İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir

Türkiyənin Muş Alparslan Universitetinin rektoru, professor Fethi Ahmet Polat Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.
Aİİ rektoru Aqil Şirinov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
İnstitut rəhbəri, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşiliklər barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda həmin ərazilərdə abadlaşdırma və yenidənqurma işləri həyata keçirilir.
Ali təhsil müəssisəsinin rektoru A.Şirinov, həmçinin 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstək üçün Türkiyə xalqına dərin minnətdarlığını bildirib.
Türkiyənin Muş Alparslan Universitetinin rektoru, professor Fethi Ahmet Polat təşəkkürünü bildirərək, İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb.
Daha sonra iki ali təhsil müəssisəsi arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Protokolu imzalanıb.
Ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq, elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan Protokolu Aİİ-nin rektoru, dosent Aqil Şirinov və Muş Alparslan Universitetinin rektoru, professor Fethi Ahmet Polat imzalayıblar.
Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.