İnsanlıq, sülh və sağlam gələcək naminə: Regional əməkdaşlığın humanist ölçüsü

4 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində səsləndirdiyi fikirlər, dərin humanist və sosial məna daşıyır. Bir həkim olaraq bu çıxışı dinləyərkən mən onu yalnız diplomatik uğur kimi deyil, insan həyatına, rifahına və sağlam gələcəyinə xidmət edən mühüm bir çağırış kimi qiymətləndirdim.

Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafatın mahiyyəti insan ləyaqətinin qorunması, xalqlar arasında etimadın möhkəmləndirilməsi və sülhün təşviqi üzərində qurulub. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın son illərdə yalnız öz milli maraqları çərçivəsində deyil, regional və qlobal sülhə verdiyi töhfələrin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.

Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri ondan ibarət idi ki, sülh yalnız iki ölkə arasında münasibətlərin normallaşması demək deyil. Sülh, insanların daha təhlükəsiz yaşaması, uşaqların qorxu olmadan böyüməsi, cəmiyyətlərin sosial və psixoloji sağlamlığının bərpası deməkdir. Uzunmüddətli münaqişələr yalnız siyasi və iqtisadi itkilərlə deyil, eyni zamanda ağır psixoloji travmalar, ictimai sağlamlıq problemləri ilə müşayiət olunur. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımların region üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir həkim kimi xüsusilə qeyd etmək istəyirəm.

Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay ərzində tərəflər arasında əməkdaşlıq və qarşılıqlı etimadın artması sülhün real və davamlı ola biləcəyini göstərdi. Bu proses çərçivəsində Azərbaycanın humanist yanaşması, nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistan üçün iqtisadi və enerji imkanlarının açılması, düşmənçilikdən əməkdaşlığa keçidin mümkünlüyünü sübut etdi. Bu addımların hər biri birbaşa olmasa da, insanların gündəlik həyatına, sosial rifahına və sağlamlıq imkanlarına müsbət təsir göstərir.

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Azərbaycan–Ermənistan sülh prosesinə verdiyi töhfəyə görə minnətdarlıq ifadə etməsi də beynəlxalq əməkdaşlığın əhəmiyyətini ön plana çıxarır. Qlobal problemlərin – münaqişələrin, humanitar böhranların, miqrasiya və sağlamlıq risklərinin həlli yalnız bir ölkənin səyi ilə mümkün deyil. Bu, birgə məsuliyyət və ortaq iradə tələb edir.

Tibbi sahədə çalışan bir mütəxəssis kimi mən yaxşı bilirəm ki, müharibə və uzunmüddətli qarşıdurmaların ən ağır yükünü məhz insanlar daşıyır. Sülh isə xəstəxanalarda daha az travma, cəmiyyətlərdə daha az stress, uşaqlarda daha sağlam psixoloji inkişaf deməkdir. Bu mənada Prezident İlham Əliyevin “uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür” fikri təkcə siyasi bəyanat deyil, insanlığa ünvanlanmış ümid mesajıdır.

Nəticə olaraq demək olar ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması Azərbaycanın regional sülhə verdiyi töhfələrin və humanist dəyərlərə sadiqliyinin simvoludur. Bu yanaşma gələcək nəsillər üçün daha sağlam, təhlükəsiz və firavan bir regionun formalaşmasına xidmət edir. Bir həkim və bir vətəndaş olaraq mən inanıram ki, sülh ən böyük müalicədir, və bu istiqamətdə atılan hər addım insan həyatının qorunmasına yönəlmiş ən dəyərli töhfədir.

Arzu Hacı-zadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini