurğulayıblar.
Yazılarda bildirilib ki, Baş nazir Əli Əsədovla görüşdə Azərbaycan ilə İordaniya arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Müəllif vurğulayıb ki, gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək və bu münasibətlə təşkil olunacaq tədbirlərin böyük əhəmiyyətə malikdir.