İordaniya mətbuatı Azərbaycanla turizm əlaqələrinin inkişafından yazıb

İordaniyanın “Əl Ənbat” və “Cohina” qəzetlərində bu ölkənin Azərbaycanla turizm sektorunda əməkdaşlığının perspektivlərindən bəhs edən məqalə dərc olunub.

İordaniyalı akademik Mərvan Sudanın müəllifi olduğu məqalədə qeyd olunub ki, bu yaxınlarda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşehin və İordaniya Turizm Bürosunun marketinq direktoru Ahmad Alhamud arasında baş tutan işgüzar görüş haqqında xəbər yayımlayıb. Bu görüşdə iki dost ölkə arasında turizm əlaqələrinin inkişafı, qarşılıqlı turistik səfərlərin sayının artırılması, turizm şirkətləri ilə B2B formatlı görüşlərin keçirilməsi məsələləri müzakirə olunub.

Məqalədə diqqətə çatdırılıb ki, tərəflər iki ölkənin turizm təşkilatları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, şirkətlər üçün tanışlıq məqsədli infoturların təşkili, bu sahədə təcrübə mübadiləsinin aparılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov qeyd edib ki, Krallıq tarixiliyi və memarlığı baxımından cəlbedici turizm istiqaməti olaraq azərbaycanlı turistlər üçün maraqlıdır. O bildirib ki, Assosiasiya Krallıq ilə turizm sahəsində əlaqələrin inkişafına dəstək göstərməyə hazırdır. Assosiasiya rəhbəri birgə əməkdaşlıq çərçivəsində yaxın dövr üçün İordaniyadan Azərbaycana səfər edən turistlərin sayının artacağına ümid etdiyini vurğulayıb.

İordaniya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, səfir Sami Asem Ğoşehin ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlığa maraq göstərdiyini və bu istiqamətdə birgə fəaliyyətə hazır olduqlarını bildirib. Səfir istirahət, dini və müalicəvi turizm baxımından İordaniyanın geniş imkanlara sahib olduğunu qeyd edib. Sami Asem Ğoşehin birbaşa uçuşların təşkilinin vacibliyinə də toxunaraq bunun iki ölkənin turizminə gələcəkdə müsbət təsir edəcəyini deyib.