Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi və Mingəçevir Tibb kollecinin təşkilatçılığı ilə regionda ilk dəfə olaraq “İLK TİBBİ YARDIM HƏYAT XİLAS EDİR” mövzusunda maarifləndirici təlim keçirilib.
Dekabr ayının 2-də Mingəçevir ASAN XİDMƏT mərkəzinin qarşısında keçirilən tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidməti rəisinin müavini Qulu Xəlilov, kollecin direktoru Fikrət Zeynalov, müəllimlər və tələbələr, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.
Təlimin keçirilməsinə Mingəçevir şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, şəhər polis şöbəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Mingəçevir ASAN Xidmət mərkəzinin rəhbərliyi və əməkdaşları tərəfindəın dəstək göstərilib.
Tədbirin aparıcıları, Mələk Qurbanova və Hüseyn Mustafa ilk olaraq noyabr ayının 8-də üç illiyini fərəhlə qeyd etdiyimiz Zəfər Gününü dövlətimizə, xaqlqımıza bəxş edən Milli Ordumuzun qəhrəman əsgər və zabitlərinin, şəhidlərimizin, qazilərimizin fədakarlıqlarından danışaraq bu qələbədə xidməti olan hər bir vətəndaşa, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Noyabr ayının 11-də nur şəhərinin, günbəgün gözəlləşən Mingəçevirin 75 illiyinin də yüksək səviyydə keçirilməsindən danışan gənc tələbələr dövlətimizə tərəqqi və inkişaf, xalqımıza, vətəndaşlara sağlamlıq və yenə də sağlamlıq arzuladılar. Kollecin tələbələri Bahar İsmayılova, Azadə Hüseynova, Cəmil Əzizli, Xanım Əliyeva, Yaxşı Mustafayeva, Qumral Cahangirova 1-3 yaşlı uşaqlara, 3-8 yaşlı uşaqlara və 8 yaşdan yuxarı insanlara bədbəxt hadisə, suda boğulma və digər hadisələr zamanı zərərçəkmişlərə göstərilən ilk tibbi yardımı, təməl həyat dəstəyini canlı olaraq nümayiş etdirdilər. Tələbələrin göstərdiyi ürəyin qapalı masajı, süni tənəffüs vermə və digər ilk yardımı az müddət ərzində mənimsəyən tədbir iştirakçıları öyrəndiklərini təqdim edərək hədiyyə əldə ediblər. Kollecin tələbələrinin təqdim etdiyi rəqs nümunələri, mahnı sovqatı, digər kompozisiyalar alqışlarla qarşılandı.
Sonda tələbələrin hazırladığı fləşmob tədbir işçilərində xoş ovqat yaratdı. Tədbir zamanı arzu edənlərin qan təzyiqi, qanda oksigenin miqdarı- saturasiyası da ölçülüb.
Qeyd edək ki, tədbir zamanı kollecin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi də təşkil olunmuşdu və bu sərgidən əldə edilən vəsait Mingəçevir Uşaq nevroloji sanatoriyasında müalicə olunan, böyüyən uşaqların yeni il bayramı üçün hədiyyəsi olacaq.
Esmira Hidayətova,
Mingəçevir